Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 16-sı saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahan vermək istəyən bakalavrların DİM-in internet saytında “Şəxsi kabinet”i olmalıdır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 manatdır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra Mərkəzin saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra imtahana buraxılış vərəqəsi və imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni çap etmək olar.

DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız bakalavrın şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Bu sənədlərdən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələnlər imtahana buraxılmır.

30 Noyabr 2021 15:11 - TƏHSİL
TƏHSİL
20 Yanvar 2022 | 00:20
BSU-da anım tədbiri

Köhnə versiyamızdan xəbərləri izlə