Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məqsəd müstəqil Azərbaycanı inkişaf etmiş cəmiyyətə çevirməkdir

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respubli­kasının müstəqil sosial-iqtisadi inkişaf proqramını böyük uzaqgörənliklə formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin bünövrəsini qoymuşdur.

Siyasi müstəqilliyin və onun iqtisadiyyat cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı 18 ildir ki, ulu öndərin layiqli varisi cənab İlham Əliyevin əlindədir. Əminliklə vur­ğulamaq lazımdır ki, Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

Prezident İlham Əliyev öz üzərinə düşən tarixi missiyanı böyük həssaslıqla dəyərləndirərək, ölkənin strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmış proqram sənədləri ilə müəyyən etdi. Əslində, MDB məkanında ilk dəfə olaraq sosial-iqtisadi inkişafı müasir prinsiplər əsasında tərtib edilmiş Dövlət Proqramları ilə tənzimləyərək, ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin təmin olun­masına doğru istiqamətləndirdi. İqtisadi potensialın ildən-ilə güclənməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşması, iqtisa­di-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə hesabla­nan məqsədyönlü dövlət proqram­larının ana xəttini təşkil edir.

17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında o, proq­ram xarakterli bəyanatla çıxış etdi: “Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq”.

İlham Əliyevin ardıcıl ola­raq yeritdiyi qlobal və milli dəyərlərə əsaslanan strateji kurs, məqsədyönlü və çevik islahat­lar ölkənin qısa müddət ərzində keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə qədəm qoy­masına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkə regionda və bütün dünyada lider dövlətə çev­rilmişdir. İqtisadi artım sürətinin, yəni ümumi daxili məhsul isteh­salının artım sürətinin yüksək olması buna bariz nümunədir. İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilərə malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl şəkildə bir-birini tamamla­yır, coğrafiyasını genişləndirir.

Ötən illərdə Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionla­rın davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sek­torunun inkişafı istiqamətində görülən işlərdir. Ölkə regionlarının inkişafına xüsusi önəm verən İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inki­şafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) həyata keçirilməsi ölkə regionlarının kompleks inkişafına, o cümlədən, infrast­ruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılması­na, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur.

İnformasiya cəmiyyəti ad­lanan müasir cəmiyyətdə elmi-texniki tərəqqinin nailiyyətləri əsasında istehsal prosesinin bütün həlqələrində texnoloji istehsal üsulunun transformasi­yası baş verir, ölkələrdə iqtisadiy­yatın strukturu, iqtisadi inkişafın xarakteri, həyat tərzi, dəyərlər sistemi və motivasiya keyfiyyətcə yeniləşir, “ictimai tərəqqi” anla­yışı və onun meyarları haqqın­da təsəvvürlər dəyişir. Təcrübə göstərir ki, yeni modernləşmə müasir iqtisadi sistemlərin daya­nıqlı inkişafının həlledici amili­dir. Tanınmış ingilis iqtisadçısı Braynan Tvissin qeyd etdiyi kimi, müasir dövrdə “mütəxəssislər öz səylərini gələcəkdə meydana çıxacaq ehtiyacların ödənilməsinə yönəltməlidirlər, diqqət yeni vəzifələrin həlli üçün yeni texnolo­giyanın tətbiqi yollarının tapılması­na yönəldilməlidir”.

“Sənaye potensialının artı­mı bizim prioritet məqsədimiz olmalıdır”, - deyən İlham Əliyev ən qabaqcıl texnologiyala­rın Azərbaycana gətirilməsi məsələsini bütün kəskinliyi ilə qarşıya qoymuşdur. Bu resurs amillərinə əsaslanan iqtisadiyyat­dan, qlobal proseslərin tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata keçilməsi üçün ol­duqca vacibdir. Prezidentin təkidlə tələb etdiyi bir mühüm məsələnin - iqtisadiyyatın neft amillərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.

Prezident İlham Əliyev qətiyyətlə vurğulayır: “Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çe­viririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.

Azərbaycan bu əsrdə inkişaf etmək üçün bütün təbii imkan­lara malikdir. Ölkə başçısı və Azərbaycan hökuməti ölkənin dinamik və sürətli inkişafı üçün yaradıcı, məqsədli və sistemli siyasət aparır. Problemləri ardıcıl olaraq aradan qaldırmaq, yaxşı ənənələri inkişaf etdirməyə imkan verən və hesablanmış risklərin əvəzində stimullaşdırıcı bir mühit yaratmaq qarşıya məqsəd olaraq qoyulmuşdur. Bununla belə, bu gələcək uğurun əsas elementləri - yeni ideyalar yaratmaq və bu ide­yaları ölkənin innovativ və uğurlu məhsulları, xidmətləri və yeni tipli şirkətləri timsalında həyata keçirmək bacarığından asılıdır.

Bu, öz gücünə əmin olan, yeni imkanları tədqiq etmək və uğur­la həyata keçirmək istəyən yeni azərbaycanlı nəslini yetişdirmək üçün Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədin bilavasitə təsdiqidir. Bu strategiya alimlərimizin, tədqiqatçılarımızın və sahibkarlarımızın birgə səyləri nəticəsində elm və texnologiyalar­da mükəmməlliyə nail olmaq, daha yüksək keyfiyyətli işçi qüvvəsi ya­ratmaq və yeni ideyalardan istehsal kommersiya məqsədləri üçün istifadə olunduqda tam həcmdə yerinə yetiriləcəkdir.

İnnovasiya təkcə yeni və yüksək texnologiyalaşdırılmış sənaye sahələrindən ibarət deyil, o, həm də bizim kənd təsərrüfatı, yüngül sənaye və hasilat sənayesi kimi ənənəvi sahələrimizin də in­kişafı üçün əsasdır. Burada vacib məsələlərdən biri də özəl sekto­run elm, təhsil və tədqiqat insti­tutlarının innovasiya sahəsində öhdəliklər qəbul etmələri və hökumətin bu sahədə nəzərdə tutduğu proqramların həyata keçirilməsində və qarşıya qoydu­ğu məqsədlərə çatmasında ona yardımçı olmasıdır.

Prezident İlham Əliyev keçid dövrünün başa çatdığını elan etməklə inkişafda yeni mərhələnin başlandığını və keçən onilliklərdə problemlərin həlli üçün istifadə edilən üsul və yanaşmaların bu yeni, bilik və imkanlar mərhələsi üçün kifayət olmadığını göstərdi. Artıq qloballaşma erasında özünü qabarıq biruzə verən fakt insan və intellektual resursların, inkişafın ənənəvi dəyərləri – torpaq, əmək və kapital ehtiyatlarından önə keçməsidir. Ona görə də müasir inkişaf mərhələsində yaradıcılıq, işgüzarlıq, sahibkarlıq və digər in­novativ amillər əsas götürülməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli fərmanı ilə yaradılmış “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişa­fı Fondu” innovativ fəaliyyətləri daha da stimullaşdıracaq. Azərbaycanda təmin edilən yüksək iqtisadi artım, işsizliyin və yoxsulluğun azalması, islahatların yüksək sürətlə aparılması təbii olaraq əlverişli sahibkarlıq mü­hiti ilə müşayiət olunur ki, bu da düzgün makro-iqtisadi siyasətin həyata keçirilməsinin nəticəsidir.

2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və təqdim etdi. Dünya İqtisadi Forumu tərəfindən açıqlanan “Qlobal Rəqabət He­sabatı 2009-2010” adlı sənədlə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinin qənaətbəxş olduğu qeyd edilir. Dünyanın 133 ölkəsini, o cümlədən, postsovet dövlətlərini əhatə edən hesabatdan aydın olur ki, azad rəqabət şəraitinin yara­dılması baxımından Azərbaycan yenə də seçilənlər sırasında yer alıb. Elə bunun nəticəsidir ki, qlo­bal rəqabətlik indeksinə əsasən, ölkəmiz 2008-ci illə müqayisədə 18 pillə irəliləyib.

İlham Əliyevin siyasətinin ən mühüm istiqamətlərindən biri Azərbaycanın dünya iqti­sadi tempinə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrin genişləndirilməsi sahəsində görülən genişmiqyaslı tədbirlərdir. Hazırda Azərbaycan dünyanın 140-a yaxın ölkəsi ilə qarşılıqlı ticarət əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır.

Azərbaycan mövcud təbii sərvətlərdən istifadə etməklə iqtisadi infrastrukturunu dünya standartları səviyyəsində qura­raq qloballaşan dünyanın enerji təchizatının ödənməsi prosesində xüsusi əhəmiyyət kəsb edir. Qlo­bal əhəmiyyətli iqtisadi layihələr olan TRASECA, Bakı-Tbilisi-Cey­han, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin reallaşması və Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikilməsi, “Şahdəniz” qaz yatağının işə düşməsi ölkəmizin nüfuzunu bütün dünyada artırır.

Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev demişdir:“Biz bölgədə aparıcı dövlətə çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız, bizim işlərimiz bütün bölgəyə öz təsirini göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bizim imkanları­mız daha da artsın, siyasi çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə nail ola bilək, öz doğma torpaqlarımızı işğalçılar­dan azad edə bilək və Azərbaycan xalqının normal, yaxşı yaşamasını təmin edə bilək. Bunu etmək üçün Azərbaycan güclənməlidir. Bu proses artıq baş verir”.

Hörmətli Prezidentimizin önə çəkdiyi “İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” ideyası, əslində, Azərbaycanın uzunmüddətli inkişaf stra­tegiyasıdır və bütün dövlət-təşkilatçılıq tədbirləri həmin strategiyanın həyata keçirilməsinə yönəldilmişdir. İlham Əliyevin baş­çılığı ilə həyata keçirilən tarazlaş­dırıcı siyasət nəticəsində daim ar­tan iqtisadi potensial Azərbaycana müstəqil siyasət yeridir, heç bir xarici təsirlərə boyun əymir.

Bu illərdə Azərbaycan, xüsusən, karbohidrogen ehtiyat­larının dünya bazarlarına çıxarıl­ması məsələsində, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməsi, Naxçıvan-Qars dəmiryolunun inşasına qərar verilməsində tam müstəqil siyasi kurs yürüdüb. Dövlət başçısı İlham Əliyev ölkəmizin Avrasiya məkanının mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi, rabitə sisteminin, informasiya texnologiyalarının sürətli inkişafı üçün də nəhəng işlər görür.

İlham Əliyevin prezidentlik fəaliyyətinin ali qayəsi informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq “neft kapitalının insan kapi­talına” çevrilməsini təmin etmək, ölkədə mövcud olan zəngin insan potensialını inkişaf etdirməkdir. “Biz çalışırıq, səhiyyə, xüsusilə, təhsillə bağlı məsələlərə böyük diqqət yetirək ki, bizim gənclərimiz bilikli olsunlar, həyatda öz yerini tuta bilsinlər, sağlam böyüsünlər və ölkənin inkişafında fəal iştirak etsinlər”.

Bu məqsədin həyata keçirilməsi üçün elm və bütövlükdə, sosial sahənin inkişafına, ölkəmizdə təhsil və səhiyyə ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulma­sına xüsusi diqqət yetirilir. Onun prezidentliyi dövründə yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bu sərəncama əsasən minlərlə gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə etmişdir.

İlham Əliyevin prezidentliyi dövründə dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, ordu­nun müdafiə qabiliyyətinin müasir standartlar səviyyəsinə çatdırılma­sı istiqamətində xüsusən radikal addımlar atılmış, bu sahəyə ayrılan dövlət investisiya xərcləri ildən-ilə artırılmışdır. 30 il işğal altında olmuş doğma Qarabağın azad edilməsi Azərbaycanın sosi­al-iqtisadi gücünü və beynəlxalq nüfuzunu kifayət qədər artırmışdır.

Dövlət başçısı respublikanın sosial-iqtisadi inkişafı ilə para­lel aparılan demokratikləşmə proseslərini də Azərbaycanın gələcək yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanın daxili və xarici siyasəti yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir”.

Dünyamalı VƏLİYEV,

 iqtisad üzrə elmlər doktoru,

AMEA Şərqşunaslıq İnstitutunun “Mərkəzi Asiya ölkələri” şöbəsinin müdiri

 

5 Dekabr 2021 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə