Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsünə şahidlik etdi

Məlum olduğu kimi, noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında QH-nin Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru sayılır.

İndiyə qədər buna bənzər yalnız bir təşkilat vardı ki, o da mötəbər elmi-eks­pert mərkəzlərinin yerinə yetirdiyi texno­logiyaların Avropa parlament şəbəkəsi idi. Yəni bir qitədə sahəvi bir qurum idi. Yeni təşkilat isə bütün dünyada üzv dövlətlərin sayına görə ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının tərkibində yaranan qlobal bir qurumdur.

İlkin olaraq vurğulamaq lazımdır ki, bu fakt cari ildə Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın 2019-cu ildən başlanan sədrlik müddətini daha bir il – 2023-cü ilin sonuna qədər uzatmasının son dərəcə doğru qərar olduğunu bir daha təsdiqlədi. Görünən odur ki, beynəlxalq aləm cənab İlham Əliyevin güclü idarəetmə qabiliyyətinə malik, qlobal düşüncəli, davamlı qu­ruculuq və modernləşdirməyə meyilli, konstruktiv mövqeli bir rəhbər olduğunu etiraf edir.

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsi təşkilatın tarixində yeni səhifə açacaq və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişafına xidmət edəcək. QH-yə üzv dövlətlərin parlament rəhbərlərinin və deputatlarının – 50-yə yaxın ölkədən 200-dək nümayəndənin iştirakı ilə keçirilmiş təsis iclasına sədrlik edən Milli Məclisinin Sədri Sahibə Qa­farova deyib ki, bu gün QH-nin yaradıl­masından keçən 60 il ərzində araşdırıl­mamış qalan bir ölçünün – əməkdaşlığın parlament ölçüsünün əsası qoyulur. Fərəhli haldır ki, bu, Prezident İlham Əliyevin beynəlxalq aləmdə rəğbət və dəstəklə qarşılanan növbəti qlobal təşəbbüsünün həyata keçirilməsidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 2021-ci il iyulun 13-də QH-nin xarici işlər nazirlərinin konfransında çıxışı zamanı Azərbaycanın QH-yə üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini inki­şaf etdirmək niyyətində olduğunu vurğulamışdı. Həmçinin dövlətimizin başçısı oktyabrın 11-də hərəkatın yaradılmasının 60 illiyinə həsr olunmuş Belqrad yubiley konfransında bu möv­zuya toxunaraq, Azərbaycanın təşkilata üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atdığını bildirmişdi. İndi təşəbbüsün reallaşdırılması 60 il əvvəl Bandunq prinsiplərinə uyğun olaraq, bütün xalq­ların dinc yanaşı yaşamasına və da­vamlı inkişafına töhfə vermək məqsədilə təsis edilmiş Qoşulmama Hərəkatının çoxşaxəli fəaliyyətində faydalı iş əmsalını daha da artıracaq.

İclasda dünya şöhrətli siyasətçi İlham Əliyevin digər qlobal təşəbbüsləri də məmnuniyyətlə xatırlanıb. Qeyd edilib ki, bundan bir qədər əvvəl Qoşulma­ma Hərəkatı adından qurumun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı səmərəli mübarizə aspektindən əməli təşəbbüslər irəli sürmüşdü. Dünya­nı sarmış böhranla əlaqədar Qoşulmama Hərəkatı təmas qrupunun Zirvə toplantı­sının təşkili, pandemiya ilə mübarizədə təşkilata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, koronavirusla bağlı vəziyyətin müzakirəsi üçün BMT Baş Assambleyasının xüsusi sessiya­sının çağırılması, həmçinin BMT-nin İnsan Hüquqları Şurası tərəfindən bütün ölkələr üçün COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi haqqında qətnamənin qəbul edilməsi görülən tədbirlərdən yalnız bir neçə nümunədir. Son olaraq bu il noyabrın 17-də Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assamble­yasının üçüncü komitəsi səs çoxluğu ilə COVID-19 pandemiyasına qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib.

Aşkar həqiqətdir ki, hələ də davam edən koronavirus pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsiri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı ça­ğırışlar bütün dünyada səylərin multi­kulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir. Bəşəriyyətin qarşılaşdığı sınaqlar ölkələrin icra və qanunvericilik hakimiyyəti qolları arasında həmrəylik və əməkdaşlıq ruhunu qorumağın vacibliyi­ni önə çıxarır. Bu baxımdan cənab İlham Əliyevin təşəbbüsləri dünyada razılıqla qarşılanır və tezliklə gerçəkləşdirilir.

Hələ təşkilatın 2019-cu il oktyab­rın 25–26-da Bakıda keçirilmiş Zirvə görüşündə dövlət və hökumət başçıları QH-yə üzv dövlətlərin parlamentariləri ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Məhz Azərbaycanın QH-yə sədrliyi dövründə onun fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarilərin mühüm rol oynaya biləcəyini nəzərdə tutaraq, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Təsis iclasında bildirilib ki, Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq. Qısaca deyilsə, çoxtərəfliliyin yayılma­sı üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq. Digər beynəlxalq parlament strukturları ilə, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq.

İclasda çıxış edən Parlamentlərarası İttifaqın sədri Duarte Poçeko qlobal problemləri birlikdə dəyərləndirmək və onların həlli yollarını birlikdə tapmaq zərurətini vurğulayıb: “Bu baxımdan Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması əlavə bir imkandır. Bu, dialoq, əməkdaşlıq, de­mokratiyanın gücləndirilməsi üçün yeni platformadır”.

Həmin qurumun baş katibi Martin Çunkonq isə cənab İlham Əliyevin təşəbbüsünün nəticəsi olan Parlamentlər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib və bunun bəşər aləmində sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə inamını bildi­rib: “Xüsusilə bütün dünyanın COVID–19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplo­matiyasının gücündən istifadə edərək, ortaq qərarlar qəbul olunmasına xüsusi ehtiyac var”.

Təşəbbüsü bəyənən və yeni təsisata xeyir-dua verən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycanın sədrliyi dövründə Qo­şulmama Hərəkatının prinsiplərinin təbliği istiqamətində atılan addımların təşkilatı daha da gücləndirdiyini vurğu­layıb. Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər qeyd edib ki, qlobal problemlərin həlli üçün parlamentlərarası dialoqun genişləndirilməsi xüsusi əhəmiyyətə malikdir. İndoneziya, Na­mibiya, Nepal, Mərakeş, İran, Yəmən, Misir, Hindistan, Rusiya ölkələrindən olan nümayəndə heyətlərinin rəhbərləri, habelə beynəlxalq təşkilat və assambleyalarının məsul şəxsləri təşkilatın sədri qismində Azərbaycan Respub­likasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.

İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlamentlər Şəbəkəsinin hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funk­siyalar vurğulanır, Azərbaycanın təşkilata səmərəli sədrliyi alqışlanır, habelə şəbəkənin növbəti iclasının 2022-ci ildə Bakıda keçiriləcəyi bildirilir.

Beləliklə, inamla deyə bilərik ki, cənab İlham Əliyevin uğurla reallaşan bütün ideyaları kimi, bu əhəmiyyətli təşəbbüsü də dünyada sabitliyə və məhsuldar dövlətlərarası ünsiyyətin güclənməsinə vəsilə olacaq. Yeni yaranmış Parlamentlər Şəbəkəsi qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq. Təsadüfi deyil ki, analitiklər Prezident İlham Əliyevin qlobal miq­yaslı bu növbəti addımının da faydalı ümumbəşəri səciyyə daşıyacağını qeyd edirlər.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

5 Dekabr 2021 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə