Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni ştammlar yaransa da, virusdan qorunma qaydaları dəyişmir

İlk dəfə Cənubi Afrikada aşkarlanan COVID–19-un “Omicron” ştammı dünyada yayılmaqda davam edir. Artıq bununla bağlı, Yaponiya və İsrail xaricilər üçün sərhədlərini bağlayıb. Ümumdünya Səhiyyə Təşkilatı isə yeni ştammla bağlı xəbərdarlıq edib. Bildirilir ki, “Omicron” ştammı çox yüksək qlobal risk yaradır və bəzi regionlarda ağır nəticələrə səbəb ola bilər. Təşkilat 194 üzv dövlətə texniki məsləhət verərək, onları əhalinin yüksək həssas qruplarının vaksinasiyasını sürətləndirməyə çağırıb. Bəs “Omicron” əvvəlki ştammlardan nə ilə fərqlənir, onun simptomları hansılardır? Tibb elmləri doktoru Cəfər Əhmədli bununla bağlı bildirib ki, yeni ştammın yayılması peyvəndin effektivliyini azalda bilər:

 

– Elmi adı “B.1.1.529” olan yeni ştamm (“Omicron”) haqqında hələ ki, ətraflı məlumat yoxdur. Amma aldığı­mız mütəxəssis rəylərinə görə, virusun klinik gedişi çox ağır deyil. Hətta “Delta” variantından daha yüngüldür. Amma yoluxmalarda və xəstəliyin gedişində fərqlilik yaşana bilər. Çünki virus hər ölkədə müxtəlif formalarda özünü göstərir. Məsələn, Afrikada günəş faktoru var. “D” vitamini orada daha yüksəkdir deyə, virusa yoluxanlar xəstəliyi yüngül keçirə bilərlər. Qeyd edək ki, yeni ştamm əsasən, peyvənd olunmamış şəxslərdə aşkarlanıb. Ona görə də peyvənd olu­nanlara, bu virusun necə təsir göstərdiyi məlum deyil. Güman olunur ki, vaksinin effektivliyi azalacaq. Çünki bunun “spayk” proteinində dəyişikliklər var. Peyvənd isə “spayk” proteinə görə hazırlanır. Əgər vaksinin effektivliyi azalarsa, o halda peyvəndlərdə müəyyən dəyişikliklərin aparılmasına ehtiyac olacaq. Əlavə edim ki, yeni satışa çıxarılan “molnupiravir” dərmanı da eyni təsir göstərir.

C.Əhmədli bildirib ki, yeni ştammın başqa xüsusiyyətləri və vaksinin tam ola­raq hansı formada təsir göstərməsi hələ ki, məlum deyil. Amma panikaya düşməyə ehtiyac yoxdur: “Ən azından bilirik ki, bu ştamm çox ağır gedişli deyil. Ola bilər ki, yoluxuculuq qabiliyyəti yüksək olsun. Amma bəzən mutasiyalar pis yox, yaxşıya doğru gedir. Ümid edirik ki, bu virus, insan orqanizminə öyrəşməsilə əlaqədar olan bir mutasiyadır”.

Qeyd edək ki, ÜST-ün rəhbərliyi Cənubi Afrikada qeydə alınmış ştammda çox sayda mutasiyalar birləşməsindən narahatdır. Bildirilir ki, bu ştamm sürətlə yayılır, əvvəlki variantlardan antitel yara­nan insanları da yoluxduracaq, çünki yeni ştamm antitel baryerini aşır. ÜST-ün Afri­kada olan nümayəndəsi Tulie de Oliveyra yeni ştammın laborator məlumatlarını ÜST rəhbərliyinə məruzə edib və onlar təcili iclas keçirmək barədə qərar alıblar. Onun sözlərinə görə, Cənubi Afrikada əyalətlərdə 90 faiz yoluxmanı bu ştamm təşkil edir. Hazırda super ştammın mutasi­yalarının vaksinə dözümlülüyü araşdırılır. Bu ştammda vaksinə davamlı 32 təhlükəli mutasiya birləşib.

Cəfər Əhmədli, həmçinin onu da diqqətə çatdırıb ki, koronavirusun “Delta” ştammının PZR testlə aşkar edilməsi, əvvəlki klassik varianta nisbətən daha çətindir. Belə ki, nəticələr “Delta”da çox hallarda səhv çıxa bilər. O, fikrini rusi­yalı immunoloqun verdiyi məlumatla əsaslandırıb: “İmmunoloq alim Nikolay Kryuçkov “Delta” ştammına yoluxan za­man nə vaxt və necə yaxma verilməsinin uyğun olduğunu açıqlayıb. “Delta” ştammı üçün nə ekspress test, nə qan analizləri informativ deyil. PZR testi həm yoluxmağa şübhəsi olanlar, həm peyvənd olunanlar, həm olunmayanlar şübhə olan zaman verməlidir. Çünki vaksin yoluxmadan qorumur, hər an virusa yoluxma riski var. Sadəcə, “Delta” ştammında inkubasion dövr, yəni virusun burun-boğazda qalma müddəti çox az olduğu üçün testdə gecikmələr olduqda, cavab səhvən neqativ çıxa bilər. Virusun əvvəlki variantında ilk 7 – 10 gündə test pozitiv göstərə bilirdisə, “Delta” bu müddəti gözləmir. Yoluxmadan maksimum 5 gün ərzində test vermək lazımdır. Hətta inkubasion dövr 2 – 3 gün çəkə bilər. Bu dövrdə insan ətrafını, qohumlarını yoluxdura bilər. Xəstəliyin əlamətləri görünən zaman isə virus artıq burunda olmur. “Delta”da PZR testi 1 – 2 gün ərzində virusu tuta bilər. Ona görə, “Delta”ya yoluxma ehtimalı olan kimi, çalışmaq lazımdır ki, 1 – 5 gün ərzində test verilsin. Xəstə insanla ünsiyyətdən sonrakı 2 gündə analizin 100 faiz dəqiq çıxma şansı var. Xəstəliyin 7-ci günündən isə PZR test virusu aşkarlaya bilməyəcək və nəticə neqativ çıxacaq. Bu isə xəstələri arxayın edir, onlar təcrid olunmur, işə davam edirlər. Virus isə bədəndə qalır və istənilən an ağciyərləri, digər orqanları zədələyir. PZR test mütləq burun və boğa­zın hər ikisindən götürülməlidir və yaxma bir probirə (qaba) yığılmalıdır.

Onu da qeyd etmək lazımdır ki, insan­lar virusdan nə qədər qorunsa da, buna hər yerdə məruz qala bilərlər. Çoxları elə test verəndə yoluxa biləcəyini düşünür. Həkimlər bununla bağlı bildirirlər ki, analiz verilən kabinetdə bütün şübhəlilər yaxma verir və bu zaman maska çıxarılır. Orada yoluxmaq riskini tamamilə aradan qaldır­maq mümkün olmasa da, yoluxmanı sıfıra endirmək mümkündür. Tibbi personal daim əlcəkdə, maskada olur. Analiz verən şəxs isə stulda cəmi bir neçə dəqiqəlik maska­sını çıxarır. Saniyələr ərzində havaya virus yüklənə bilməz. Amma xəstə kabinetdə maskasız 5 – 6 dəqiqə danışarsa, ağız suyu ilə ətrafa virus hissəcikləri ayrıla bilər. Ona görə məkan hər 1 saatdan bir antiseptik maddələrlə dezinfeksiya olun­malıdır. Maska yalnız analiz götürüləndə çıxarılmalı, otaqda heç yerə əl vurulma­malıdır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 Dekabr 2021 04:51 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə