Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa-quruculuq işləri uğurla başa çatacaqLaçın

Laçın Azərbaycanın füsunkar ərazilərindəndir – sıx meşələr, uca dağlar, gen dərələr, Səməd Vurğun demişkən, könül açan mənzərələr, bol sulu çaylar, buz bu­laqlar. 1835 kvadrat kilometr sahəni əhatə edən bu gözəllik, ecazkarlıq təbii yeraltı sərvətlərlə də zəngin idi.

1992-ci il mayın 8-də Şuşa işğal edildi. Bu işğal Laçının müdafiəsini çətinləşdirdi. Belə hərbi vəziyyətdən yararlanan Ermənistan silahlı birləşmələri mayın 18-də Laçın rayonunu işğal etdi. Bir şəhərin, 1 qəsəbənin, 135 kəndin əhalisi didərgin düşdü. Bu didərginlik 28 il çəkdi. Status-kvonu saxlamaq­la işğal etdiyi torpaqları öz ərazisinə qatmaq, Qarabağın dağlıq hissəsində yeni bir erməni dövləti yaratmaq istəyən Ermənistan bütün vasitələrlə sülh danışıqlarından yayınırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlığından sonra da Ermənistan niyyətindən daşınmırdı, yeni ərazilər işğal etmək üçün müxtəlif vaxtlarda dövlət sərhədlərindən, müxtəlif istiqamətlərdən hücumlar edirdi. 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da ağır məğlubiyyətlərə uğrayan düşmən 2020-ci il sentyabrın 27-də də artilleri­ya dəstəyi ilə yenidən hücuma keçdi. Azərbaycan Ordusunun bölmələri bu hücumun da qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlandı. Bu əmr ordumuzun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun ifadəsi idi. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu.

İşğalçı Ermənistan illərlə havadar­larının siyasi, maddi, hərbi dəstəyindən bəhrələnmişdi, işğal etdiyi ərazilərdə möhkəmləndirilmiş müdafiə sədləri yarat­mışdı, “Ohanyan səddi” də müdafiə siste­minin tərkib hissələrindən idi. Azərbaycan Ordusu bu sədləri darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Bi­zim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Azərbaycan Ordusu döyüşə-döyüşə düşmənin komanda-qərargah məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini məhv edir, mühüm mövqe qələbələri qazanırdı. Bu qələbələr böyük Qələbənin başlanğıcı idi...

Şuşa noyabrın 8-də işğaldan azad edildi. Bir erməni döyüşçüsü Narek Djaninyan Azərbaycan əsgərinin döyüş əzmini belə ifadə edirdi: “400 nəfər görür­dük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdi. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyildi”.

Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində tarixi qələbə oldu. Bu qələbə düşmənin tam məğlubiyyətinin başlanğıcı idi. 2020-ci ilin üçtərəfli Bəyanatı Ermənistanın bu müharibədə tam məğlubiyyət aktı idi. Bu sənəd işğalın sona çatdığını bəyan edən sənəd idi. Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından döyüşsüz çıxmalı idi. Çıxdı, da. Ancaq erməni xisləti ilə – kəndləri – şəhərləri zamanında dağıtmışdı, nisbətən salamat qalanlarını da yandırıb çıxırdı, VI əsrə aid Alban Ağoğlan məbədini, 14-cü əsrə aid Məlik Əjdər türbəsini, Laçın tarix muzeyini, qızıl, gümüş, tunc sikkələrdən ibarət qədim kolleksiyanı məhv etmişdi.

Ermənilik dünyəvi dəyərlərə zərrəcə məhəl qoymamışdı. II Dün­ya müharibəsində faşistlərin törətdiyi vəhşilikləri ermənilər XX əsrin sonlarında Azərbaycanda törətmişdilər. Bu vəhşiliyin davamı kimi Laçın rayonunun təbii re­surslarını talan etmişdi, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə qazanc mənbəyinə çevirmişdi. İşğal edilmiş Laçın rayonunda Suriyadan olan erməni əsilli qaçqınla­rın məskunlaşdırılması da erməniliyin təzahürü idi...

Vətən müharibəsi Zəfərlə başa çatdı. Ermənistan silahlı birləşmələri üçtərəfli bəyanata əsasən Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etdilər.

Laçın rayonu dekabrın 1-də işğaldan tam qurtardı. İyirmi səkkiz il laçınlıların doğma səsini eşitməyən Laçında da Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyələri və təsdiq etdiyi layihələr əsasında yenidənqurma işlərinə başlandı.

Güləbird kəndində qaldırılan, dalğa­landırılan bayrağımız qalibiyyət bayrağı kimi göy üzünü süslədi. İşğaldan azad edilən ərazilərdə quruculuq işlərinə başlandı. Prezident İlham Əliyev işğaldan azad edilən digər rayonlar kimi Laçın rayonunda da səfərlərdə oldu – 2021-ci il fevralın 14-də və avqustun 16-da. Dövlət sərhədləri möhkəmləndirilən Laçın rayonunda indi fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

Güləbird Su Elektrik Stansiyası işə salınıb. Təxminən Qubadlı rayonunun Xanlıq kəndi, Laçın rayonunun cənub hissəsi, digər infrastuktur layihələri də bu stansiyanın xidmətindən bəhrələnəcək. Laçın rayonunun Qorğu kəndi ərazisində inşa edilən hava limanı Kəlbəcər rayonu ilə əlaqəni xeyli dərəcədə asanlaşdıraraq, gələcəkdə turizmin inkişafına da təsir göstərəcək.

Dövlət başçısı bölgəyə səfəri za­manı dedi: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanları­mız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”

Laçında səfərdə olarkən cənab Prezident bildirdi ki, bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək...

2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda əməliyyatlarda igidliklə döyüşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Bu günlərdə Zəngilan rayonunun Ağalı kəndində – “Ağıllı kənd”də aparılan tikinti işlərini mən də gördüm. Bu tikinti Azərbaycanın işğaldan azad edilən rayonlarımızda quruculuq işlərinin nəticələri haqqında ən gözəl zəmanət – görüntüdür. Azərbaycan cəmiyyəti də, xarici dövlətlər də quruculuq işlərini Vətən müharibəsində qazanılan Zəfərin məntiqi davamı hesab edir. Prezident İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində demişdi: “Gün gələcək ... bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal edilmiş və azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır”.

Laçında da quruculuq işləri uğurla davam edir. Laçınlıların Laçına qayıda­cağı günün ərəfəsindəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində Zəfər qazandıq, qurucu­luq işlərini də böyük nailiyyətlərlə başa çatdıracağıq...

Səbinə XASAYEVA, Milli Məclisin deputatı

1 Dekabr 2021 09:33 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Yanvar 2022 | 10:55
Neft bahalaşıb
27 Yanvar 2022 | 10:18
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə