Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngəzur dəhlizi: Qafqazda geosiyasi rəqabətin transformasiyası

 

 İkinci Qarabağ müharibəsinin nəticəsi, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda ba­lansların dəyişməsinə səbəb oldu. Azərbaycan 44 günlük müharibədə qazandığı qələbəni diplomatik müstəviyə daşıdı. Ötən ilin noyabrında imzalanan üçtərəfli bəyannamənin 9-cu maddəsi ilə Azərbaycanın ərazisinin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına imkan yarandı.

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Fede­rasiyasının Prezidenti Vladimir Putinin imzaladığı Soçi Bəyanatı Zəngəzur dəhlizinin reallaşmasını aktuallaşdırdı. Bəyanata əsasən, tərəflər Azərbaycan–Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq və Azərbaycan Respublikası ilə Ermənistan Res­publikası arasında dövlət sərhədinin delimitasiyası, həmçinin tərəflərin sorğusu əsasında Rusiya Federasiya­sının məsləhəti və yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq.

Sənəddə 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respub­likasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanır.

Soçidə imzalanan bəyanat iqti­sadi əlaqələrin inkişafı və nəqliyyat dəhlizlərinin açılmasını labüd edir. Bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir.

Belə bir vəziyyətdə Zəngəzur dəhlizinin reallaşması məsələsi Qaf­qazda geosiyasi rəqabətin transfor­masiyasiyasını şərtləndirir. Zəngəzur dəhlizinin regional əməkdaşlıq, geo­iqtisadi, nəqliyyat-logistika və coğrafi aspektlərdə təhlili onun həm də strateji əhəmiyyətini üzə çıxarır.

Zəngəzur tarixi Azərbaycan torpağıdır

Zəngəzur Azərbaycan üçün təkcə Naxçıvana açılan qapı deyil, onun Azərbaycanın tarixində və milli kimliyində xüsusi yeri var. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, bu gün də Ermənistanın sərhədləri daxilində olan Zəngəzur vaxtilə müsəlman türk əhalisinin yaşadığı tarixi Azərbaycan torpağıdır.

Zəngəzurun taleyi 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən və sovet hökuməti quru­landan sonra dəyişməyə başladı. SSRİ rəhbərliyi əvvəlcə Zəngəzur adlanan rayonu bütünlüklə Ermənistana verməyi hədəfləsə də, sonradan sözügedən ərazini iki yerə böldü. Qərbi Zəngəzur Ermənistana verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. Həmin vaxtdan Azərbaycan öz ərazisinin ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini itirdi.

1933-cü ildən etibarən Zəngəzur adı rəsmən xəritələrdən silinmiş və unudul­mağa çalışılmışdır.

Tarixən ticari-iqtisadi və mədəni kommunikasiya yollarından biri olan Zəngəzur keçən əsrin 20-ci illərindən azərbaycanlıları bir-birindən təcrid edən, türk dünyasını ayıran, iqtisadi-ticari əlaqələri qıran məkana döndü. Bu baxımdan II Qarabağ müharibəsinin Zəngəzur məsələsində açdığı yeni imkanlar nəinki Azərbaycan, region, türk dünyası, eyni zamanda, “Bir kəmər, bir yol” ticari-iqtisadi layihəsini əhatə edən dünya dövlətləri üçün müstəsna əhəmiyyətə malikdir.

Dəhlizin regional iqtisadi və strateji əhəmiyyəti

Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malikdir. Bu, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında nəqliyyat-logistika şəbəkəsini genişləndirəcək dəhlizin gələcəkdə regional ticarətə müsbət təsir göstərərək Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını deməyə əsas verir.

Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi imkanını təmin etməklə yanaşı, Asiya–Sakit okean hövzəsindən Türkiyəyə Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı birləşdirən bir çox ticarət yolları açacaq. “Şərq–Qərb” dəhlizini, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini və Xəzər Nəqliyyat Şəbəkəsini daha da gücləndirəcək. O, həmçinin Xəzərdən Avropaya qədər uzanan Neft və Qaz Boru Kəməri Sisteminin istisma­rını asanlaşdıracaq. Dəhlizin açılması Avropa İttifaqı, ABŞ, Rusiya və Çinin enerji təchizatı xətləri üçün mühüm rol oynayan regionun tranzit imkanlarını artıracaq.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin strateji əhəmiyyətini müxtəlif regional və beynəlxalq forumlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə 77-ci İqtisadi və Sosial Komissiyasında çıxışlarında qeyd etmişdir. Azərbaycan Prezidenti müsahibələrində, çıxış­larında bildirib ki, dəhliz Türkiyə, Azərbaycan, bütövlükdə region, o cümlədən Ermənistan üçün yeni imkan yaradacaq: “Ermənistanla İran arasında dəmir yolunun çəkilməsi yəqin ki, 20 ildir müzakirə olunan məsələdir, amma reallıqda hələ heç nə yoxdur. Çünki bu layihə, ən azı, üç milyard dollar tələb edir. Amma Naxçıvanla İran arasında dəmir yolu xətti var – onlar bundan istifadə edə bilərlər".

Beləliklə, Zəngəzur dəhlizi reallaşa­cağı təqdirdə Cənubi Qafqaz ölkələrinin inkişafını istiqamətləndirə, regionun siyasi-strateji mənzərəsini dəyişə bilər. Ən əsası isə türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizində birləşəcək. Zəngəzur dəhlizinin açılması türkdilli ölkələrin iqtisadiyyatına böyük təsir göstərəcək.

Azərbaycan ədalətli mövqe sərgiləyir

Zəngəzur dəhlizi “Tarixi İpək Yolu” üzərində yerləşən Azərbaycanı Avropa ilə Asiya arasında logistika mərkəzinə çevirəcək, ölkənin “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizlərində mövqeyini xeyli gücləndirəcək.

Hazırda Azərbaycanla Naxçıvanı yalnız İran və Türkiyədən keçən hava və avtomobil əlaqələri birləşdirir. Bu dəhliz Naxçıvanla əlaqəni yaxşılaş­dıracaq və Naxçıvandakı sahibkarlıq subyektlərinin Şərq–Qərb dəhlizinə çıxışı təmin ediləcək. Təxminlərə görə, bu müəssisələrin Azərbaycan və Rusiyaya gediş məsafələrinin qısalması sayəsində daha da rəqabətə davamlı olacağı gözlənilir.

Azərbaycanın əsas məqsədi Naxçıvana və Türkiyəyə quru çıxışı əldə etməklə Naxçıvanın geosiyasi imkanlarını dirçəltməkdir. Naxçıvanın Azərbaycanla quru əlaqəsinin ol­maması onu Qafqazda kommersiya tranziti və enerji marşrutları ilə bağlı müzakirələrdən kənarda qoyur.

Azərbaycan həmçinin Zəngəzuru Ermənistanla münasibətlərini nor­mallaşdırmaq üçün faydalı geosiyasi fürsətə çevirməyi hədəfləyir.

Digər tərəfdən, “Kəmər-Yol” layihəsi çərçivəsində Azərbaycanın Türkiyə ilə Çin arasında mövqeyi möhkəmlənəcək. Azərbaycan Orta Dəhlizdə qəbul edəcəyi tranzit marşrutları ilə mühüm aktora çevriləcək. Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirə bilər. Bu, Orta Dəhlizdəki layihələr üçün böyük qələbə olacaq. Keçid müddətini azaldan bu yol Türkiyə ilə Azərbaycan arasında ticarət fəaliyyətini də yaxşılaşdıracaq. Bu kontekstdə Bakı–Tbilisi–Qars dəmir yolu (BTQ) və Gürcüstan ərazisindən keçən yollar artıq Azərbaycanı Türkiyə ilə birləşdirib. Bununla belə, daha qısa marşrut strateji və iqtisadi əlaqələri inki­şaf etdirmək üçün daha çox potensiala malikdir.

`“Kəmər–Yol” layihəsi başlayan­dan Azərbaycan Çinin Cənubi Qaf­qaza investisiyalarını alqışlayır və dəstəkləyir. Cənubi Qafqazda nəqliyyat maneələrinin aradan qaldırılması təkcə Azərbaycanın logistika mərkəzi olması ilə bağlı deyil, həm də Çinin öz mallarını Avropaya ən qısa yolla daşıması üçün faydalı olacaq.

Azərbaycan Zəngəzur dəhlizini real­laşdırmaqla özünü Rusiyanın, Qafqazın və Mərkəzi Asiyanın yol və enerji tran­zitinin mərkəzinə çevirərək, Avrasiya coğrafiyasında əhəmiyyətini artırmağı, enerji dəhlizi, xüsusilə, Xəzər və onun ətrafında müzakirələrdə əsas güc, Türk dünyası arasında hər baxımdan körpü olmağı hədəfləyir.

Türkiyənin avantajı

Zəngəzur dəhlizi Türkiyənin Qafqaz siyasətinin iqtisadi və geosiyasi trans­formasiyası deməkdir. Dəhliz vasitəsilə qardaş ölkənin təkcə Azərbaycanla de­yil, digər türk respublikaları ilə birbaşa əlaqəsi yaranacaq.

Layihə reallaşacağı təqdirdə Türkiyə–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə keçəcək. Quru nəqliyyat əlaqəsi yaranaca­ğı təqdirdə iki ölkə arasında siyasi, ticari, iqtisadi və geosiyasi baxımdan münasibət daha yüksək səviyyəyə qalxacaq. Türkiyənin İran üzərindən Orta Asiyaya göndərdiyi yük maşın­ları üçün də yeni alternativ marşrut yaranacaq. Bu alternativin iqtisadi qiymətləndirilməsi tam olaraq hasablan­masa da, Türkiyənin İrandan asılılığının azalacağı təxmin edilir.

Türkiyənin Naxçıvana sərmayələrinin artması, ölkənin Qafqaz sərhədlərində yerləşən vilayətlərinin iqtisadi cəhətdən güclənməsi, Türkiyə-Rusiya münasibətlərində enerji, nəqliyyat və logistika sahələrində yeni əməkdaşlıqların yaradılması layihənin müsbət nəticələrini ehtiva edir. Dəhlizin açılmasını Türkiyə–Ermənistan münasibətlərinin yaxşılaşmasında mü­hüm sınaq kimi qiymətləndirə bilərik.

Sözügedən dəhliz Türkiyə ilə Orta Asiya arasındakı ticarət həcmi, eləcə də 2019-cu ildə 21 milyard avro olan Türkiyə–Çin ticarət həcmi üçün həyati əhəmiyyət kəsb edir. Üstəlik, Türkiyənin bu dəhliz vasitəsilə açdığı yeni Orta Asi­ya dəhlizinə də müsbət təsir edəcəyini söyləmək olar. Ümid edilir ki, Zəngəzur dəhlizinin ümumi daxili məhsulu (ÜDM) 1,1 trilyon dollar təşkil edən türkdilli dövlətləri də birləşdirəcək. Dəhliz açıl­dıqdan sonra Türkiyənin Mərkəzi Asiya ilə Çini birləşdirən yeni logistik dəhliz olacağını da qeyd etmək lazımdır.

Ermənistanın destruktiv mövqeyi və qazancları

II Qarabağ müharibəsində acı məğlubiyyətindən sonra Ermənistanda yeni nəqliyyat dəhlizlərinin açılmasına və inteqrasiya siyasətlərinin həyata keçirilməsinə münasibət birmənalı deyil. Erməni radikal millətçiləri bu vəziyyəti coğrafi “intihar” adlandırarkən, inteqra­siya tərəfdarları ölkəni sosial-iqtisadi, geosiyasi və geostrateji gücə çevirmək istəyirlər.

Ermənistan müharibədə uduzsa da, yeni prosesdə geosiyasi qazanclar əldə edəcək.

Ermənistanın Azərbaycan tor­paqlarını işğal etməsi, Türkiyə və Gürcüstanla münaqişələri onu təcrid vəziyyətinə salmaqla bu dövlətin siyasi manevr imkanlarını məhv etmişdi. II Qarabağ müharibəsinin nəticələri, əslində, Ermənistan üçün daxili və xarici siyasətdə yeni imkanlar açıb.

Zəngəzur dəhlizi Ermənistan üçün geosiyasi mühasirədən çıxış yolu­dur. Dəhliz Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqla Qafqazda yaranmaqda olan prosesdən faydalanmaq üçün geosiyasi fürsət təqdim edir. Ermənistan nisbi iqtisadi rifahı, təhlükəsizliyini və Qərblə yaxşı münasibətlərini inkişaf etdirə, işsizliyi və kütləvi yoxsulluğu aradan qaldırmaqla insan miqrasiyasının qarşısını ala bilər.

Zəngəzur dəhlizi, həm də Ermənistanın İranla münasibətlərini balanslaşdırmaq imkanı verir. Digər tərəfdən, dəhliz həm də Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri qurmaqla Ermənistanın iqtisadi təcriddən qurtul­masına kömək edə bilər. Ermənistan Azərbaycanla iqtisadi əməkdaşlığı inki­şaf etdirərsə, “Kəmər–Yol” layihəsinin mühüm əlaqə kanalı olan Şərq-Qərb dəhlizinə çıxış əldə edəcək.

Gələcəkdə Mərkəzi Asiya ilə Türkiyə arasında nəzərdə tutulan Xəzər qaz kəməri reallaşarsa, Ermənistan da tranzit ölkə kimi enerji nəqlinə cəlb oluna bilər. Bundan əlavə, İrəvan ad­ministrasiyası regional dəmir yollarının bərpasında Azərbaycan investisiyaların­dan da faydalana bilər.

Zəngəzur dəhlizi Ermənistanın Rusiya və Avrasiya İqtisadi Birliyinin (Aİİ) bazarlarına çıxışında iqtisadi problemlərini azaldacaq. Çünki əsas ticarət tərəfdaşına quru yolu­nun olmaması Ermənistanın iqtisadi münasibətlərinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Üstəlik, bu dəhliz Ermənistana digər mühüm ticarət tərəfdaşı olan İranla dəmir yolu əlaqəsi yaratmaq imkanı verəcək.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr atəşkəs bəyannaməsindən aydın görünür ki, Rusiya Zəngəzur dəhlizinnin açılma­sında maraqlıdır. Belə ki, Üçtərəfli bəyannamənin mətnində Ermənistanla Xankəndi arasında olan və yenidən in­şası nəzərdə tutulan Laçın dəhlizinin və Azərbaycanın Ermənistan ərazisindən Naxçıvanla quru əlaqəsini yaradacaq Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya tərəfindən təmin ediləcəyi bildirilir.

Rusiya hər iki dəhliz ilə Qafqazda ənənəvi fəaliyyətini təsdiqləmək və Qaf­qazdan keçən bütün tranzit, nəqliyyat və enerji xətlərini geostrateji imkan kimi formalaşdırmaq istəyir.

Rusiyanın dəhlizə nəzarət etməsi Zəngəzura qarşı hər hansı hərbi əməliyyat ehtimalını aradan qaldırır.

Dəhliz vasitəsilə Rusiya ilə Ermənistan arasında birbaşa quru əlaqəsinin yaradılması Moskva üçün vacibdir. Digər tərəfdən, dəhliz Cənubi Qafqazda nəqliyyat xətlərində Rusiya­nın əsas marşrutu ola bilər. Rusiya qa­tarları dəhliz vasitəsilə Yaxın Şərqə və digər Cənubi Asiya ölkələrinə hərəkət edə bilər.

Dəhlizin reallaşmasına beynəlxalq dəstək gücləndirilməlidir

Azərbaycan ərazisi beynəlxalq layihələr üçün regionun nəqliyyat qov­şaqlarının mərkəzinə çevrilib. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji nəqliyyat dəhlizinə çevrilə bilər. Faktiki olaraq, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını qəbul edib dəstəklərini ifadə edirlər. Təsadüfi deyil ki, ABŞ və Rusiya prezidentlərinin görüşündə Cənubi Qafqazda kommu­nikasiya xətlərinin açılması zərurəti vurğulanıb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ prezidentləri ilə bu məsələni müzakirə edib, ortaq razılığa gəlinib.

Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asi­ya–Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur. Çin–Rusiya–İran–Azərbaycan xəttində mühüm məntəqə olan Zəngəzur dəhlizi Pekin üçün Türkiyə vasitəsilə Avropa və Körfəz ölkələrinə, Afrikaya yeni imkan deməkdir. Bu marşrut həm ucuz, həm də digərlərinə nisbətən qısadır.

Zəngəzur dəhlizi Avrasiya üçün də yeni nəqliyyat layihəsinə çevrilə bilər. Artıq İraq Zəngəzur dəhlizi layihəsinin iştirakçısına çevrilə biləcəyini bildirib. Şərqlə Qərbi birləşdirəcək Zəngəzur marşrutuna İraqın da qoşulması istisna olunmur.

Apardığımız araşdırma və təhlil onu göstərir ki, regional və qlobal miqyas­da Zəngəzur dəhlizinin işə düşməsi regionda ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Bunlarla yanaşı, dəhliz Azərbaycana Avrasi­yanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirmək, müstəqil dövlət olaraq beynəlxalq statusunu möhkəmləndirmək imkanı verəcək.

Zəngəzur dəhlizinin geosiya­si qiymətləndirilməsinin həm də tarixi-siyasi əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə, transmilli mediaya müsahibələrində Zəngəzur dəhlizinin iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, ərazi məsələsinin tarixi, siyasi motivləri vurğulanır.

Regional, iqtisadi və geosiyasi maraqların kəsişdiyi və toqquşduğu Zəngəzur nəqliyyat dəhlizinin reallaş­ması zamanın işidir. Azərbaycanda Zəngəzura gedən yollar sürətlə təmir olunur, yeni yollar salınır. Dəhlizin qısa zamanda reallaşması mümkündür. Ermənistan indiki mərhələdə reallı­ğı düzgün dəyərləndirərək Üçtərəfli bəyanatın şərtlərinə əməl etməli, regionda sülhün və təhlükəsizliyin bərpasına, iqtisadi inkişafa və tərəqqiyə dəstək verməlidir.

Leyla RƏŞİD,

“Xalq qəzeti”

4 Dekabr 2021 09:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə