Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya ilə mübarizədə həkimlərimiz fədakarlıq göstərirlər

Ölkəmiz tarixi günlər yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin qazandığı böyük zəfər regionda tamamilə yeni situasiya formalaşdırıb. Cənab Prezidentin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edərək regionda güclü qüvvəyə çevrilib.

Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edərək zəfər tarixinin şanlı səhifələrini yazan bir ölkədir. Hər birimizin ən ümdə vəzifəsi dövlətimizin daha da qüdrətlənməsi, gücünə güc qatması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməkdir.

Vətən müharibəsi günlərində həkimlərimizin şücaətini, öz peşələrini uca tutaraq neçə-neçə qəhrəmanımızın həyatını xilas etməsini qürurla xatırlamalıyıq. Bütün şəhidlərimizin bacısı Arəstə xanımın Azərbaycan həkimlərinin qəhrəmanlıq simvoluna çevrilməsini unutmamalı­yıq.

Azərbaycan səhiyyəsi son illər dünyanın qarşılaşdığı pandemiya ilə mübarizədə də əsl peşəkarlıq, fədakarlıq nümunəsi sərgiləyib. Artıq iki ilə yaxındır ki, dünyamız görünməz bir düşmənlə üz-üzədir. Taclı virus iki ilə yaxındır ki, insanlığı sınağa çəkir. Elmin, texnikanın müasir inkişaf mərhələsində bütün dünya bir daha dərk edir ki, taleyimiz, əslində, hər an təhlükə qarşısındadır.

COVİD–19 pandemiyasının ilk günlərindən ağ xalatlı həkimlərimiz bu amansız düşmənə qarşı mübarizədə ön sıralardadır. Öz həyatlarını riskə ataraq normal şərtlər altında daşın­ması mümkün olmayan geyimlərdə günlərlə xəstəliklə mücadilə edən ağxalatlı mələklər bu gün dünyamızın şəfqət, mərhəmət, sevgi simvoludur. Heç vaxt bugünkü qədər həkim oldu­ğumla fəxr etməmişəm. Dünyanın ha­rasında olmasından asılı olmayaraq, pandemiyaya qarşı qəhrəmancasına mübarizə aparan həmkarlarımla qürur duyuram, bu mübarizədə qurban gedənləri – o cümlədən, ölkəmizdə vəfat edən həkimlərimizi hörmətlə anıram, ruhları qarşısında baş əyirəm.

İnsanlığın sınağa çəkildiyi in­diki günlərdə Azərbaycan dövləti, onun Prezidenti bütün dünyaya bir nümunə oldu. Atılan bütün addımlar vətəndaşların sağlamlığının qorun­masına, virusla mübarizədən ən az itkilərlə çıxmağa hesablandı.

Pandemiyanın ilk günlərindən ölkədə tədris prosesi dayandırıldı, karantin elan olundu, bütün qüvvələr virusun geniş miqyasda yayılmasının qarşısını almağa yönəldildi. Xəstələrin qəbulu üçün ən müasir tələblərə cavab verən tibb ocaqları ayrıldı, təcili modul tipli xəstəxanalar inşa edildi. Dövlət başçısı şəxsən xəstəxanaları ziyarət etdi, lazımi göstərişlər verdi. Azərbaycan xalqı cənab İlham Əliyevin və Mehriban xanımın timsalında tək olmadığını, güclü bir dövlətin himayəsində yaşa­dığını hiss etdi.

Bugünkü statiskaya nəzər saldıq­da görülən işlərin, atılan addımların nəticələrini görmək mümkündür. Cənab Prezidentin “Biz birlikdə güclü­yük!” çağırışı ilə bu təhlükəli infeksi­yaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-inti­zam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər–virusun res­publika iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını təsdiq edir. Azərbaycan dövləti hər bir vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. Vətəndaşlarımız hər bir atılan addım­ların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər.

Təhlükəli virusa qarşı mübarizədə Azərbaycanın bütün tibb persona­lı səfərbər edildi. Həkimlərimizin peşəkarlığı, öz xalqına və dövlətinə sədaqəti bu ağır günlərdə bir daha sübut olundu. Hər bir həkim bir əsgər kimi dövlətimizin qəbul et­diyi qərarların həyata keçirilməsi, amansız xəstəliyin dəf olunması üçün mübarizəyə qalxdı. Ağ xalatlı mələklərin səfərbər olunmasında TƏBİB-in çox böyük xidmətləri oldu. Verilən qərarların operativ həyata keçirilməsi, çevik, professional fəaliyyət TƏBİB-in bu çətin günlərdə iş prinsipinə çevrildi. TƏBİB, eyni zamanda, güclü maarifləndirici tədbirlər həyata keçirməklə xalqımı­zın bu amansız virusa qarşı səfərbər olunmasına nail oldu. Bunun özü pan­demiyaya qarşı mübarizədə mühüm amildir və bunun öhdəsindən uğurla gəlinib.

TƏBİB-in fədakar fəaliyyəti xal­qımızın çətin sınaq günlərindən az itkilərlə çıxmasında böyük rol oynadı. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün ən çətin şərtlər altında çalışmaq, insan sağlamlığının təmin edilməsi, vətəndaşlar arasında çaşqınlığıa yol verilməməsi TƏBİB-in fəaliyyətinin əsas istiqamətlərinə çevrilib.

Səhiyyə sistemində aparılan islahatların sürətlənməsinddə, yeni uğurların qazanılmasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin böyük rolu danılmazdır. Zaur Əliyevin rəhbərliyi altında agentlik bu çətin və şərəfli yola çıxdı və inamla söyləmək olar ki, səhiyyə sistemində inqilabi dəyişikliklər reallaşdı. Layihənin icrası müddətində ölkə əhalisinə Beynəlxalq Millətlər Təşkilatı tərəfindən təsdiqlənən və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan universal tibbi təminatın verilməsi istiqamətində mühüm addımlar atıldı. Agentliyin fəaliyyəti müddətində ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirildi və həmin xidmətlərin tarifləri hesablandı. Layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyuldu, tibb işçilərinin əmək haqla­rı artırıldı və beynəlxalq təcrübədə geniş yayılmış adambaşına ödəniş metodu tətbiq olundu.

Ölkə başçısının pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaq üstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır, hər birimiz onların əməyini yüksək qiymətləndirməliyik. Bu gün koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Hər birimiz xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koro­navirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin danılmaz olduğunu, pandemiya ilə mübarizədə uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu oldğunu bilməliyik.

İndi həmişə olduğundan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olma­ğa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Xüsusilə, əhalinin vaksinləmə prosesində fəal iştirakı pandemiya üzərində qələbənin qazanılmasın­da mühüm şərtdir. Üçüncü dozanın vurulması risk qrupuna aid olan vətəndaşlarımızın qorunması üçün vacibdir. Dövlətin bu sahədə atdığı addımlara dəstək olmaq hər birimizin borcudur.

Pərvaz KİŞİYEV,

həkim

30 Noyabr 2021 10:10 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə