Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soçidə Azərbaycanın milli maraqları hərtərəfli qorundu

İkinci Qarabağ müharibəsinin sonu olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanan üçtərəfli bəyanat tarixi həqiqətləri ortaya qoydu. Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasına real imkanlar yaratdı.

Artıq Ermənistan cəmiyyəti, eləcə də onun güc strukturları siyasi və hərbi iflasın reallıqlarını qəbul edirlər. Əslində Nikol Paşinyanın uğursuz siyasəti məşhur gürcü filmi “Əsgər atası”nda deyilən bir fikri yada salır: yoldaş bu necə əmrdir, biri irəli deyir, o biri isə geri əmrini verir. Bilmirsən hansı tərəfə gedəsən?!”

Bu fikir Ermənistanın bu günkü siyasəti ilə tam üst-üstə düşür. Elə bir uğursuz siyasi mühüt yaranıb ki, çarəsiz qalan Nikol Paşinyan bilmir kimin ətəyindən yapışsın, kimə qulaq assın. Gah yazıqcasına Rusiyaya üz tutur, gah da daxili təzyiqlərə dözməyərək Avropadakı havadarlarından kömək umur. Xaricdən ianələr hesabına əldə etdikləri silahlarla Azərbaycanın sərhəd məntəqələrini atəşə tutmaqla, daxili siyasətə hesablanmış “qəhrəmanlıqlarını” özlərinin xilas yolu hesab edirlər. Amma əsl həqiqət isə tam başqadır.

Hərdən bir ziyalı kimi düşünürəm ki, niyə kapitulyasiyaya titrəyə-titrəyə imza atan Nikol hər çıxışında Azərbaycana meydan oxumağı unutmur. Bu azmış kimi rəhbərindən ilham alan xarici siyasət idarəsinin başçısı David Babayan bir az da irəli gedərək qeyd edir ki, ”Artsax” heç bir zaman Azərbaycanın tərkibində olmayacaqdır. Avropa və Amerika rəsmləri qarşısında çıxış edərkən göz yaşları axıdan bu zavallılar bizə gəldikdə niyə avantüralarından əl çəkə bilmirlər?!

Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş bunların ən mükəmməl və əyani cavabı oldu.

Daha önəmli bir məsələ də unudulmamalıdır ki, Soçi görüşü və imzalanmış üçtərəfli Bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədəki siyasətini və mövqeyini birmənalı sübut etdi. Soçi görüşü həm də onu göstərdi ki, 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusu tərəfindən məğlub edilən və hərbi potensialı məhv edilən Ermənistan diplomatik cəbhədə də məğlubiyyət yaşamaqdadır.

Digər tərəfdən görüşün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ilin sonunadək Brüsseldə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan görüşündən əvvəl baş tutması bir daha göstərdi ki, Rusiya dünyanın ən böyük, Qafqazın isə ən qüdrətli dövləti olaraq regionda baş verən bütün proseslərə nəzarəti yenə də öz əlində saxlayır.

Mən bu sətirləri yazarkən sərhədlərimizdə baş verənləri, Şuşa, Laçın, Kəlbəcər istiqamətində geniş miqyaslı təxribatları yenidən yada salmalı oldum. Yenə ölüm-itim, qırğına aparan revanşist səbəblər, tələblər... Bu hadisələr Nikol Paşinyan hakimiyyətinin məntiqi nəticəsidir. İndi bu, təkcə bizim yox, tədricən sivil dünyanın da mövqeyi olmaqdadır. İtaliya Senatının “İrəli İtaliya” Partiyasının üzvü Urania Papatheunun açıqlamaları İtaliyanın “Agen Parl”, “Agenzia Nova”, “La presse”, “Akanws”, “Dire”, “9 Colonne” xəbər agentlikləri tərəfindən geniş yayılıb. Xanım senator Ermənistan tərəfinin sonuncu hərbi təxribatını pisləməklə yanaşı Azərbaycanın siyasi kursunu dəstəklədiyini dilə gətirmişdir. Senator qeyd edir ki, Avropa İttifaqı müdaxilə etməli, müharibə istəyənləri qətiyyətlə pisləməlidir, nə qədər gec deyil Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən və ərazi iddialarından birdəfəlik əl çəkməlidir.

Sonda bir məsələyə də toxunmağı vacib hesab edirəm. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində deyirdi: “Qonşularımız arasında mübahisələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində, sülh yolu ilə dərhal həll edilməsinə tərəfdarıq. Ermənistanın ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməsini, atəşkəsə tam əməl etməsini və əməkdaşlığa qatılmasını istəyirik”.

Heç şübhə etmirik ki, bu rəsmi çağırışın dəyərləndirilməsi bütün Qafqaz regionunun gələcək inkişafı üçün böyük ümidlər yaradır və Qafqazın həyatında yeni hadisə olacaqdır.

Rüfət RÜSTƏMOV,

BDU-nun türk filologiyası kafdedrasının müdiri,

filologiya elmləri doktoru, professor, yazıçı-publisist

1 Dekabr 2021 01:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə