Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərəfdaşlar Forumu plenar iclasla işini davam etdirib

 

 

“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) çərçivəsində növbəti plenar iclas “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel ic­lası “Sülh əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan-Kristof Basın moderatorluğu ilə ke­çib. J.Bas sülh cəmiyyəti üçün vacib konsepsiyaların bu plenarda müzakirə edildiyinə diqqət çəkərək müzakirələrin yaşadığımız keşməkeşli dünyada vacib­liyini vurğulayıb: “Dünyada baş verən qarışıq hadisələr bizi forumda səslənən müzakirələrə yaxından iştiraka sövq edir. Beynəlxalq səviyyədə artıq risklər var. İkiqütblü dünyaya yenidən qərqolma təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmırıq. Bu problem ona görə bu gün də aktualdır. Bu gün dünya kifayət qədər qütbləşib”.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. O, xarici işlər naziri Ceyhun Bayramo­vun adından qonaqları salamlayaraq deyib: “Dayanıqlı sülh necə formala­şır? Əfsuslar olsun ki, Ermənistanla son 30 ildə aparılan danışıqlar özünü doğrultmayıb. Digər tərəflə qarşılıqlı ünsiyyət çox önəmlidir. Ölkəmizdə yüzilliklərdir sülh və əmin-amanlıq şəraitində yaşayan milli azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyev təşəbbüsü ilə “Bakı Prosesi”nə başla­nılmışdı. İllər boyunca bu əsas plat­forma kimi müxtəliflik və tolerantlıq, fərqli inanclar təbliğ olunur. 2017-ci ildə BMT-nin baş katibi "Bakı Prosesi"ni dünyada bu məqsədlə yaradılmış əsas platforma kimi dəyərləndirib. Son 13 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki ildən bir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu da təşkil edilir. Bu il ölkəmizdə dahi Azərbaycan şairi Ni­zami Gəncəvinin 880 illiyi qeyd olunur. Nizaminin əsərlərində sülh və tole­rantlıq kimi ideyalar tərənnüm olunur. Budur bizi həvəsləndirən. Biz burada Azərbaycan olaraq özümüzü güclü, qüdrətli görürük. Bu ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün mədəniyyətlərin irəli getməsi üçün əsas şərtdir. Bu, imtiyaz deyil, hüquqdur, haqdır”, – deyə nazir müavini deyib.

Panel iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq Nazirliyinin baş direktoru Elfa Məhəmməd Əl-Sabiri, İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa, “Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonza­lez, Ümumdünya Kilsələr Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının direktoru Piter Prov və Koventri Univer­sitetinin professoru Mayk Hardi forumla bağlı düşüncələrini bölüşərək bildiriblər ki, biz sülh cəmiyyətinin dayanıqlı olaraq inkişafından danışırıqsa, onu təmin etməyin yollarını, təşəbbüsləri də dəstəkləməliyik.

Məruzələrdən sonra plenar iştirakçı­larının sualları cavablandırılıb.

3 Dekabr 2021 06:20 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə