Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2022-ci ilin dövlət büdcəsi ölkədə sosial rifahın yaxşılaşmasına, inkişaf və tərəqqiyə təminat verir

 

 Azərbaycanda iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərir, makroiqtisadi sabitlik qorunur. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verir. Xarici sərmayələrin üstünlük təşkil etməsi isə onu göstərir ki, Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir və xarici sərmayə respublika­mızda lazımi səviyyədə nəzarətdə saxlanılır.

Bütün bunlarla bərabər, son illər ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılma­sı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Eyni zamanda, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır.

Bütün bu amillərin önə çəkilməsi isə təsadüfi deyil. Çünki indiyədək respublika­mızda əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər milli inkişaf mo­delinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahat­lar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb.

Milli Məclisdə “Azərbaycan Respublikası­nın 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilməsi də aydın göstərir ki, gələn ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlü­yünün davam etdirilməsi, əhalinin rifah halının yax­şılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq.

Yeri gəlmişkən, res­publikada dövlət başçısı tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində bu il Azərbaycan iqtisadiyyatının bütün sahələrində artım müşahidə edilir və bu, 2022-ci ildə də artımın davam etdiriləcəyini proqnozlaşdırmağa imkan verir.

Qeyd edək ki, gələn ilin dövlət və icmal büdcəsi “Büdcə sistemi haqqın­da” qanunun tələblərinə uyğun hazırlanıb, ictimai müzakirələr üçün açıq dərc edilib. KİV-də çıxış edən deputatlar, ekspertlər tərəfindən 2022-ci il dövlət büdcəsinin layihəsi qarşıda duran çağırışlara və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndirilib.

Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, büdcənin xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 mil­yon manata çatdırılıb. Gələn il üçün büdcə kəsiri 3 milyard 63 milyon manat, inflyasiya 4 faiz, ÜDM-in real artım tempi 3,9 faiz, neftin 1 barelinin qiyməti 50 dollar məbləğində nəzərdə tutulub.

Haqqında danışı­lan büdcə gələn il sosial müdafiəyə ehtiyacı olan bü­tün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanıl­masına və yaxşılaşmasına da imkan verəcək. Həmçinin 2022-ci ildə pensiyaların, müavinət və təqaüdlərin, ünvanlı sosial yardımın həcminin və digər sosial ödənişlərin artırılmasına, eləcə də vətəndaşların sosial rifahının daha yaxşı təmin olunmasına şərait yarada­caq.

Xatırladaq ki, 2022-ci ildə ehtiyac meyarının həddi 30 manat artırılaraq 200 manata çatdırılıb. Bu, 17,6 faiz artım deməkdir. Bu artım yoxsul vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlı sosial yardım alan şəxslər üçün həm adambaşına, həm də ailəyə düşən vəsaitin həcminin artırılmasına imkan verəcək, eyni zamanda, bu proqrama cəlb olunan vətəndaşların sayının da çoxalmasına şərait yara­dacaq. Bu artım, həmçinin yaxın dövrdə ehtiyac me­yarından imtina edilərək onu yaşayış minimumuna bərabərləşdirməyə imkan verəcək.

Beləliklə, 2022-ci il dövlət büdcəsi miqyası­na görə – istər gəlir və xərclərin həcminə, istərsə də sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Belə bir maliyyə sənədinin icrası isə respublikada iqtisadi fəallığın təmin edilməsini, makroiqtisadi sabitliyin qo­runmasını və milli valyutanın məzənnəsinin dayanıqlığının artırılmasını, sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıllığının gerçəkləşdirilməsini zəruri edir. Bütün bunlarla bərabər, gələn ilin dövlət büdcəsi işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiy­yatına reinteqrasiyasını, eyni zamanda, ölkəmizin hərbi qüdrətinin daha da artırılma­sını şərtləndirir.

Azərbaycanın növbəti il üçün nəzərdə tutulan büdcəsi, həmçinin ölkənin təhsil və səhiyyə sistemi­nin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının əsas prioritet vəzifələr kimi müəyyənləşdirilməsi imkan­larına da malikdir.

Hər zaman olduğu kimi, bu gün də ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biridir. Ona görə də Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət, habelə xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu, büdcə layihələrində öz əksini tapır. 2022-ci il dövlət büdcəsində də bu, prioritet istiqamət kimi mühüm önəm daşıyır.

Azərbaycanda infrast­rukturun gücləndirilməsi, əhalinin rifah halının yax­şılaşdırılması, kommunal, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurul­ması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir. Bütün bu məsələlər Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır, onların vaxtında həll edilməsi üçün hökumət tərəfindən məqsədyönlü layihələr reallaşdırılır. Gələn ilin dövlət büdcəsi layihəsində də bu məqsədlə ayrılan vəsait sözügedən sahədə genişmiqyaslı tədbirlərin gerçəkləşdirilməsinə əlverişli imkan yaradır.

Dünya ölkələrinin əksəriyyətində dərin iqti­sadi tənəzzülə yol açan COVID-19 pandemiyası hələ də davam edir, daha yüksək yoluxdurma sürətinə malik ştamlar yayılır. Növbəti ildə də pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısı­nın alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi davam etdiriləcək, vaksinasiya prosesinin daha səmərəli və sürətlə aparılması, zəruri vaksin təminatının yaradıl­ması məqsədilə tədbirlər həyata keçiriləcək. Bu məqsədlə növbəti ilin dövlət büdcəsində 350 milyon ma­nat vəsait nəzərdə tutulub.

Yeri gəlmişkən, burada bir məsələni də xatırlatmaq istərdik. Bu günlərdə Ermənistanın da gələn il üçün müəyyənləşdirdiyi dövlət büdcəsi açıqlanıb. Göstəricilərə, proqnozlara nəzər saldıqda bir daha aydın olur ki, hər zamankı kimi, regionda ən aşa­ğı büdcə işğalçı dövlətə məxsusdur. Belə ki, 2022-ci il üçün məğlub ölkənin büdcə gəlirləri 3 milyard 880 milyon dollara bərabərdir. Bu isə o deməkdir ki, Ermənistanın büdcəsi Azərbaycanın əsas maliyyə sənədindən (15,6 milyard dolar) 4 dəfə azdır.

Onu da qeyd edək ki, Ermənistanın gələn il üçün nəzərdə tutduğu müdafiə xarcləri 687 milyon 969 min dollardır. Azərbaycanın bu sahəyə ayrıdığı vəsait isə (4 milyard 990 milyon manat) 2 milyard 935 milyon 290 min dollardır.

Sonda onu da vurğulayaq ki, Prezident İlham Əliyev tərəfindən ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün hökumətin qarşısında ciddi vəzifələr qoyulub. Bu baxımdan dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, xarici dövlət borcunun azaldılması əsas strateji xətt olaraq qalır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

5 Dekabr 2021 00:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Yanvar 2022 | 09:51
AMB-nin valyuta məzənnələri
19 Yanvar 2022 | 09:16
Neft bahalaşıb
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə