Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC İqtisadi Forumu öz işini uğurla başa vurub

 

 

Dekabrın 3-də Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən sonuncu panel ilə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iclasda kənd təsərrüfatı naziri İnam Kərimov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və yenidən inki­şaf etdirilməsi istiqamətində aparılan işlərdən söz açıb. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən prioritet sahələrdən biri kimi elan olunduğunu və kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasının davam etdiyini bildirib. “Artıq azad edil­miş torpaqlarımızda payızlıq və yazlıq əkinlər aparılır”, – deyən nazir bu il həyata keçirilən pilot layihə çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsinin təmin edildiyini diqqətə çatdırıb.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev işğalçı Ermənistanın 30 ilə yaxın dövrdə Qarabağın təbiətinə vurduğu ciddi ziyanlardan söz açıb. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımız­da hazırda mərhələli şəkildə bərpa işlərinin aparıldığını deyib. M.Babayev “Azərbaycan 2030: sosial-iqtisadi inki­şafa dair Milli Prioritetlər"də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın və təmiz ətraf mühitin təmin olunma­sının əsas strateji istiqamətlər kimi göstərildiyini bildirib. Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası ya­ratmaq barədə niyyətindən də danışıb: “Həmin ərazilərin bərpası zamanı “yaşıl” kənd təsərrüfatı, “ağıllı şəhərlər və kəndlər” konsepsiyasının tətbiqi, “yaşıl” enerji zonasının yaradılması və geniş ərazilərdə meşələrin bərpası bu hədəfə çatmağa imkan yaradacaq. Qlobal iqlim dəyişmələri fonunda “Yaşıl enerji zonaları”nın yaradılması regional səviyyədə ölkəmizin yaşıl inkişafının təmin edilməsinə töhfə olacaq”.

M.Babayev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa tədbirlərinin effektivliyinin təmin olunma­sında elmi tədqiqatların böyük rol oyna­dığını, bu baxımdan görüləcək tədbirlər çərçivəsində akademik sektorla, o cümlədən, UNEC və digər təhsil ocaqları, beynəlxalq elmi-tədqiqat institutları ilə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Forumda çıxış edən Azərbaycan- Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın Qarabağda rəqabətqabiliyyətli biznes mühitinin yaradılmasının çox mühüm amillərdən biri olduğunu deyib. O, Qa­rabağda konqres mərkəzlərinın yara­dılmasının, Davos forumu kimi önəmli tədbirlərə məhz həmin ərazilərin ev sahibliyi etməsinin strateji önəm daşıdı­ğını bildirib. ATİB-in sədri işğaldan azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılmasını da önə çəkib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentli­yinin direktoru Təbriz Əmmayev işğaldan azad olunan ərazilərdə reallaşdırılacaq “yaşıl enerji” layihələri barədə məlumat verib. O, “yaşıl enerji zonası” konsep­siyasının hazırlanması üzərində işlər aparıldığını deyib. Qarabağın günəş və külək enerjisi potensialından söz açan T.Əmmayev Cəbrayıl və Zəngilanın günəş, Laçın və Kəlbəcər rayonlarının isə külək enerjisi potensialı ilə zəngin olduğunu diqqətə çatdırıb.

Forumun moderatoru, Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev Qarabağa böyük qayıdışın dayanıqlılığının vacibliyindən danışıb. Dayanıqlılığın birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəli olduğunu deyib.

Fond rəhbəri Qarabağın təhsil mərkəzinə çevrilməsi məsələsinə də toxunub: “Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir. Eyni zamanda, Qarabağın elmi potensi­alından istifadə edilməsi böyük və uzun yoldur. Burada dayanıqlı məskunlaşma insanların bilik və bacarıqlarının inki­şafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiyası prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması nəzərdə tutulur”. R.Hacıyev Ağdamda xüsusi təhsil kvartalının yaradılacağının və həmin ərazidə Qarabağ Universitetinin təməlinin qoyulacağını da deyib.

Çıxışlardan sonra suallar cavablan­dırılıb.

“Zəfər yolu” devizi ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan, 3 gün yerli və beynəlxalq nümayəndələrin, ictimaiyyətin diqqət mərkəzində olan UNEC İqtisadi Forumu öz işini uğurla başa vurub.

4 Dekabr 2021 04:32 - TƏHSİL
TƏHSİL
20 Yanvar 2022 | 00:20
BSU-da anım tədbiri

Köhnə versiyamızdan xəbərləri izlə