Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda ictimai-siyasi gərginlik səngimir

Bu gün Cənubi Qafqazda sabitlik naminə mühüm addımlar atılır. Azərbaycan 44 günlük Zəfər yürüşündən sonra Qarabağda bərpa-quruculuq işlərini reallaşdırır, regional layihələr vasitəsilə bölgənin beynəlxalq əhəmiyyətini artırmaq üçün əməli səylər göstərir.

Ermənistan isə hələ də revanşizm xəstəliyindən qurtara bilmir və sosial-siyasi geriləməsini davam etdirir. Ermənistanın noyabrın 16-da sərhəddə törətdiyi hərbi təxribat tamamilə iflasa uğradı. Üçtərəfli Soçi görüşündə baş nazir Nikol Paşinyan özünün sərsəm ritorikalarına rəğmən, vacib sənədlərə imza atmağa məcbur oldu. Hazırda İrəvan şəhəri hökumət əleyhdarlarının və onlara qarşı tədbirlər görən polisin əzələ nümayişi meydanına dönüb. Əhali səfalət içindədir və sabaha inamını tamam itirib.

Ümumiyyətlə, bölgədə mövqelərini durmadan möhkəmləndirən Azərbaycanla əks qütbdə qərar tutan Ermənistan hazırda kataklizmlər burulğanında boğulmaqdadır. Siyası analitiklər RF Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Soçi görüşünü qalib ölkəmizin növbəti qələbəsi, məğlub Ermənistanınsa siyasi və hərbi təxribatlarının növbəti fiaskosu kimi dəyərləndirirlər.

Xatırlayırıq ki, hələ 7 il əvvəl və sonra da Soçidə üçtərəfli görüşlər olmuş və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin ədalətli həllinin vacibliyini vurğulasa da, qarşı tərəf yenə riyakarcasına öz bildiyini etmiş və vaxtı uzatmışdı. Təəssüf ki, dünyanın böyük dövlətlərindən heç biri Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı qətiyyətlə tələb etmirdi. Həmin səbəbdən də düşmən illər uzunu atəşkəsi tez-tez pozur və siyasi, geosiyasi spekulyasiyalarını davam etdirirdi. Bu dəfə isə vəziyyət başqa cürdür. Azərbaycan öz gücünə münaqişəni həll edib, əzəli torpaqlarımızı düşməndən təmizləyib və danışıqlar masası arxasında qalib dövlət kimi oturur. Təxribatların qarşısının alınması, sərhədlərin delimitasiya və demarkasıyasının gerçəkləşməsi, Zəngəzur dəhlizi vasitəsilə nəqliyyatlogistika imkanlarının artırılmasına nail olunması və sair bu kimi məsələlərdə qətiyyət göstərən və üstün mövqedə olan tərəf məhz Azərbaycandır. Bu isə ermənilərdə güclü təşviş yaradır.

İrəvanda Paşinyana qarşı olan qüvvələr daha da fəallaşaraq yenidən etiraz aksiyalarına başlayıblar. Parlamentdənkənar qüvvələr şəhərdə bir neçə metro stansiyasına girişi əngəlləyiblər. Onların təmsil olunduğu “5165” milli-konservativ hərəkatı Respublika meydanına toplaşmağa çağırışlar edir. Əslində, Soçi görüşündən əvvəl də orada delimitasiya və demarkasiyası məsələsi barədə müsbət müzakirələrin aparılacağı xəbəri erməni siyasi spekulyantlarında etiraz dalğası yaratmışdı. Ölkədə iğtişaş salmaq istəyən qruplar daha çox canfəşanlıq edirdilər. Sadə xalq bilir ki, Ermənistan üçün ən optimal variant Azərbaycanla razılığa gəlməkdir. Çünki Ermənistan məğlub olub və Qarabağ öz sahibinə qovuşub. Uzlaşma olmasa, bu ölkə daha da çökəcək. Paşinyan da belə düşünür, amma rəqibləri onu yıxmaq üçün hər fürsətdən maksimum yararlanmağa çalışırlar. Onları xalqın taleyi düşündürmür.

“Novosti Armenii”portalının verdiyi xəbərə görə,noyabrın 26-da “5165”-çilər və “Dirçəliş” partiyasının üzvləri İrəvanda yeni etiraz aksiyası keçirib və Paşinyanı istefa verməyə çağırıblar. Onlar yolları bağlayaraq tələb ediblər ki, Paşinyan Ermənistan– Azərbaycan sərhədi ilə bağlı Prezident İlham Əliyevlə imzaladığı razılığın məğzi barədə açıqlama versin. “Dirçəliş”in lideri Ara Zohrabyan aksiya iştirakçılarına deyib ki, bu, Paşinyanın antierməni proqramıdır. Odur ki, vətəndaşlar ayılmalı və yeni hərəkata qoşulmalıdırlar.

Təhlillər göstərir ki, siyasi manipulyasiyalar ustası olan, ziddiyyətli mövqelər sərgiləyən Ermənistanın baş naziri Soçi görüşündən öncə Zəngəzur bölgəsinin – Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərləri ilə görüşüb. Bölgənin problemlərinə toxunaraq dolayı yolla Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. Hökumət başçısı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb. Yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb: “Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”. Paşinyan bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz: “Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”. Halbuki, Nikol bir neçə gün öncə sosial şəbəkədə jurnalistlərin suallarını cavablandırarkən absurd ifadələr səsləndirmiş, 10 noyabr üçtərəfli bəyanatında dəhlizlə bağlı heç bir müddəanın olmadığını bəyan etmişdi. Onun digər açıqlamaları da aqressiv tonda idi. Lakin Soçi görüşündən bir gün öncə erməni baş nazir tamamilə fərqli ifadələr seçib. Həmin görüşdə isə Rusiya Prezidenti açıq mətnlə “dəhliz” ufadəsini işlətməklə erməni baş nazirin bütün bəhanələrinə bir növ son qoydu.

Əlbəttə, hamı bilir ki, Nikol özbaşına deyil, müstəqil siyasət yürüdə bilməz. Onun suflyorlarının kimlər olduğu da bəllidir. Odur ki, səsləndirdiyi bəyanatları neqativ, yaxud pozitiv yöndən dəyərləndirmək əbəsdir. Hər kəs Paşinyanın səlahiyyət çərçivəsini, nəyi edib-edə bilməyəcəyini çox yaxşı bilir. Hazırda baş nazirin yeganə fəaliyyəti publikaya oynamaqdır.

Bu gün düşmən ölkədə cinayətkarlıq şkalası “kəlləçarx”dadır desək, yanılmarıq. Orada vəziyyyət o həddə çatıb ki, mənəvi dəyər adlanan nəsnə də arxa plana keçib. Məsələn, İrəvanın "Yerablur" məzarlığında Ermənistanın "milli qəhrəmanı" Narek Gevorkyanın məzar daşlarının tamamilə dağıdılması erməni aləmində daha müqəddəs heç nəyin qalmadığının təzahürüdür. Ötən ay İrəvanda rusiyalı sərhəd xidməti generalının qızı olan bir qadının ölümü barədə xəbərlər KİV-i zəbt etmişdi. Bundan başqa, iki həftə öncə gecə saatlarında baş vermiş atışmada kriminal avtoritet Artur Kazaryanla yanaşı, sabiq deputat Artuş Simonyan və daha iki nəfər də qətlə yetirilib. Noyabrın 7-də Ermənistan paytaxtında pizza satılan restoranların birində kütləvi zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən şəxslərin sayı 171 nəfərə çatıb.

Bəli, Ermənistanda qanunsuzluq hər sahəni bürüyüb. Adi bir misal: İrəvanın "Ararat" klubunun legioner futbolçuları – kamerunlu Kayna Umaru və amerikalı Kirian Nvabuze idman biznesi sahəsində aşkar maliyyə təxribatı ilə üzləşib, 4 aydan bəri maaşlarını ala bilmədiklərinə görə hayküy saldıqları üçün məşqlərə buraxılmayıblar və hər şeyə tüpürərək, öz vətənlərinə qayıtmaq istəyiblər. 

Bu həftənin əvvəlində keçmiş prezident Serj Sarkisyanın üç il yarım öncə sahibkar Silva Ambarsumyandan böyük miqdarda rüşvət aldığı üçün təqsirli şəxs qismində antikorrupsiya komitəsinə sorğulanmağa çağrılması da Ermənistanda cari reallıqları əks etdirən faktdır. Xatırladaq ki, Ambarsumyanın adı keçmiş prezident Robert Koçaryana qarşı qaldırılan cinayət işində də keçir. Onun iddiasına görə, şirkətinə kömək vədi verən Koçaryan qadından 3 milyon dollar alıb.

Ermənistan ordusunda fərarilik daimi səciyyə daşımaqdadır. Təkcə sıravi əsgərlər deyil, zabitlər belə ordudan yayınır, canlarını vətəndən üstün tuturlar. İki gün öncə döyüş mövqeyinin itirilməsi ilə əlaqədar olaraq batalyon komandirini əvəz edən bir mayor baş prokururluq tərəfindən həbs edilib. “İA Regnum”un məlumatına görə, 7 hərbçi ilə birlikdə düşmənin qarşısından qaçan zabit ağır nəticələrlə sonuclanan döyüş xidməti qaydalarını pozmaqda ittiham olunur.

İsrailli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın son təxribatlarını şərh edərkən deyib: “Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.

Görünən budur ki, Ermənistan bütün mənalarda rəzil vəziyyətə düşüb. Belə də olmalı idi. Axı, hər zaman qaya kölgəsində yataraq, haqsız iddialarda bulunmağın, nankor və dağıdıcı olmağın, vandalizm və terror aktları törətməyin acınacaqlı bir sonu olmalı idi. Bu aqibəti irəlicədən görən ağıllı başlar sarıdan isə bu ölkədə hər zaman qıtlıq yaşanıb .

Erməni siyasi rəhbərliyi problemlər içində çapalayır. Nala-mıxa döyən paşinyanlar, necə deyərlər, nə yardan doyur, nə əldən qoyurlar. Özlərinin yanlış addımları ilə daha da gülünc duruma düşürlər. Hətta bəzən İrəvan inadla Moskvaya da “buynuz” göstərmək cəhdlərində bulunur. Bir sözlə, bu dəfə də onlar ağıllanmasalar, uçurumun lap dibinə yuvarlanacaqlar.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

28 Noyabr 2021 09:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə