Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Qələbəsi Aşqabad Bəyannaməsində də öz əksini tapdı

 

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Aşqabad, 28 noyabr 2021-ci il

 

Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

Aşqabad, 28 noyabr 2021-ci il

 

 Bu sənədi KTMT üzvü olan üç ölkə də imzalamışdır

 

 

Politoloqların iki-üç il əvvəl dediyi “Zaman Azərbaycanın xeyirinə işləyir”– ifadəsinin təsdiqini əvvəllər çox görmüşük. Sevindirici haldır ki, son zamanlar daha intensiv şəkildə həmin həqiqətin şahidi oluruq. Çünki dövlət başçımızın son səfərləri və iştirak etdiyi tədbirlər təkcə uğurlarımızın artmasına səbəb olmur, həm də əvvəlki illərdəki nailiyyətlərimizin bütün dünyada təşviqini təmin edir, növbəti uğurlarımızın daha genişmiqyaslı olmasına zəmin yaradır.

Dünya ictimaiyyəti Prezident İlham Əliyevin Soçi səfərində əldə etdiyi nailiyyətləri müzakirə etdiyi günlərdə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı keçirildi. Dövlət başçımızın həmin tədbirdə iştirakı Azərbaycan üçün bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi.

Xatırladaq ki, Soçidə keçirilmiş görüşlərdə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsi və sərhəd göstəricilərinin tətbiq edilməsi barədə razılıq əldə edilmiş, Zəngəzur dəhlizinin açılması qərara alınmışdır.

Aşqabadda isə bir neçə dövlət başçı­sı həm bu faktlara, həm də ötənilki şanlı qələbəyə görə Azərbaycanı təbrik etdi. Türkiyə Cümhuriyyətinin, Pakistan İslam Respublikasının, İran İslam Respublika­sının və Türkmənistanın dövlət başçıları bu təbrikləri dilə gətirməklə, iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin nü­mayiş etdirdiyi ədalətli mövqeyə qatılmış oldular.

Qeyd edək ki, dövlət başçımız Soçidən qayıdarkən Rusiyanın “Rossi­ya-1” telekanalına verdiyi müsahibədə demişdi ki, Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır: “Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir”.

Aşqabadda da hiss etdik ki, za­man tamamilə Azərbaycanın xeyirinə işləyir. Türkmənistandakı tədbirlərin Azərbaycan oxucusu üçün ən yadda­qalan məqamı Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər oldu: “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapıla­rını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaq­da davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır”.

Zirvə toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi isə bilavasitə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin memarını təbrik etdi: “Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”.

Yeri gəlmişkən, həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü zamanı da artıq keçmişdə münaqişə dövründə Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edilmişdi. Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparmış, son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olunmuşdu.

Dövlət başçımızın Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü də son yarım ildə yaranmış bəzi xoşagəlməz söz-söhbətlərin üstündən xətt çəkilməsini təmin etmişdir. Belə ki, “Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür” – deyən İran Prezidenti xatırlatmışdır ki, Qara­bağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi: “İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturların­dakı bütün məmurlarının hamısının möv­qeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respub­likasının ərazi bütövlüyü təmin olunma­lıdır. Biz əminik ki, Azərbaycan Respub­likasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək”.

Daha maraqlı olan məqamlardan biri də o idi ki, söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal –Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olun­muşdur. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydala­nacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğu­lanmışdır. Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiya­si vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı.

Ekspertlər yazırlar ki, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplan­tısının yekun Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanla­nan təbrik də, şübhəsiz ki, təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diploma­tik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hü­ququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

Belə ki, Azərbaycana təbrik ünvanla­yan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması Aşqabad Bəyannaməsində ərazi bütöv­lüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

1 Dekabr 2021 00:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə