Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluğun əməkdaşları Brüsseldə tədris turunda iştirak edib

Cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılmasının səmərəliliyinin artırılması məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə dəstək proqramı çərçivəsində BMT-nin Beynəlxalq cinayətkarlıq və ədalət mühakiməsi məsələləri üzrə elmi-tədqiqat institutu (UNİCRİ) tərəfindən cari ilin 30 noyabr-1 dekabr tarixlərində Belçika Krallığının Brüssel şəhərinə tədris turu təşkil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, həmin tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və həmin idarənin prokuroru Əhməd Həsənov təmsil ediblər.
Tədbir “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin izlənməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi və idarə olunması sahəsində ən yaxşı təcrübənin öyrənilməsi” mövzusunda olmaqla, Belçika Prokurorluğunun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisinin (COSC) fəaliyyəti ilə tanışlıq xarakteri daşıyıb.

Tədbirin ilk günü Avropa İttifaqı tərəfindən maliyyələşdirilən aktivlərin bərpası sahəsində səylərin gücləndirilməsi istiqamətində görülən işlər və Belçika Prokurorluğunun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisi tərəfindən təqdimatlar nümayiş etdirilib, Aktivlərin bərpası üzrə qurumlararası şəbəkələrlə (ARO-CARİN) beynəlxalq əməkdaşlıq və SİENA(Təhlükəsiz məlumat mübadiləsi şəbəkəsi) platformasından istifadəyə dair məlumat verilib, dəyirmi masa müzakirələri aparılıb.
Tədbirin ikinci günü müsadirə olunmuş daşınar əmlakların satışı üzrə Federal Xidmət Mərkəzinin işi ilə yerində tanışlıq olmuş, qurumun Əmlakın həbsi və müsadirəsi üzrə mərkəzi ofisi ilə qarşılıqlı əlaqəsi, müsadirə olunmuş əmlakların mərkəzə ötürülməsi, hərrac vasitəsilə onlayn və digər üsullarla satış qaydaları, əldə edilmiş vəsaitlərin sosial məqsədlər üçün yönəldilməsi barədə məlumatlar əldə edilib.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə davam etdirilən islahatlar çərçivəsində Baş prokurorluğun yeni strukturunun təsdiq edilməklə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin təsis edilməsi, idarə tərəfindən vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi ilə əlaqədar prokurorluğun struktur qurumlarının fəaliyyətinın əlaqələndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin aktivlərin aşkar edilməsi, izlənməsi, bərpası sahəsində səmərəli mexanizm yaradılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə yönəldilmiş “Tvinninq” layihəsi üzrə tərəfdaş seçilməklə yaxın zamanlarda icrasına başlanılacağı barədə məlumat verilib.

3 Dekabr 2021 16:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə