Ən son xəbərlər
Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Çünki biz bütün yaxın qonşularımız və region ölkələri ilə ikitərəfli səviyyədə yaxşı təmaslar qurmuşuq. Bundan əlavə, Azərbaycandakı siyasi, iqtisadi sabitlik də bizə kömək edir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur. Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik.
Şarl MİŞEL
Avropa İttifaqı Şurasının prezidenti
Artıq dünya ölkələrində, beynəlxalq təşkilatlarda hamı etiraf edir ki, Azərbaycan sülhün, sabitliyin, əmin-amanlığın və səmərəli əməkdaşlığın tərəfdarıdır. Məhz elə buna görə də ölkəmizin mövqeləri daha böyük auditoriyalarda, heç zaman olmayan bir miqyasda dəstəklənir. Politoloq və ekspertlər də bu fikirdədirlər ki, təki sülh olsun, yeni əməkdaşlıq yolları açılsın.
Biz fəxr edirik ki, Azərbaycan dövlətinin atdığı istənilən addım regionda və dünyada əməkdaşlığın yeni yollarının tapılmasına və açılmasına xidmət edir. Elə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad edilməsi də qonşularımızla, region ölkələri və bütün Avrasiya materiki ilə əməkdaşlığın genişləndirilməsinə stimul yaratmışdır.
Ekspertlər yazırlar ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 10-da xalqa ünvanladığı tarixi müraciətdən bu günə qədər istənilən çıxış və nitqində bölgəmiz üçün sülh səhifəsinin açılması, regionda əməkdaşlığın genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Etiraf edək ki, həmin tendensiya son aylar daha geniş miqyas almışdır.
Məsələn, Prezident İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən həm Avropa İttifaqı – Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, həm Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, həm də postmüharbə vəziyyəti, eləcə də, Ermənistan –Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilmişdir. Yəni Avropa İttifaqı Qafqazda söndürülmüş münaqişənin yenidən alovlanmasını istəmir. Həmin görüşdə, həmçinin bu ayın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, bu il oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri, səfir Peter Mixalko öz etimadnaməsini dövlət başçımıza təqdim edərkən də xüsusilə vurğulanmışdır ki, Avropa İttifaqı və Azərbaycan bir sıra sahələr üzrə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırırlar. Səfir məmnunluqla etiraf etmişdir ki, Aİ və Azərbaycan arasında münasibətlər çox möhkəmdir, lakin genişləndirmək istədiyimiz bir sıra imkanlar və əməkdaşlıq perspektivləri mövcuddur.
Azərbaycanın işğaldan azad etdiyi əraziləri tamamilə yenidən qurduğu, misli görünməmiş bərpa- quruculuq işlərinə bütün dostlarını və tərəfdaşlarını cəlb etdiyi, İrəvan istisna olmaqla, regiondakı bütün paytaxtlarda Azərbaycan reallıqlarının yüksək qiymətləndirildiyi bir vaxtda xəbər gəldi ki, Avropa İttifaqı da bu proseslərdə fəal iştirak etmək istəyir. Bildirildi ki, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri dekabrın 15-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşmək barədə razılıqlarını veriblər.
Dərhal bədxahlar və macəraaxtaranlar ortaya sual atdılar ki, bəs həmin görüşə Rusiyanın münasibəti necə olacaq? Həmin məsələyə münasibət bildirən Rusiya Prezidenti Vladimir Putin sanki bu regiondakı sabitliyi gözü götürməyənlərin maraqlarının üstündən xətt çəkirmiş kimi bəyanat verdi.
Belə ki, Soçidə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşən Vladimir Putin məsələyə ustalıqla aydınlıq gətirdi: “Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr, ümumiyyətlə , prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq”.
Göründüyü kimi, cənab Putin regiona sülh və sabitlik gətirilməsi məqsədilə Azərbaycan və Ermənistan rəhbərlərinin daha çox təmas qurmasını alqışlayır. Eyni zamanda, bu Cənubi Qafqaz ölkələri rəhbərlərinin Avropa İttifaqı səviyyəsində təşkil olunan görüşünü də alqışlayır. Bu isə o deməkdir ki, regiona sülh və sabitlik gətirilməsi üçün çalışan siyasi dairələrin fikirləri üst-üstə düşür.
Yeri gəlmişkən, cənab Putinin Soçidə dilə gətirdiyi arqumentlər Cənubi Qafqazın hər iki ölkəsində böyük maraqla qarşılanmışdır: “Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr... hamımız bu məsələdə maraqlıyıq.”
Bəli, biz hamımız Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın bərpasında maraqlıyıq. Azərbaycan isə bu istəyə öz töhfəsini verənlərin önündə gedir.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə