Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Aleksandr Sergeyev: Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi iki ölkə arasında elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsində böyük rola malikdir

 

Azərbaycanda üç günlük səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara bildirilib ki, şairin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda açılıb. Ev-muzeyinin AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrildiyi diqqətə çatdırılıb.

Görüşdə görkəmli rus şairi Sergey Yeseninin Bakıya olan sevgisindən bəhs edilib, bu sevginin şairin yaradıcılığında öz əksini tapdığı vurğulanıb. Bildirilib ki, ədibin Azərbaycanda yazdığı “İran nəğmələri”, “Əlvida Bakı”, “Balaxanı mayı” və digər əsərləri onun poeziyasının ən qiymətli inciləridir.

Qeyd olunub ki, zəngin eksponatlara malik muzeydə qorunan əşyaları ədibin əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə edir.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev bu mərkəzin Azərbaycan və Rusiya arasında elmi, mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğu bildirib. Akademik Azərbaycan xalqının S.Yeseninin, o cümlədən rus şair və yazıçılarının xatirəsinə göstərdiyi diqqəti yüksək qiymətləndirib, Azərbaycanda görkəmli şairə həsr olunmuş belə bir muzey-mərkəzin fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

27 Noyabr 2021 23:32 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə