Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pandemiya şəraitində iqtisadi sahənin inkişafına mənfi təsirləri uğurla aradan qaldırır

 

 

Dünyada COVID-19 pandemiyası bütün sahələrin, eləcə də iqtisadiyyatın inkişafına mənfi təsir göstərib. Bunun aradan qaldırılmasının başlıca şərti isə mövcud virusun yayıldığı ilk vaxtlardan problemə vaxtında müdaxilə etmək və prosesin səmərəli idarə edilməsini diqqətdə saxlamaq olub.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və reallaşdırılan antiböhran proqramı, testləşdirmə, vaksinləşdirmə resurs­larına tez bir vaxtda çıxış, səhiyyə infrastrukturunun gücləndirilməsi, iqtisadiyyata miqyaslı yardım proqramlarının gerçəkləşdirilməsi nəticəsində ölkəmizdə ötən ilin iqtisadi tənəzzülünün qarşısı alınıb, iqtisadiy­yatın bərpa və artımı təmin edilib.

Hazırda qeyri-neft sektoru real ifadədə pandemiyadan əvvəlki səviyyəni üstələyir, qeyri-neft sektoru­nun bütün sahələrində yüksək artım, bir sıra sahələrdə isə ikirəqəmli artım müşahidə olunur.

Qeyr-neft ixracı son 10 ayda 42 faiz yüksəlib, iqtisadi bərpa və artım məşğulluğun da artmasını və ölkədə işsizlik səviyyəsinin azalmasını şərtləndirib, fiskal sabitlik təmin edilib. Defisitlə proqnozlaşdırılan büdcənin 10 ayın yekunlarına görə profisitlə icrasına nail olunub.

Bu ilin ilk aylarından pandemiyanın əhatə dairəsinin zəifləməsi, vaksina­siya prosesinin genişlənməsi, idarə oluna bilən fiskal proqramların qəbul edilməsi cari ilin iqtisadi göstəricilərinin tədricən yaxşılaşmasına müsbət təsir göstərib. Məsələn, ötən 10 ay ərzində Azərbaycanın qeyri-neft ixracı 2,05 milyard ABŞ dolları təşkil edib ki, sonuncu dəfə bu rəqəm 2014-cü ildə qeydə alınıb. İndiki vaxtda ixracın dayanıqlı və keyfiyyətli artımında innovativ, texnoloji tutumlu mal və məhsulların ixracına üstünlük verilməsi önəmli rol oynayıb.

Onu da vurğulayaq ki, 2021-ci ilin 9 ayını əhatə edən ixrac məhsulları üzrə statistik hesablamalara əsasən, dəyər baxımından Azərbaycanın ümumi ixracında aralıq məhsulların payı 72,4 faiz, qeyri-neft sektoru üzrə isə 72 faiz təşkil edir. Qeyri-neft sektoru üzrə ixracda isə son istehlak məhsullarının payı 27 faiz həddindədir. Sözügedən göstəriciyə əsasən, aqrar, aqrar-sənaye məhsulları və digər ev təsərrüfatları ehtiyaclarını qarşıla­yacaq mallar daxildir. Bu müddətdə idxal göstəricilərinə əsasən, ara­lıq məhsulların payı 48,3 faiz, son istehlak məhsulları 34,3 faiz, kapital məhsulları isə 17,4 faiz təşkil edir.

Sözügedən göstəricilərin dinamik­liyini nəzərə alsaq deyə bilərik ki, ötən il 3 faizdən çox azalan qlobal ÜDM-in 2021-ci ilin sonunadək 5,9 faiz artaca­ğı proqnozlaşdırılır. Qarşıdakı dövrdə Azərbaycanda rəqəmsal transformasi­yanın, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl iqtisadiyyat”ın inkişaf prioriteti kimi seçilməsi də iqtisadi inkişafa üs­tünlük qazandıracağını şərtləndirir.

Cari il üzrə dinamik artım tem­pinin, eləcə də büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin qorunub saxlanması, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyə balansı hesabla­rında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının, həmçinin qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması, makro-iqtisadi sabitlik gələn ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayır.

Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoyduğu yurdları­mıza yeni nəfəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrast­rukturları qurulur, tarixi, mədəni, dini irsimiz bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayıdı­şın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri ilə ölkə iqtisa­diyyatına reinteqrasiyası, bunun­la əlaqədar dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin gücləndirilməsi məsələsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial-iq­tisadi inkişafına dair cari ilin fevral ayında müəyyənləşdirdiyi 5 illik inkişaf prioritetlərindən biridir.

Bütün görülən bu tədbirlər iq­tisadi sahələrdə artım templərini sürətləndirib. Cari ilin yanvar-sentyabr aylarında ÜDM 4,8 faiz artıb. Əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik ar­tım tempi 9,3 faiz təşkil edibsə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizdən çox yüksəlib. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi bu ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ötüb ki, bu da proqnozlaşdırılan illik ÜDM-in təqribən 110 faizinə ekvivalent təşkil edib.

Yuxarıda qeyd edilənlərlə bərabər, bu ilin yanvar-oktyabr aylarında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstərici sayılır. Bütövlükdə 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir.

Cari il ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pande­miya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi də mühüm rol oynayıb. Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

İlin 10 ayında vergi daxilolma­ları 16 faizədək artaraq 7,4 milyard manata çatıb, proqnoz 122 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1,3 milyard manatdan çox vəsait daxil olub. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13 faizədək artaraq 5,4 milyard mana­ta çatıb, proqnoz 116 faiz səviyyəsində reallaşıb. Sektordan daxilolmalar ümumi daxilolmaların 73 faizini ötüb.

Hesabat dövründə özəl sektor­dan daxilolmaların artım sürəti daha yüksək olub. Belə ki, cari ilin 10 ayın­da sektordan daxilolmalar 20 faizədək artıb və onun cəmi daxilolmalarda xüsusi çəkisi 56 faizə çatıb.

Xarici ticarətin profisiti 9 ay ərzində 2,3 dəfə artaraq 6,3 milyard dollar təşkil edib. Ölkənin həm xarici ticarətində, həm də tədiyyə balansında profisitlik müşahidə olunub.

V.BAYRAMOV,

“Xalq qəzeti”

1 Dekabr 2021 01:17 - İQTİSADİYYAT
İQTİSADİYYAT
19 Yanvar 2022 | 09:51
AMB-nin valyuta məzənnələri
19 Yanvar 2022 | 09:16
Neft bahalaşıb
18 Yanvar 2022 | 09:19
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə