Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Tahir Salahovun xatirəsi anılıb

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun doğum günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində tədbir təşkil olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri muzeyin direktoru Səadət Mirzəyeva açaraq sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Bildirib ki, 1928-ci il noyabrın 29-da anadan olan Tahir Salahov V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il Azərbaycan Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının rəhbəri olub.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb.

Ev-muzeyin yaradılmasından və qarşıda duran vəzifələrdən danışan Səadət Mirzəyeva bildirib ki, muzeydə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Doqquz il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, Tahir Salahov nəinki Azərbaycanda və Sovet İttifaqında, hətta dünyada müxtəlif xalqlar arasında mədəniyyət və dostluq körpüsünü təcəssüm etdirirdi. “Onun Vətənə sevgisi Abşeronun keşməkeşli gözəlliklərini və neft mədənlərini tərənnüm edən əsərlərdə, ən əsası isə orada yaşayıb-yaratmış insanlarda yaşayır. Həmin obrazlar onun həyatda gördüyü insanlarda tərənnüm edirdi – təsadüfi deyil ki, dahi Tahir Salahovun rəsmlərinin əksəriyyəti dərin avtobioqrafik məna daşıyır”, - deyə Ə.Ələkbərov vurğulayıb.

Rəssamın yaradıcılığından söz açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onunla bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açan Tahir Salahovun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, Tahir Salahaov hamınız üçün əziz insandır: “O, dünya miqyasında tanınan görkəmli rəssam olmaqla yanaşı, həm də əsl ziyalıdır. Onunla bir çox tədbirlərdə görüşlərimiz olub. Dünyanın bir sıra muzeylərində sərgiləri keçirilib. Tahir Salahov həmişə böyük hörmətlə anılacaq”.

Tədbirdə Xalq rəssamları Fuad Salayev, Səlhab Məmmədov və başqaları çıxışlarında qeyd ediblər ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərlərinin bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir.

Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Onun əsərləri dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin qızıl fonduna daxildir.

Tədbir çərçivəsində tanınmış publisist, musiqişünas Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib. Kitab haqqında məlumat verən R.Abbasov deyib: “2000-ci illərin əvvəlində mən Tahir Salahovdan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Salahovun 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim”.

Tədbirdə rəssam haqqında videoçarx nümayiş olunub.

29 Noyabr 2021 16:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə