Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıxanov qəsəbəsində 3,2 kilometrlik küçə əsaslı təmir edilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3,2 kilometr uzunluğa malik Nazim İsmayılov küçəsi əsaslı şəkildə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata əsasən, təmir işləri çərçivəsində Nazim İsmayılov küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəzlənib, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib. Daha sonra isə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb.Təmir aparılan küçə Bakıxanov qəsəbəsində vətəndaşların əsas istifadə etdiyi ərazilərdən biri olduğu üçün təmir-bərpa işlərinin aparılması nəticəsində gediş-gəliş daha da rahatlaşıb.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Sabunçu rayonu ərazisində təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 kilometr təşkil edən qəsəbədaxili küçə və yol təmir edilib.

Belə ki, rayonun Bakıxanov qəsəbəsində təmiri yenicə bitmiş 3,2 kilometr uzunluğa malik Nazim İsmayılov küçəsindən başqa 3,1 kilometr uzunluğa malik Bəşir Bünyadov küçəsi, Bilgəh qəsəbəsində hər birinin uzunluğu 1 kilometr olan Əliağa Ağayev və Rəsul Rza küçələri, Ramana qəsəbəsində uzunluğu 700 metr təşkil edən Mərkəzi küçə əsaslı şəkildə təmir olunub.

AAYDA tərəfindən 2019-2020-ci illərdə isə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 kilometrdən çox olan küçə və yol təmir edilib.

3 Dekabr 2021 18:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə