Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə birinci Kitab Sərgisi böyük marağa səbəb olub

 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə üç gün davam edən “I Gəncə Kitab Sərgisi” başa çatıb.

Qeyd edək ki, sərgi respublikada böyük ma­rağa səbəb olub və onun yüksək səviyyədə təşkili razılıqla qarşılanıb. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək “I Gəncə Kitab Sərgisi” haqqın­da məlumat verib. O deyib ki, bu gün kitaba və mütaliəyə olan marağın artırılması olduqca vacibdir və ona görə də belə tədbirlərin təşkili mü­hüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi­nin sədri Şəmil Sadiq bildirib ki, bu sərgi “Nizami Gəncəvi İli”nə həsr olunub. Burada ölkənin ən yaxşı nəşriyyatları iştirak edir. Gəncə kitabsevərlərinin daha çox fəallıq göstərəcəyinə inandı­ğını vurğulayan Şəmil Sadiq 3 gün ərzində oxucuların burada yeni kitablarla tanış olacağını, endirimlərdən ya­rarlanacaqlarını bildirib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları çıxış edərək, “Ni­zami Gəncəvi İli”ndə Nizami yurdunda keçirilən “I Gəncə Kitab Sərgisi”nin gəncəli kitabsevərlər üçün əsl bay­ram olduğunu bildiriblər.

Sərgidə ANİB-in innova­tiv layihəsi olan “Öz kitabını sat” guşəsi də yer almışdı və bu guşə öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulmuşdu.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedirik” layihəsinin stendi də böyük maraq doğurub. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitabların toplan­ması olub. Sərgi iştirakçıları da layihəyə dəstək verərək, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondları üçün müxtəlif nəşrlər hədiyyə ediblər.

Məlumat üçün bildirək ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edib. Sərgidə satışa çıxarılan kitablara 50 faizədək endirim tətbiq olunub. Üç gün ərzində tanınmış şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saat­ları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar bura gələnlərin böyük marağına səbəb olub.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

1 Dekabr 2021 09:37 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci
13 Avqust 2022 | 06:18
Söz və əməl birliyi

Köhnə versiyamızdan xəbərləri izlə