Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezident İlham Əliyevin Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin uğurla inkişaf etməsindən, tərəflər arasında iqtisadi əməkdaşlıq məsələlərindən, o cümlədən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolundan ətraflı bəhs olunub.

Dövlətimizin başçısı səfər zamanı İspa­niyanın “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində səmərəli iştirakını diqqətə çatdıraraq, XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin fəaliyyətinə də toxunub. Prezident İlham Əliyev layihənin dördüncü seqmentinin – Transadriatik qaz kəməri xəttinin 2020-ci il dekabrın 31-də istismara verildiyini və həmin vaxtdan Azərbaycan qazının Avropaya ixra­cının başlandığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yuna­nıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur”.

Dövlətimizin başçısı müsahibəsində, yu­xarıda qeyd edilənlərlə bərabər, həmçinin bu il Azərbaycanın Aİ-ə 7 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyini, gələn il 9 milyard kub­metr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixracını planlaşdırdığını vurğulayıb.

Xatırladım ki, Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Aİ üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən dəhliz dün­ya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.

Xatırladım ki, Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi təbii qazın “Şahdəniz”, eyni zaman­da, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılıb.

İki qardaş ölkənin–Türkiyə vǝ Azərbaycanın enerji sektorunda indiyədək davam edən uğurlu ǝmǝkdaşlığının mühüm nümunələrindən biri olan TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil edir.

Layihə Azərbaycan, Türkiyə və Aİ-ni bir-birinə daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilǝ qlobal enerji geosiyasətini yenidən formalaşdırır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırılması nəzərdə tutulan enerji layihələri üçün dǝ baza rolunu oynayır.

TANAP Azərbaycanın Aİ ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci, Aİ-nin isə yeni qaz tədarükçüsünǝ çevirir.

TAP-a gəldikdə isə bildirim ki, bu kəmər Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avro­paya daşıyır. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

Ötən ildən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektor­lar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Məsələn, Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmen­ti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Emin BAĞIROV,

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,

mexanika üzrə fəlsəfə doktoru

18 Dekabr 2021 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə