Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı: aqrar sahə sürətlə inkişaf edir

Dağlar Masallının rayon mərkəzindən 10-12 kilometr uzaqda qərar tutsa da, zirvələr daha yaxın və aydın görünür. Çünki zirək, zəhmətsevər insanlar burada dağı dağ üstə qoyurlar. Dövlət qayğısı sayəsində isə sabaha inamın üfüqləri durmadan genişlənir.

Cənab İlham Əliyev prezidentliyi dövründə 10 dəfə Masallıya səfər edərək yeni-yeni uğurların bünövrəsini qoymuşdur. Üç il öncə dövlət başçısı burada Sənaye Məhəlləsinin açılışını edib, sahib­karlarla görüşüb və çəltik emalı müəssisəsini işə salıb. Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına həsr olunmuş respublika müşavirəsində Masallının da iqtisadi potensialı ətraflı nəzərdən keçirilib. İxracyönümlü məhsul istehsalının artırılması üçün dövlət başçısının verdiyi tapşırıqların icrası ilə bağlı ra­yonda tütün, giləmeyvə, faraş kələm əkinləri genişləndirilib, yeni sitrus bağları salınıb.

İcra hakimiyyətinin başçısı Şahin Məmmədov söhbət zamanı uğurlarla bərabər, problemlərdən, çətinliklərdən də söz açdı. Bütün səylərin inkişaf tendensiyasına yönəldilməsinin prio­ritet olduğunu bildirdi. Masallıda hər kvadratmetrə düşən əhali sayı 314 nəfərdir, yəni ölkə üzrə olandan ən azı 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 230 min əhalisi olan Masallıda həmin rəqəm 2030- cu ildə təxminən 300 minə çatacaq. Rəhbərlik perspektiv inkişaf baxımın­dan bu amilə diqqət yetirməyə çalışır.

Masallı əsasən aqrar rayondur. Əhalinin 85 faizi kəndlərdə yaşayır və əkin-biçinlə məşğul olur. Amma uzun illər bu sahəyə lazımi diqqət ayrıl­mamış, torpaqlar istifadəyə yararsız vəziyyətdə qalmışdı. Rayondakı 25 min hektar torpaq sahəsinin üçdə-biri əkilmirdi. Qalan torpaqda isə taxıl əkilirdi. İndi taxılla bərabər, iqlim şəraitinə uyğun olan daha rentabel­li məhsulların əkini üstünlük təşkil edir. Bir vaxtlar olduğu kimi, çayçılıq, sitrusçuluq, çəltikçilik və tərəvəzçilik inkişafdadır. Əkilməyən torpaqlar dövriyyəyə qaytarılır.

Fərəhli haldır ki, Masallıda torpaq az olsa da, işləmək istəyənlər çoxdur. Üç il əvvəl bir payız günü Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə Masallıda yaradılmış Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) 68 xidmət təqdim edilir. Əsas məqsəd fermerlərin yanında olmaq­dır. Ötən müddətdə minlərlə könüllü aqrar sektora cəlb edilib. Yerlərdə fermerlərə dəstək daimi xarakter alıb. Aqrar məşğulluğun artırılması layihəsi (AMAL) icra olunub və çoxlu gənc fer­mer bu layihədən yararlanaraq uğurlu biznes qura bilib.

DAİM-ə bacarıqlı mütəxəssis Sey­mur Nuriyev rəhbərlik edir. O deyir ki, dövlətin qayğısı əkinçiləri daha da ruhlandırır.

Seymur Nuriyev, DAİM-in direktoru:

– Builki əkinlərimiz əvvəlki ildəkindən xeyli çox olub. 7496 hektar buğda, 2842 hektar arpa, ilbəil artan həcmdə isə digər məhsullar yetiş­dirilib. Əkin strukturunda tərəvəz məhsulları 2 min, kartof 894, pax­lalılar 558, pomidor 522, xiyar 326, çəltik 281,6, noxud 200 hektar təşkil edib. Payızlıq əkinlər üçün 13 min 88 hektar sahədə şum vurulub. Payızlıq əkin aparan fermerlər işlərini yekun­laşdırıblar və onların 80 faizdən çoxu öz əkinlərini Masallı DAİM və Asan Xidmət mərkəzlərində, həmçinin Elektron Kənd Təsərrüfatı İnformasi­ya Sistemində bəyan edib.

Bildiyimiz kimi, birdəfəlik əkin subsidiyası 2021-ci ildə intensiv qaydada salınan portağal, limon, narıngi, nar, zeytun, fındıq bağlarına verilir. Bu subsidiyanı alanlar, eyni zamanda, intensiv bağlara verilən digər əkin subsidiyasını (ilk 4 ildə 700 manat, sonrakı illərdə 240 manat) da alırlar. Başqa sözlə, vətəndaşa bir müraciətlə 2 subsidiya verilir. 40 hektar sahədə birdəfəlik subsidiya­dan yararlanmaq üçün narıngi bağı salınması nəzərdə tutulub ki, hazırda bunun 30 hektarı əkilib. Qalan 10 hektarda iş davam edir. Əkinlər üçün stimul yaradılması fermerləri işə daha da həvəsləndirir...

Çəltikçilik qədimdən bu yerlər üçün ənənəvi sahə olub. Lakin sonra­dan onun əkilib-becərilməsi dayandı­rılıb. Sovet dönəmində Moskva və Le­ninqradı tərəvəz məhsulları ilə təchiz etmək üçün əsasən Azərbaycanın cənub bölgəsini seçmişdilər. Bu səbəbdən də cənub rayonlarımız çəltikçilikdən ayrılaraq Rusiyanın ucuz tərəvəzçilik bazasına çevrilmiş­di. Müstəqil Azərbaycanda torpaqlar əsl sahiblərinə veriləndən sonra kəndli istədiyini əkmək hüququ əldə etdi. Beləliklə, fermerlər çəltiyi də əkin strukturuna qatdılar. Torpaq sahibləri texnika, toxum, gübrə təchizatı ilə bağlı çətinliklərə sinə gərdilər. Tədricən rayonlarda aqrolizinqlər, fermer təsərrüfatları, istehsal və emal müəssisələri yaradıldı, kadr potensialı möhkəmləndirildi. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olun­ması, idxaldan asılılığın minimuma endirilməsi üçün mühüm tədbirlər gör­dü, fərman və sərəncamlar imzaladı.

Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018- 2025-ci illər üçün qəbul olunmuş Dövlət Proqramının icrası və Kənd Təsərrüfatı Nazirliyinin fevral ayında çəltikçiliyə həsr olunmuş müşavirəsindən irəli gələn məsələlər həllini tapır. Masallıda çəltikçiliyin inkişafı üçün mövcud imkanlar qiymətləndirilir, resurslardan səmərəli istifadə, toxumçuluq sisteminin elmi əsaslarla qurulması, ümumən müva­fiq bir yol xəritəsinin olmasının vacibli­yi nəzərə alınır.

Yaradılan münbit şərait sahib­karların xeyrinədir. Dövlətin verdiyi subsidiyalar, etdiyi güzəştlər adam­ları torpağa bağlayır. Bu il rayonun Xıl, Şıxlar, Boradigah, Qızıla­ğac, Tüklə, Yeddioymaq və digər kəndlərində 217,3 hektarda çəltik əkilib. Nümunəvi qulluq nəticəsində 771,4 ton yüksəkkeyfiyyətli çəltik toplanıb, hektarın məhsuldarlığı 34,2 sentnerə çatıb. Çəltiyin ema­lı ilə bağlı əvvəllər mövcud olan problem də həllini tapıb. Sahibkar tərəfindən kredit götürülərək, Çin Xalq Respublikasından müasir avadanlıq alınıb və zavod yaradılıb. Emal edilən düyünü isə əhali həvəslə alır. Çünki ekoloji cəhətdən təmiz və ətirlidir.

Fərhad Qəniyev, Boradigah qəsəbəsinin sakini:

– Mən 23 ildir ki, fəaliyyətimi torpağa bağlamışam. Şəxsi təsərrüfatımda heyvandarlıq əsas yer tutur. Süni mayalanma ilə do­ğulan buzovların sağlam böyüməsi üçün dövlətdən yardım alıram. Təsərrüfatımız sığortalanıb. Eyni zamanda, 45 hektarda taxıl, 30 hektarda vələmir, 30 hektarda yonca, 15 hektarda çəltik əkilib. “Haşimi” sortundan olan bu ətirli düyüyə tələbat böyükdür. Subsidiyalar bizə böyük dəstəkdir. Qazancımızdan 44 günlük Zəfər yürüşü zamanı ordumu­zun qəhrəman əsgərlərinə bacar­dığımız qədər sovqat göndərmişik. Kəndimizin və rayonumuzun abad­lığı üçün də əlimizdən gələni edirik. Ötən ilin sonunda III dərəcəli “Əmək” ordeninə layiq görülməyim sadə zəhmətimə verilən yüksək qiymətdir...

Min bir dərdin dərmanı olan çaya şeirlər qoşulub, nəğmələr bəstələnib. Təəssüf ki, müstəqilliyimizin ilk illərində bu mühüm sahə də tənəzzülə uğramışdı. Plantasiyaları örüş etmişdilər. Təbii ki, çay emalı fabrikləri də işləmirdi. İndi bu sahədə vəziyyət tamam fərqlidir. “Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Masallıda çay əkini sahələri 125 hektara çatdırılıb. Onun 100 hektarı “Azərsun-Holdinq” şirkəti tərəfindən salınıb. Cari ildə isə rayon üzrə çay plantasiyaları daha 17 hek­tar artıb.

Rayonun tanınmış fermerlərindən biri də Seyran Nəcəfovdur. Bu il oktyabrın 30-da Prezident sərəncamı ilə o da III dərəcəli “Əmək” orde­ni ilə təltif olunub. Oğlu Əli Vətən müharibəsində iştirak edib, şəhidlik zirvəsinə ucalıb. Ata əsgər balasının igidliyi ilə fəxr edir, əlini işdən soyut­mur.

Seyran Nəcəfov, fermer:

– Yaşadığım Tüklə kəndində “Xəzər” MMC yaratmışam. 15 nəfərin çalışdığı təsərrüfatımız 40 hektar sahəni əhatə edir. Bunun 3 hektarı çay plantasiyasıdır. Qalanında çəltik, taxıl əkilir. Gələn ildən bu məhsulların sahəsini daha da artıracağıq. Bu­nunla bağlı dövlət bizə hərtərəfli dəstək olur. Lənkəran peşə liseyinin mütəxəssisləri aqrotexniki qaydada əkin və qulluq işlərində məsləhətlərini əsirgəmirlər. Gələcəkdə heyvandar­lıqla da məşğul olmaq arzusunda­yam. Rayonda fəaliyyətimiz üçün gözəl şərait yaradılıb. Diqqətdən, qayğıdan çox razıyıq...

Rayonun düzənlik ərazisində kartofçuluq üçün yaxşı şərait var. Bu­rada torpaq münbitdir, həm də əkilən bitkiləri artezian quyuları ilə suvarmaq mümkündür. Odur ki, mülkiyyətçilər kartof sahələrini ilbəil artırırlar. Bunun başlıca səbəbi kartofun yaxşı gəlir gətirməsidir. Aprel ayının sonu, may ayının əvvəllərində yığılan bu məhsul əsasən Rusiya Federasiya­sının bazarlarına göndərilir. Məlumat üçün bildirək ki, bu il Masallıda 893,6 hektarda kartof əkilib, sahələrdən 15 min 530 ton məhsul əldə olunub. Bu, əvvəlki ildəkindən 228 ton çoxdur.

Son illər rayonda çiyələk əkininə də maraq xeyli artıb. Yüzlərlə hektar­da çiyələk əkilir. Bunlar əsasən “Albi­on”, “Salanderiya”, “Samra” və digər sortlardır. Hektardan məhsuldarlıq 100-150 sentner olur.

Tüklə kəndindən fermer Əbdül İsmayılov həm özü çiyələk əkir, həm də rayonun məhsulunun xaricə satışına yardımçı olur.

Əbdül İsmayılov, “Uğur SVE” firmasının rəhbəri:

– Bölgədə ilk dəfə olaraq mən çiyələk üçün soyuducu-şoklama kameraları qurmuşam. Bu, imkan verir ki, gündə 15-16 ton məhsul çürümədən xilas olsun. Hər il bizim əlimizlə Rusiyaya 600-700 ton çiyələk gedir. Mövsüm ərzində 200 nəfərə qədər kəndli işlə təmin edilir. Özümün çiyələk sahəm 30 hektardır. Böyük istixana yaratmaq üzrə layihə hazır­lamışam. Baş tutsa, camaat üçün ilboyu iş olacaq. Bundan başqa, 10 hektarda böyürtkan, 4 hektarda çay əkinini həyata keçirmişəm. Qazan­cımız yetərincədir. Abadlıq işlərinə də könüllü kömək edirik. Məsələn, kəndimizdə mənim şəhid qardaşım Vasif İsmayılovun adına küçə var. Orada firmanın hesabına 32 elektrik dirəyi quraşdırmış, küçəni işıqlandır­mış və abadlaşdırmışıq. Fəal həyat mövqeyi tutmağımız ilk növbədə ölkə rəhbərliyinin bizim üçün zəruri şərait yaratmasının nəticəsidir. Buna görə qalib dövlətimizin rəhbəri, Müzəffər Ali Baş Komandanımıza ürəkdən minnətdarıq.

Viləşçay su anbarı rayonun bolluq, bərəkət mənbəyidir. Onun suvar­ma imkanlarının artırılması dövlətin diqqətindədir.

Rusif Kərimov, “Viləşçay Su Anbarı” İstismarı İdarəsinin rəisi:

– Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, kənd təsərrüfatı məhsullarının istehsa­lına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub və həyata keçirilir. “Viləşçay”ın su tutumu rayonumu­zun ərazisində cəmi 10 min hektar əkin sahəsinə çatır. Prezidentin sərəncamına əsasən, tezliklə anbarın 2-ci növbəsinin tikilməsi sayəsində bu rəqəm iki dəfədən də çox arta­caq. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tender keçirib. “GİDROtrans Proyekt” şirkəti qa­lib gəlib və hazırda həmin layihə işləri aparılır. Yeni layihədən qonşu Cəlilabad və Neftçala rayonları, Lənkəranın bir hissəsi də fayda­lanacaq. Həmin ərazilərin içməli və kənd təsərrüfatı suları ilə daimi təminatına nail olunacaq. Su anbarı­nın böyüməsi, demək olar ki, bütün regionda kənd təsərrüfatının inkişafı­na güclü təkan verəcək.

Magistral sağ sahil beton kanalın­da 400 metrlik beton üzlük yenidən işlənib. Viləşçay su anbarının irri­qasiya və suburaxıcı qurğusunda gələn il suvarma suyunun verilməsi üçün hidrotexniki cihazların sazlama işləri aparılır. Üç il əvvəl Prezident sərəncamı ilə 37 ədəd kiçik sututarı­nın təmir-bərpa işlərini həyata keçir­mişik. Bununla da 3230 hektar əkin sahəsinin suvarılması yaxşılaşdırılıb. Hazırda daha 22 ədəd kiçik sututarı­nın təmir və bərpası üçün layihə işləri aparılır. Gələn il rayonumuzda 4 sit­rus bağının və çayçılığın inkişafı üçün subartezian quyularının qazılmasına dair verilmiş Prezident sərəncamı da tam icra olunacaq.

Masallıda kənd təsərrüfatının digər sahələrində - baramaçılıq, arıçılıq, tütünçülükdə də dinamik inkişaf var. Ötən il rayona 140 qutu ipəkqurdu toxumu gətirilərək 57 kümçüyə paylanıb, onların səyi ilə 2 min 287,5 kiloqram yaş barama tədarük edilərək “Azəripək” MMC-yə təhvil verilib. Buna görə baramaçıla­rın bank hesabına 8 min 900, habelə Aqraq Kredit və İnkişaf Agentliyi tərəfindən 11 min 140 manat köçürü­lüb.

2018-ci ildən başlayaraq arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə hər arı ailəsinə görə ayrıca subsidiya verilməsi əhalinin bu sahəyə də ma­rağını artırıb. Keçən il rayon üzrə 564 arıçı saxladığı 9 min 918 arı ailəsini Elektron Kənd Təsərrüfatı İnformasi­ya Sistemində qeydiyyatdan keçirib. Həmin arı ailələri Masallı DAİM-in mütəxəssisləri tərəfindən monitorinq edilib və arıçılara 5 min 640 manat subsidiya ödənilib. Bütövlükdə, ötən il rayonda 50 tondan çox bal tədarük olunub.

Masallıda keçən il 51 hektarda tütün əkilib, 87,1 ton tütün yarpağı yığılaraq qəbul məntəqəsinə təhvil verilib. Bir çox digər məhsulların da istehsalı artmaqdadır. Aqrar sahənin tərəqqisi həm ölkədə ərzaq bolluğuna səbəb olur, həm də rayon əhalisinin güzəranını daha da yaxşılaşdırır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

1 Dekabr 2021 09:42 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Yanvar 2022 | 10:55
Neft bahalaşıb
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə