Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Əlillər Günündə demək istədiklərimiz...

 

 

Dekabrın 3-də Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü qeyd olunur. Ali dövlət rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin imzaladığı sənədlərə və bilavasitə verdiyi tapşırıqlara uyğun olaraq, son illər ölkəmizdə genişmiqyaslı sosial islahatlar aparılmaqdadır. Bu, rəsmi istilahlarla ifadə etsək, əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına xidmət edir. Yəni, əlillik dərəcələri yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməlidir. Aparılan işlər nəticədə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara daha güclü dəstək verilməsi məqsədi daşıyır. Gəlin, bir fikrə ortaq olaq: əlil olmayaraq, əlillərin payına ortaq olandan nə özünə, nə də topluma, xalqa, dövlətə xeyir gəlməz.

Bəs bu şəffaflaşdırma işi necə, hansı istiqamətlərlə həyata keçirilir? Bəlli olduğu kimi, “e-hökumət” portalı fəaliyyətdədir; ümumiyyətıə, “ASAN Xidmət” modeli və fəlsəfəsi də daxil olmaqla, vətəndaş – dövlət sənəd, arayış, informasiya mübadiləsinin önəmli bölümü onlayn qaydada icra olunur. Yəni, vətəndaşın öz evindən, maşınından… belə elektron müraicət etmək imkanı vardır. Əlilliyin qiymətləndirilməsi də elektron infrast­ruktur (“Əlillik” altsistemi) üzərindən, tibb müəssisəsinin “e-sistem”ə daxil etdiyi göndərişlərdəki bilgilər əsasında həyata keçirilir. Yəni, burada vətəndaş – məmur (ekspert) təması, vaxt itkisi, hansısa qeyri-qanuni məsələlər və s. olmur. Beləliklə, həkim ekspertlər göndərişin kimə aid olduğunu və həmin göndərişin hansı müəssisədən göndərildiyini bilmədən qərar qəbul edir. Əlillik qrupu təyin olunduq­dan sonra əmək pensiyası, aylıq sosial müavinət, təqaüd və s. üzrə ödənişlərin təyinatı da “e-sistem” üzərindən icra olunur.

Beləliklə, tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində ağır yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə özəl qayğı və həssaslıqla yanaşılması hər bir məmurun, dövlət orqanının, bütövülükdə cəmiyyətimizin mənəvi borcudur. Qazilərə münasibətin hüquqi tərəfi olduğu kimi, mənəvi tərəfi də vardır və bun tərəflər bir-birini tamamlayır. Bunun üçün Nazirlər Ka­binetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri qazilərin əlilliyinin qiymətləndirilməsi işlərini mümkün qədər tez yerinə yetirməyə çalış­maq haqqına sahibdir. Qazilərin xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, DQ-nin, DSX-nın Hərbi Həkim Komissiyaları tərəfindən uyğun şəhadətnamələr təqdim olunur və səhiyyə müəssisələrinin göndərişi “e-sistem”ə daxil edilir. Bununla da, əlilliyin qiymətləndirilməsi aparılır. Ötən müddətdə Azərbaycan Vətən müharibəsinin 2200 qazisinə əlillik təyinatı aparılıb və bu işlər hazırda da davam etdirilir. Onu da vurğu­layaq ki, əlillik təyinatından sonra onlara uyğun sosial ödənişlər də “e-sistem” üzərindən təyin edilib. Müharibə əlilləri də daxil olmaqla, əlilliyi olan şəxslərə sosial ödənişlər son üç ildə, orta hesabla, 2 dəfə artırılıb.

Dövlət başçısımızın ötən ilin sonun­da imzaladığı fərmanlarla müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə bağlı əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılıb. Ötən il təsis olunmuş yüksək “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə isə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Şəhid ailələri ilə yanaşı, müharibə əlillərinin də mənzil və fərdi evlə təmin edildiyini də bu yerdə unutmamamlı­yıq. İndiyədək bu kateqoriyadan olan vətəndaşlarımıza 11 mindən çox mənzil (və ya fərdi ev) verilib. Dövlət başçımızın 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021 – 2025-ci illərdə daha 11 min belə mənzil (və fərdi ev) verilməsi nəzərdə tutu­lub. Onlardan 3 min mənzilin (və fərdi evin) 2021-ci ildə verilməsi üçün işlər aparılır. Şəhid ailələri və müharibə əlilləri ilə yana­şı, Vətən müharibəsi qəhrəmanlarımıza, görmə əngəlli şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il dövlət tərəfindən verilmiş mənzillərin sayı 2 min 200-ə çatır.

Əlbəttə, mənzil, ev çox önəmlidir, ancaq hər şey demək deyil, xüsusilə, re­ablitasiya məsələləri elə mənzil (ev) qədər vacibdir. Əlilliyi olan şəxslərin reabilita­siya xidmətləri (və vasitələri) ilə təminatı sahəsində də işlər artan xətt üzrə davam edir. 2021-ci ilin on ayı ərzində ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi – Sosial Eks­pertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez – ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli otu­racaqla təmin edilib. Müharibə əlillərinin yüksək texnologiyalı elektron protezlərlə təminatı işləri təxirə salınmadan aparılır və 44 günlük müharibədə yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi son nəsil protezlərlə təmin olunub.

Bəzi hallarda “on minlərlə şəxsin əlilliyi ləğv edilib, pensiyası kəsilib” kimi sosial media və s. paylaşımlara rast gəlirik. Rəsmi qaynaqlar bunu tamamilə əsassız sayır və yanlış ictimai rəy yarat­maq cəhdi hesab edir. Əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək, onlarda aidiyyəti rəsmi orqanlara qarşı inamsızlıq yaratma­ğa xidmət edən belə yanlış fikirlər ictimai qınağa tuş gəlməlidir.

Humanist yanaşma ilə 2021-ci ilin iyul ayında əlilliyi olan şəxslərin hüquq­ları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz öncəki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir – ötürülmüş müddət üçün də əlilliyə görə sosial ödənişlər həyata keçirilir. Əgər əlilliyin təkrar qiymətləndirilməsi üçün müraciətin edilməsində müəyyən gecikmələrə yol verən vətəndaşlarımıza qarşı belə bir humanist davranış varsa, üstəlik, bu hu­manistlik qanun şəkli alıbsa, bunu ancaq təqdir etmək olar.

Bütün vətəndaşlarımıza hörmətimiz var. Amma ilk növbədə, I, II Qarabağ müharibəsində sağlamlığını (bədən üzvlərini) itirmiş əziz qazilərimizin əlilliyinin qiymətləndrilməsinə özəl diqqət və qayğının önəmini vurğulamaq istərdim. Verilən rəsmi məlumatlara və ƏƏSMN İctimai Şurası üzvü olan dostlardan gələn bilgilərə görə, hərbi səbəblərlə bağlı əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti qurumların və QHT nümayəndələrinin iştirakı ilə (videoçəkilişlər aparılmaqla) keçirilir. Əlbəttə, əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilməlidir, burada fikir birmənalıdır; amma sağ­lam ola-ola uzun illər dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmə, həmçinin əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması (və ya sağlamlıq durumu­nun əlillik təyinatına əsas yaratmaması) səbəbindən əlillik təyin edilməyənlər də, ədalətlə barışmalıdırlar. Əlillik statusunun buna haqqı çatmayanlara verilməsi əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya gətirib çıxarmırmı? Əlilliyin qiymətləndirilməsi müraciətçinin mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır. Bu sahədə şəffaflıq, obyektiv, ədalətli yanaşma daim xüsusi diqqətdə saxlanmalıdır.

Aztəminatlı ailələr üçünsə ünvan­lı sosial yardım proqramı, yaxud, aktiv məşğulluq proqramları müstəvisində dəyərləndirilməlidir, yəni aztəminatlı olan şəxsin əlillik dərəcəsinin ləğvi onun hü­quqlarının pozulması yox, ədalətin bərpası olduğu kimi, belə şəxsləin rifahı yaxşılaş­dırılmasına da diqqət edilir. İmam sözüdür, dövrümüzədək gəlib çıxıb: “Ədalət mülkün təməlidir”! Əslinə qalsa, ədalət yalnız mülkün deyil, bütün münasibətlər sistemi­nin, dövlət – vətəndaş, məhkəmə – haqqı tapdanan və b. münasibətlər, müraciətlər sisteminin də təməlidir. Bütün humanitar təfəkkürlü kəşflər, elmlər və dinlər məhz ədalət təməlli deyilmi? İnsan insandan ilkin davranış olaraq məhz ədalət umur, istəyir, tələb edir. Ədalət olan yer güllük – gü­lüstandır, orada xeyir – bərəkət var, hüquq var, tərəqqi var, dəyərlər var, anlaşma var. Ədalətin olmadığı toplumda insan insanlıq­dan çıxır, anlaşmalar zədələnir.

Ədaləti yalnız dövlətdən gözləməklə iş bitmir. Dövlətə qarşı da ədalətli davran­maq lazımdır. Axı bu, bizim dövlətimizdir, özümüzündür…

Əkbər QOŞALI

3 Dekabr 2021 06:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə