Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soçi görüşü Azərbaycanın bölgədə əsas söz sahibi olduğunu bir daha nümayiş etdirdi

 

 Daha bir Soçi görüşü tarixə qovuşdu. Bu görüş Azərbaycanın Ermənistana növbəti diplomatik zərbəsi ilə yadda qaldı. Bir neçə gündən sonra Brüsseldə postmünaqişə münasibətlərini nizama sal­maq qəsdində olan Avropa da, ikibaşlı siyasəti ilə erməni revanşistlərin, necə deyərlər, ağzına dil atan dünya gücləri də gördülər ki, həm Azərbaycan qətiyyətli və haqlı tələblərindən dönən deyil, həm də Cənubi Qafqazda sabit­lik yaratmaq işində özünə şərik qoşmaq istəməyən Rusiya bəzi dövlətlərlə müqayisədə daha ədalətli mövqe sərgiləyir.

İlkin olaraq nəzərə çarpan təəssürat bu­dur ki, Soçi görüşündə RF Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə daha üstün hörmət və ehtiramla yanaşırdı. Cənab İlham Əliyev Soçidə özünü daha inamlı və arxayın aparırdı. Erməni baş nazir Nikol Paşinyan isə yenə də nala-mıxa döysə də, saman çöpündən yapışmaq üçün çapalasa da, məlum qulaqburmaların nəticəsində real­lığı etiraf etməli oldu.

Məsələnin əsas məğzi budur ki, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta qədər səsləndirdiyi fikirlər Soçi bəyanatında geniş əksini tapdı və proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyi təsdiqləndi.

Vladimir Putinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi həm bizim multikultural dəyərlərimizə verilən yüksək qiymətdir, həm də rusafob meyillərin daim artdı­ğı Ermənistana ünvanlanan ciddi xəbərdarlıq mesajıdır. Bundan başqa, Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması yönümündə iş aparmağa razılığın əldə olunması Soçi görüşünün ən xoş təəssüratlarındandır.

Ermənistan rəhbərliyi noyab­rın 16-da sərhəddə hərbi təxribat törətməklə Brüssel görüşünə öz “töhfə”sini vermək istəyirdi. Lakin bu niyyət tamamilə iflasa uğradı. Brüsseli qabaqlayan üçtərəfli Soçi görüşündə Nikol Paşinyan özünün məntiqsiz ritorikalarına rəğmən, vacib sənədlərə imza atmaq məcburiyyətində qaldı. Üstəlik, yekun bəyanatında da görü­şün faydalı olduğunu istər-istəməz dilə gətirdi. Başqa sözlə, o, Brüsselə boş gilizlər darağı ilə getməli olacaq.

Bir çox siyası təhlilçilər Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Soçi görüşünü hərtərəfli haqlı Azərbaycanın növbəti qələbəsi, İkinci Qarabağ savaşında burnu əməllicə ovulmuş təcavüzkar Ermənistanınsa siyasi və hərbi təxribatlarının növbəti fiaskosu kimi dəyərləndirirlər.

Bundan əvvəl də Soçidə dəfələrlə üçtərəfli görüşlər olmuş və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyini vurğulamışdır. İki il əvvəl orada “Valday” Diskussiya Klubunun növbəti iclasında Paşin­yanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsinə cavab olaraq əsaslandırılmış şəkildə “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikrini söyləmişdir. Analitiklər bunu obrazlı şəkildə “İlham Əliyevin “Nida” formu­lu və Paşinyanın isə “Üç nöqtə...”si adlandırıblar. Bundan əlavə, 2017-ci il mayın 4-də, həmçinin bu il sentyab­rın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında bu şəhərdə keçirilmiş görüşlər zamanı digər məsələlərlə bərabər, Cənubi Qaf­qazdakı vəziyyət də ətraflı müzakirə edilmişdir. Güman ki, noyabrın 26-da keçirilən üçtərəfli görüşün müəyyən detalları elə onların Krımdakı son təması zamanı razılaşdırılmışdır.

Reallıq budur ki, Azərbaycan münaqişəni öz gücünə həll edib, Qarabağı düşməndən təmizləyib və bu dəfə danışıqlar masasının arxasında qalib dövlət kimi oturub. Təxribatların qarşısının alınması, sərhədlərin delimitasiya və demarka­sıyasının gerçəkləşməsi, Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat-logistika imkanlarının artırılmasına nail olun­ması və sair bu kimi məsələlərdə qətiyyət göstərən və üstün mövqedə olan tərəf məhz Azərbaycandır. Bu isə ermənilərdə güclü qıcıq və təşviş yaradır. Elə Soçi görüşündən əvvəl də orada delimitasiya və demar­kasiya məsələsi barədə müsbət müzakirələrin aparılacağı xəbəri erməni siyasilərində etiraz dalğası yaratmışdı. Onlar yolları bağlayaraq tələb ediblər ki, Paşinyan Ermənistan – Azərbaycan sərhədi ilə bağlı Prezident İlham Əliyevlə imzaladığı razılığın detallarını açıqlasın. Onların düşüncəsinə görə, Ermənistan onun üzərinə qoyulan öhdəliklərdən qaça bilməsə, qondarma Arsaxa birdəfəlik “əlvida” deməli olacaqlar. Bu isə ermənilər üçün tarixi faciədir. Buna görə də Soçi görüşünü Paşinyanın antierməni proqramı sayan müxalifət vətəndaşları onun hakimiyyətinə qarşı yeni milli hərəkata qoşulmağa səsləyir.

Daim ziddiyyətli mövqelər sərgiləyən, məlum 10 noyabr üçtərəfli bəyanatının müddəalarını öz xeyrinə interpretasiya edən Ermənistanın baş naziri Soçi görüşü ərəfəsində, necə deyərlər, fikrindən dönmüşdür. Bildiyimiz kimi, həmin görüşdən bir qədər öncə Zəngəzur bölgəsinin – Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərləri ilə görüşü zamanı o, dolayı yolla Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: “Biz otuz il özü­müzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”. Paşinyan bildirib ki, Ermənistan Zəngəzurdan keçib Nax­çıvana gedən yolu bağlaya bilməz: “Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”. Halbuki, o, 10 noyabr üçtərəfli bəyanatında dəhlizlə bağlı heç bir konkret müddəanın olmadığını bəyan etmişdi. Amma Soçi görüşü onun bu bəhanəsini də bitirdi. Həmin görüşdə Rusiya Prezidenti açıq mətnlə “dəhliz” ifadəsini işlətməklə erməni baş nazirin əlini boşda qoydu.

Gözlənilən fakt budur ki, bundan sonra Paşinyan regionun yeni reallıq­ları ilə barışmağa məcbur olaraq, öz ölkəsinin ictimai rəyini Azərbaycanın ərazi bütövlüyü və dövlət suveren­liyini tanımağın qaçılmaz olduğuna inandırmağa cani-dildən çalışacaq. O, mətbuat konfransındakı çıxışını da bu notlar üzərində qurub: “Mən Ermənistanın və Ermənistan xal­qından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”.

“BBC NEWS”-un şərhində cənab İlham Əliyevin bu fikri xüsusi yer alıb: “Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş et­dirib”. Həmin şərhdə Nikol Paşinyanın da mətbuat üçün verdiyi açıqlamada məcburən söylədiyi fikir sitat gətirilib: Qeyd etmək istəyirəm, bu çox pozitiv­dir ki, bir çox məsələlərdə biz möv­qeyimizi dəqiqləşdirdik. Aydın oldu ki, bəzi məsələlərdə bizim əvvəl olduğu kimi görünən heç bir fikir ayrılığımız mövcud deyil.

Beləliklə, amerikalı ekspertlərin “Doğru istiqamətdə atılan addım” adlandırdıqları Soçi görüşü bir daha göstərdi ki, bu məsələdə Rusiya hökumətinin liderliyi çox vacibdir. Moskva Azərbaycanın tam ərazi suverenliyinin saxlanması və İrəvanın reallıqla barışmasına inandırılması ilə bağlı balanslaşdırılmış mövqe tutur. Bakı İrəvanla dialoq və dinc birgəyaşayış prosesinə başlamağa hazırdır. Üçtərəfli görüş reallığın qəbuluna və regional iqtisadi-infrast­ruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəiflik mücəssəməsidir. Ermənistan regional iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq etmək üçün tez hərəkət etməlidir. Bütün bunlar İrəvanın marağındadır və sonra gec ola bilər. Yəni Ermənistan ona təqdim olunan “zeytun budağı”ndan imtina etsə, bu, beynəlxalq arenada onun ziyanına daha bir dönüş nöqtəsi olacaq. Paşinyan əvvəlki kimi yenə də revanşistlərin və erməni lobbisinin populist davranışlarına asılı olacaqsa, heç nə...

Bu gün Ermənistan bütün mənalarda rəzil vəziyyətə dü­şüb. Ölkənin siyasi rəhbərliyi postmüharibə dövrünün reallıqlarına uyğun olaraq məğlub ölkənin atmalı olduğu addımları atır, revanşistlər onu topa tuturlar. ATƏT-in Minsk qrupu­ni “diriltmək” istəyir, qarşı tərəfdən kəskin cavabını alır, Avropaya sığın­mağa çalışır, öz hamisi Moskvanın təpkisi ilə qarşılaşır.

Beləcə, Soçi görüşü, bir çox mətləblərə işıq saldı. Ən başlıca yekun isə budur ki, Putin orada­kı davranışları ilə şəxsi baxımdan Paşinyana deyil, məhz İlham Əliyevə böyük hörmətlə yanaşdığını göstərdi. Görüş məhz Azərbaycan Prezidenti­nin istər diplomatik, istərsə də nüfuz və intellektual üstünlüyü şəraitində başa çatdı. Bu isə dövlət başçımızın növbəti siyasi uğurudur. İndi əsas məsələ olaraq regionda sabitliyin dönməz xarakter alması üçün daha qətiyyətli addımlar atılmalı və Cənubi Qafqazın iqtisadi potensialını əməli surətdə dünyaya təqdim etmək üçün tez bir zamanda konkret layihələrə start verilməlidir. Soçidə də bunlar vurğulanmışdır.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

1 Dekabr 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə