Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güləş Federasiyasının ofisindən 63 min manat oğurlayan şəxslər tutulub - VİDEO

Dekabrın 1-də Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, ofisə daxil olmuş naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar.

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilərdən biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.
Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

4 Dekabr 2021 16:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə