Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Azərbaycan Prezidenti sülhün və təhlükəsizliyin alternativi olmadığını dünyaya bir daha bəyan etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilmiş üçtərəfli görüş çərçivəsində imzalanan Bəyanatda ölkəmizin mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Belə ki, sənəddə regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanıb.

Yeri gəlmişkən, xatırladım ki, sülhün və təhlükəsizliyin daim təşəbbüskarı olan Azərbaycan Vətən müharibəsindən ötən bir il ərzində də məlum üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə deyib: “İki ölkə arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik”.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Dövlətimizin başçısı bəyanatında Qarabağla bağlı bütün məsələlərdə gələcəyə ümidlə baxdığını vurğulayıb. Ölkə rəhbəri Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan və Ermənistan tərəfinə narahatlıq doğuran bəzi məsələlərin açıq müzakirə olunduğunu, ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul edilən qərarların mühüm önəm daşıdığını bildirib.

Fikrimcə, belə bir əlverişli mühit yaxın gələcəkdə Cənubi Qafqazda daha təhlükəsiz şərait yaradılacağını şərtləndirir. Bunu Prezident İlham Əliyevin hər zaman uzaqgörən siyasət yürütməsi, daim sülhün, təhlükəsizliyin tərəfində dayanması kimi önəmli bir mövqe nümayiş etdirməsi də göstərir. Dövlətimizin başçısının bəyanatında vurğuladığı “Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq” sözləri də təsdiqləyir”.

Deputat Rəşad Mahmudov bildirib ki, Azərbaycan Prezidentinin bəyanatı, ümumiyyətlə, sülhün və təhlükəsizliyin alternativi olmadığını dünyaya bir daha bəyan etdi. Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğu uzun illər ərzində, eləcə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən ötən bir ildə Prezident İlham Əliyevin sülh təşəbbüsləri də bu fəaliyyətin yol xəritəsi kimi diqqət çəkir.

“Qeyd edim ki, Azərbaycan Qarabağ müharibəsi getdiyi günlərdə, eləcə də savaşdan sonrakı bir il ərzində öz mövqeyinə sadiqlik nümayiş etdirib, bütün humanitar normaların yüksək səviyyədə, ardıcıl şəkildə icrasını diqqət mərkəzində saxlayıb. Dövlətimizin başçısı İlham Əliyev bəyanatında da bu məqamı xatırladaraq, hərbi əməliyyatlar bitəndən sonra saxlanılan 100 nəfərdən çox erməni hərbi qulluqçunun, o cümlədən bir nəfərin bu görüş reallaşan gün səhər Ermənistan tərəfə təhvil verildiyini bildirib. Ölkə rəhbəri, eyni zamanda, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərildiyini, bir nəfər mülki şəxsin yolu azaraq Azərbaycan ərazisinə keçdiyini və ölkəmizin humanizm prinsipinin aliliyini əsas götürərək onları qarşı tərəfə təhvil verdiyini də diqqətə çatdırıb. Bir sözlə, Azərbaycan regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün bütün vasitələrdən istifadə edib.

Azərbaycan bütün bunlarla bərabər, dəfələrlə rəsmi şəkildə respublikamızla Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağı təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Lakin Ermənistan barədə bu fikri səsləndirmək mümkün deyil. İstər torpaqlarımızın əsarətdə olduğu uzun illərdə, istərsə də münaqişənin yekunlaşdığı son bir ildə düşmən ölkə sülhə gəlməkdən imtina edib, bu yolda hər cür maneələr, təxribatlar törətməyə cəhd göstərib. Lakin bu əməlləri ilə heç nəyə nail ola bilməyib. Sadəcə vaxtı uzatmaqla məlum noyabr Bəyanatının müddəalarının icrasını gecikdirib,- deyə deputat vurğulayıb.

Rəşad Mahmudov açıqlamasının sonunda Soçi görüşü ilə bağlı bir məqama da toxunub. Bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi uğurludur. Bunu mövcud statistika da təsdiq edir.

Rusiya, eyni zamanda, Azərbaycan üçün dost, strateji tərəfdaş olaraq, etimada əsaslanaraq ən həssas məsələlər barəsində ölkəmizin Ermənistan ilə ortaq fikrə gəlməyinə əlverişli şərait yaradır. Soçi görüşünün reallaşması, bu görüş üçün səmərəli şərait yaradılması, tərəflərin münaqişənin tam aradan qaldırılması istiqamətində atılan addımları ədalətlə qiymətləndirməsi, gələcək sülhə yönələr təkliflər irəli sürməsi, regionda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırılan olacağına çalışması məhz bunun bariz ifadəsidir.

Ümumiyyətlə, Soçi görüşünün nəticələrinə əsaslanıb deyə bilərəm ki, hazırda Azərbaycanın Ermənistanla münasibətlərinin tənzimlənməsində Rusiya yüksək səviyyədə səy göstərir. Ölkəmizin müharibədən ötən bir il ərzində savaşın fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində Rusiya maksimal konstruktivlik nümayiş etdir.

27 Noyabr 2021 17:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə