Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın tezliklə ölkəmizin gözəl guşələrindən birinə çevriləcək

Ermənistan tərəfindən 1992-ci il mayın 18-də Laçın rayonunun işğalı nəticəsində 267 nəfər şəhid oldu, 65 nəfər itkin düşdü, 77 min 518 sakin respublikamızın müxtəlif bölgələrində məcburi köçkünə çevrildi.

Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa görə Laçın­dan 5 nəfər Azərbaycan Respubli­kasının Milli Qəhrəmanı adına layiq görüldü.

Düşmən işğal dövründə rayonu tamamilə dağıtdı: 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri talan və məhv edildi. Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qaldı. O cümlədən, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux yaşayış sahəsində qədim qəbiristanlıq viran edildi, Laçın Tarix Muzeyindəki qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiya oğurlandı.

Beynəlxalq humanitar hüququ, o cümlədən, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da qeyri-qa­nuni fəaliyyət göstərdi, coğrafi adları dəyişdirdi, rayonun təbii resursla­rını taladı, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirdi, burada məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin demoqrafik tərkibini dəyişdirdi.

İşğal illərində rayonun xüsusi mühafizə olunan iki təbiət ərazisinə – Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığına böyük ziyan vurulub. Respublikamızın ekoloji əhəmiyyətə malik 7 relikt gölündən Laçındakı Zalxagöl, Qaragöl, Can­lıgöl, İşıqlı Qaragöl böyük antropo­gen təsirlərə məruz qalıb. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Laçın rayonundan məcburi qovulan Azərbaycan vətəndaşlarının xeyrinə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci il 16 iyun tarixli qərar imzala­yaraq, onların İnsan Hüquqları və Fun­damental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət, şəxsi və ailə həyatına hörmət hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının hava­dan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağı­dılması, şəhərin talan edilməsi və yan­dırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü, su­verenliyini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyərək, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin, eləcə də digər beynəlxalq qurumların bu istiqamətdəki sənədlərinin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozub və Azərbaycana qarşı ilhaq siyasəti yürüdüb.

Təəssüf ki, Ermənistan uzun illər Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının heç zaman onun güd­düyü siyasi nəticələri verməyəcəyini, status-kvonun dayanıqlı olmayacağını və qəbuledilməzliyini dərk etmədi. Halbuki düşmən anlamalı idi ki, bölgənin, eləcə də özünün demokratik, sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, ilk növbədə, beynəlxalq hü­ququn aliliyinin təmin olunmasından, işğal amilinin aradan qaldırılmasından, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından ası­lıdır. Yalnız Azərbaycanın işğal olun­muş Qarabağ və ətraf bölgələrdəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmaları iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurul­masına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunma­sına imkan yarada bilər.

Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq aləmin bu məsələyə laqeyd münasibətindən yararlanıb işğal siyasətini davam et­dirdi, yeni ərazilər ələ keçirmək üçün təxribatlar törətdi. Nəhayət, ötən il Azərbaycan Ordusu düşmənin növbəti hücumuna əks-həmlə əməliyyatları ilə cavab verdi və bununla da başlayan, 44 gün çəkən Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri və bir sıra mühüm strateji mövqelər də düşməndən təmizləndi. Məhz belə bir şəraitdə Ermənistan kapitulyasiya imzalama­ğa məcbur edildi. Beləliklə, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Qarabağ və ətraf rayonla­rın yağı tapdağından xilas olunma­sı uğrunda apardığımız müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Müzəffər ordumuzun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bir güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də beynəlxalq aləmdə mütləq qalibiyyətimizin göstəricisi kimi tarixə yazıldı.

Rayon işğal ediləndən sonra hər bir laçınlı daim yurd həsrəti ilə ya­şadı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istər sülh, istərsə də müharibə yolu ilə işğal altında olan torpaqlarımızın, eləcə də Laçın rayonunun azadlı­ğını gerçəkləşdirəcəyinə inandı və nəhayət, 2021-ci il dekabrın 1-də öz istəyinə qovuşdu. Dövlətimizin başçısı həmin gün xalqa müraciətində dedi: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olun­du. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Qəsbkarın caynağından alınan La­çın rayonu yuxarıda bildirdiyimiz kimi, tamamilə dağıdılıb, təbii sərvətlər talan edilib. Düşmən ərazidən çıxarkən, hətta evləri yandırıb, infrastrukturu sıradan çıxarıb.

Ümumiyyətlə, təkcə Laçında deyil, işğaldan xilas edilən digər rayonlarımızda da işğalçı genişmiqyaslı barbar hərəkətlər törədib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu barədə deyib: “İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır”.

Azərbaycan Prezidenti həmin müraciətində Laçın tapdaq altında ol­duğu dövrdə ermənilərin özlərini bura­da, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim etmələrini də vurğula­yıb: “Halbuki əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoy­mayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər…”.

Dövlətimizin başçısının dedi­yi kimi, işğalçı tərəfindən həmin ərazilərimizdə, xüsusilə Ağdam, Fü­zuli, Cəbrayıl, Zəngilan rayonlarında on minlərlə hektarda taxıl əkilib, ildə 90 min ton taxıl yığılıb. Ermənistanın bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısı Azərbaycan ərazilərindən götürülüb. Bu, torpaqlarımızın qanunsuz istisma­rıdır. Şübhəsiz ki, bu talançılığa cavab veriləcək, dəyən ziyan ödəniləcək. Yaxud, düşmən illərlə yaradılan üzüm bağlarını dağıdıb, yerində köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Çünki həmin bağlardan istifadə edilib: “Vəhşi kimi gəlib başqasının torpağına onu istis­mar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Laçında genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Uzun­luğu 72,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolunun üzərində 3,4 kilometrlik tunelin sürətlə tikilməsi və Laçın Beynəlxalq Hava Limanı ilə bağ­lı layihənin uğurla icrası bunun bariz ifadəsidir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

1 Dekabr 2021 09:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə