Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvənddən öncə və sonra bəzi müayinələr vacibdir

Rəsmi statistikaya görə, Azərbaycanda peyvəndlənmə, demək olar ki, 50 faizdən çoxdur. Amma yoluxma sayı yenə də azalmır. Son günlər hətta, virusa yoluxanların sayı iki mindən yuxarı rəqəmlərlə müşahidə edilir. Bu isə insanlarda bir sıra suallar doğurur: ya vaksinasiya ilə bağlı rəqəmlər həqiqəti əks etdirmir, ya da peyvəndin keyfiyyəti aşağıdır...

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə deyib ki, virus yo­luxdurmağa davam etdikcə, mutasiyaya uğrayır. Mutasiyaya uğradıqca isə yeni növ ştammlar əmələ gəlir. Həmin ştamm­lar da ola bilər ki, bir müddətdən sonra vaksinasiyaya tabe olmasın. Professor deyib: “Ali və orta məktəblərdə dərslər başlayandan sonra şagirdlər, tələbələr arasında təmaslar həddindən artıq çoxal­mağa başladı. Təmaslar artdıqca, təbii ki, yoluxma potensialı da artır. Auditori­yalarda, ümumiyyətlə, karantin qaydaları gözlənilmir. Gənclər arasında yoluxma artımına səbəb onların vaksinasiyadan qaçması, yəni, əksəriyyətinin peyvənd vurdurmamasıdır.

Təcrübə göstərir ki, vaksin olunanlar arasında da xeyli yoluxanlar var. Düz­dür, bu insanlar xəstəliyi daha yüngül keçirirlər. Amma virus sürətlə mutasi­yaya uğrayır və insanlar həmin yeni mutasiyalara yoluxurlar. İndi Fransada “Delta” ştammından sonra daha bir mutasiya forması peyda olub. Bütün bu mutasiya formaları artıq virusun yeni-ye­ni kliniki xüsusiyyət göstərməsinə səbəb olur. Statistikaya əsasən deyə bilərik ki, yoluxma təkcə Azərbaycanda artmır, Av­ropada, Türkiyədə, İranda, Gürcüstanda da geniş yayılır. Bu baxımdan virusun mutasiyaya uğraması yoluxmanı artırır”.

Professor qeyd edib ki, yoluxmanın artmasının bir səbəbi də Azərbaycanda saxta vaksin kağızlarına meyilliliyin olmasıdır: “Xeyli adam yalandan kağız alıb ki, guya, vaksinasiya olunub. Real vəziyyətlə, elan olunan rəqəmlər arasın­da fərqlər var. Mətbuatda saxta vaksin kağızı verənlərin həbs olunması ilə bağlı məlumatları görürük. Bu cür hallar sanki bir şəbəkə halını alıb. Vaksinasiya apa­rılan məntəqələrdə belə saxta peyvənd kağızları verən şəbəkələr qurulub. Amma onların bu göstəriciləri portala necə yerləşdirmələri anlaşılmır”.

Hazırda yoluxma aşkarlanan məktəblər, qruplar onlayn qaydada tədrisə keçib. Amma tədris prosesində hələ də çətinliklər qalır. Onlayn tədris təhsilin keyfiyyətinə neqativ təsir edir, digər tərəfdən isə əyani sistem də yoluxmanı artırır. Bütün dünya belə bir vəziyyətin içərisindədir. Bundan çıxış yolu axtarılır. Hələ ki, vaksina­siya ən optimal yol olaraq qalır. Pro­fessor bu barədə deyib: “Yaxşı olar ki, peyvəndlənmə gənclər arasında intensivləşsin. Çünki vaksinasiya olunan şəxslərdə infeksiya zənciri bir növ qırılır. Bu şəxslər fərdi immunitetinə uyğun olaraq virusa az yoluxur, yoluxanda da xəstəliyi yüngül keçirirlər. Tək bizim ölkə yox, dünya çıxış yolunu vaksinasiyada görür. Məsələn, Afrikada, Asiyanın bəzi ölkələrində demək olar ki, vaksinasiya intensivliyi çox aşağıdır. O da yoluxma artımını qüvvədə saxlayır. Proseslərin gedişi göstərir ki, pandemiya 2022-ci ildə də davam edəcək. Bütün proses kollektiv immunitetdən, yəni vaksinasi­yadan asılıdır”.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının infeksionisti Vüqar Cavadzadə COVID – 19 virusu əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə danışarkən deyib ki, peyvənd nəticəsində orqanizmdə infeksiya əleyhinə anticisimlər ya­ranır. Ümumiyyətlə, orqanizmdə hansısa virusa qarşı anticisimlər ya peyvəndləmə, ya da xəstəliyə yolux­ma nəticəsində baş verir. Koronavirus infeksiyası əleyhinə vaksinasiya iki mərhələdən ibarətdir. Lakin risk qrupu­na daxil olan şəxslərin “buster”, yəni qüvvətləndirici doza ilə peyvəndlənməsi də məsləhətdir. “Buster” dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. Belə olan halda infeksiya ilə yoluxma ehtimalı azalır. “Buster” doza xüsusilə, yoluxma zamanı xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan insanların virus əleyhinə “buster” doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.

İnfeksionist bildirib ki, COVID–19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 65-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir: “Yaşının az ol­masına baxmayaraq, yanaşı xəstəlikləri olan vətəndaşlar da “buster” doza ilə peyvəndlənə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, “buster” doza vurdur­maq üçün mütəxəssis müayinəsindən keçmək lazımdır. Özümüzü və ətrafımızı qorumaq üçün vaksinasiyada aktiv işti­rak etmək vacibdir. Yalnız əhali arasında kütləvi immunitet formalaşdığı halda epidemioloji vəziyyət düzələ bilər”.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyonu, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyonu ötüb. İkinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 5 milyona, “buster” doza ilə peyvənd olunanların sayı 600 minə yaxındır. Əksər hallarda peyvənd ciddi fəsadsız ötüşür. Lakin bəzən peyvəndlənən insanın evdə vəziyyəti pisləşə bilər. Peyvənddən sonra çox dəhşətli baş ağrısı, baş gicəllənmə, huşun itməsi, bayılma, nitqin pisləşməsi, gözlərin qaralması, sinədə, qarında ağrılar, əl-ayağın qıc olması, dəridə qızarma, ürəkbulanma halları olarsa, mütləq təcili yardıma müraciət etmək lazımdır. İsrail və ABŞ mütəxəssisləri daha çox “Pfizer” peyvəndində tromboz­laşma riskinin olduğunu və belə hal­ların müşahidə edildiyini qeyd ediblər. Vaxtında xəstəxanaya çatdırılanların 80 faizi sağ qalır. Ona görə peyvənddən sonra bir qrup insanda qanın laxtalan­masına peyvənddən sonrakı 3 ayda nəzarət edilməlidir. Kanadalı həkimlər peyvənd vurduranlarda nevroloji simp­tomları sadalayıblar. Bunlar baş ağrısı, huşun dumanlanması, gözün qaralma­sı, əl-ayağın qıcolması ola bilər. Digər həyəcanverici əlamət peyvənd vurulan yerin ətrafında, ayaqlar və qollarda göyərmələrin əmələ gəlməsidir. Ürəkdə ağrı, nəbzin 120-dən yuxarı qalması, təngnəfəslik 2-3 gün ərzində keçmirsə, bu, həkimə getmək üçün əsasdır. Eləcə də, bəzi ölkələrdə peyvənd vurduranlar­da Giyena–Barre sindromu – ayaqların iflici və hissiyatın itməsi baş verib. Buna ən çox “AstraZeneka” peyvəndindən sonra rast gəlinib. Buna görə də həkimlər yaşlı insanlara peyvənddən öncə koaquloqramma (qanın tərkibini) analizi etməyi məsləhət görür. Bu halda trombozdan sığortalanmaq olar.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

2 Dekabr 2021 08:51 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə