Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soçi görüşü: Tarixi ədalətin bərpasında mühüm addım

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş konstruktivliyi ilə diqqət çəkdi. Görüş çərçivəsində aparılan söhbətlərdə Qarabağda yaranmış vəziyyət dərindən təhlil edildi. Eyni zamanda, Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işi yüksək qiymətləndirildi. Bu, üçtərəfli görüşdən sonra hər üç ölkə rəhbərinin mətbuata bəyanatlarında da öz ifadəsini tapdı. 

Rusiya Prezidenti Vladimir Putin görüşdə mühüm olan bir sıra məsələlər barədə razılığa gəlindiyini xüsusi vurğuladı. Rusiya rəhbəri, eyni zamanda, iki dövlət – Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlindiyini, bu mexanizmlərin yaradılması üçün heç bir maneənin olmadığını və bu prosesin tezliklə reallaşacağına əminliyini ifadə etdi.

Görüş Qarabağda həllini gözləyən məsələlərin reallaşacağını şərtləndirir. Rusiya Prezidenti bəyanatında görüşlərdə humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamların diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə nəzərəçarpacaq dərəcədə irəliyə addım atıldığını bildirdi.

Rusiya rəhbəri daha sonra dedi: “Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq. Bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, – bu, bizim növbəti razılaşmadır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar…”.

Azərbaycan Prezidenti İlham Əliyev də bəyanatında həmin məqamlara diqqət çəkərək, iki ölkə – Azərbaycanla Ermənistan arasında müharibəyə son qoymuş məlum üçtərəfli bəyanatın qəbul edilməsindən ötən bir il ərzində görülən işlərin müsbət səciyyə daşıdığını vurğuladı. 

Dövlətimizin başçısı Qarabağda sülhməramlı fəaliyyətə görə Rusiya rəhbərinə və bu ölkənin Müdafiə Nazirliyinə bir daha təşəkkürünü çatdırmaqla keçən dövr ərzində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər yaranmadığını xatırlatdı: “Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq…”.

Prezident İlham Əliyev bəyanatında, eyni zamanda, Azərbaycanın hər zaman – istər döyüş əməliyyatları dövründə, istərsə də münaqişə başa çatandan sonrakı vaxtda bütün humanitar normalara riayət edilməsinə xüsusi önəm verdiyini, bu istiqamətdə əhəmiyyətli addımlar atdığını bildirdi. Bununla da ölkəmiz regionda sülhün, əmin-amanlığın tərəfində dayandığını, bu istiqamətdə nəzərdə tutulan layihələrin ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.

Yeri gəlmişkən, dövlətimizin başçısının bölgədə humanitar xarakterli məsələlərdəki mövqeyi və bu istiqamətdə irəli sürülən təşəbbüslərin gerçəkləşdirilməsinə xüsusi önəm verməsi bunun bariz ifadəsidir. Ümumiyyətlə, Azərbaycan Prezidenti Qarabağ müharibəsi getdiyi günlərdə, eləcə də, savaşdan sonrakı bir il ərzində bu mövqeyinə daim sadiqlik nümayiş etdirib, bütün humanitar normaların yüksək səviyyədə, ardıcıl şəkildə icrasını diqqət mərkəzində saxlayıb.

Prezident İlham Əliyev bəyanatında da bu məqamı xatırladaraq, hərbi əməliyyatlar bitəndən sonra saxlanılan 100 nəfərdən çox erməni hərbi qulluqçunun, o cümlədən, bir nəfərin bu görüş reallaşan gün səhər Ermənistan tərəfə təhvil verildiyini bildirdi. Ölkə rəhbəri, eyni zamanda, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərildiyini, bir nəfər mülki şəxsin isə yolu azaraq Azərbaycan ərazisinə keçdiyini və ölkəmizin humanizm prinsipinin aliliyi əsas götürülərək onların qarşı tərəfə təhvil verildiyini də diqqətə çatdırdı.

Soçi görüşündə Nikol Paşinyan bir daha xislətini nümayiş etdirdi

Təəssüf ki, Ermənistanın humanist mövqeyi barədə danışmaq mümkün deyil. Düşmən ölkə uzun illər davam edən işğal zamanı təcavüzkar siyasət yürüdüb, bunun nəticəsində şəhər və kəndlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələrini yerlə bir edib, mənimsəyib. Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri Qarabağ və ətraf rayonların demək olar ki, bu gün hər qarışında nəzərə çarpır.

Ermənistan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən ötən bir il ərzində də bu təxribatlarından əl çəkməyib. İstər sülhməramlıların məsuliyyət zanasında, istərsə də dövlət sərhədimizdə cinayət əməllərinə yol verib. Beləliklə, sülhə gəlməkdən imtina edib, bu yolda hər cür maneələr yaratmağa çalışıb.

Təəssüflə qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın hər zaman olduğu kimi, Soçi görüşündə də qeyri-səmimi hərəkətləri diqqət çəkib. Məsələn, işğalçı olkənin hökumət rəhbəri bəyanatında heç bir əxlaqa, mənəviyyata sığmayan yalan ifadələr səsləndirməkdən belə çəkinməyib. O, bu il mayın 12-dən bəri Ermənistan– Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyət hökm sürdüyünü, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulduğunu vurğulayıb.

Bütün dünya Paşinyanın bu yalan məlumatı ilə Ermənistan rəhbərinin bu gün də sülhə, dinc, yanaşı yaşayışa təhlükə törətdiyinin bir daha şahidi oldu. Beynəlxalq aləm işğalçının kim olduğunu, kimin qonşu dövlətin ərazisinə soxulduğunu yaxşı bilir. Azərbaycan düz bir ildir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya edilməsinin təşəbbüskarı kimi çıxış edir, lakin işğalçı dövlət bundan yayınır və mövcud dövlət sərhədimizdə bilərəkdən gərginlik yaradır. Lakin bununla heç nəyə nail ola bilməyəcəyini də dərindən dərk edir. Sadəcə, ortada olan faşizm xisləti bu ölkəni belə bir yol tutmağa sövq edir.

Prezident İlham Əliyev bəyanatında bu münaqişənin həllində Rusiya tərəfinin fəaliyyətini yüksək dəyərləndirib: “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən, ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.

Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən ikitərəfli görüşdə də bu məsələyə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısı çıxışında deyib: “Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən, üçtərəfli formatda söhbət aparmağa və Ermənistan–Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq”.

Görüşün nəticələri regionda sülhün bərqərar olacağına dərin inam yaradır. Bu əminliyi əsaslandıran məqamlar isə aşağıdakılardır:

– Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir.Bu isə o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir;

– sənəddə ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Bu, artıq Minsk Qrupunun da tarixdə qaldığını göstərir;

– Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir və bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu mühüm önəm daşıyır;

– Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə güc yolu ilə. Bu il noyabrın 16-da işğalçı ölkənin təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb. Belə ki, Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik;

– Prezident Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”nin xatırlanması, həmçinin imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlər Zəngəzur dəhlizinin gerçəkləşəcəyindən xəbər verir;

– Soçidə humanitar məsələlərdə də irəliləyişə nail olmuşuq – bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq;

– Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında isə etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur;

– Azərbaycan və Rusiya liderləri arasında etibar və dostluğun olması, həm də hər iki dövlət başçısının açıq və mərd siyasət yürütməsi ilə bağlıdır. Bunun fonunda Nikol Paşinyanın cılız və riyakar addımları Moskvanı da qıcıqlandırır;

– prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də oxşar addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu.

– Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu.

***

Beləliklə, Soçi görüşündə Azərbaycanın maraqlarından irəli gələn müsbət qərarlar qəbul olunduğunu deyə bilərik. Azərbaycan–Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması məqsədi ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması isə gələcəkdə böyük sülh sazişinin imzalanması istiqamətində atılan mühüm addımdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

28 Noyabr 2021 09:00 -
17 Yanvar 2022 | 17:58
Sabahın HAVA PROQNOZU
16 Yanvar 2022 | 02:51
“Omicron”dan ilk ölüm

Köhnə versiyamızdan xəbərləri izlə