Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda III Azərbaycan İnvaziv Konqresi işə başlayıb

Noyabrın 27-də Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi nəzdində fəaliyyət göstərən İnvaziv İşçi Qrupunun III Azərbaycan İnvaziv Konqresi işə başlayıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin İşçi Qruplarından birinin sədri Üzeyir Rəhimov son iki ildə dünyada, o cümlədən ölkəmizdə çətin günlər yaşandığını bildirib. Onun sözlərinə görə COVID-19 pandemiya elan ediləndən sonra səhiyyə işçiləri çox çətin şərtlər altında fəaliyyət göstərirlər: “Bu dövr ərzində elmi toplantılar keçirmək bizim üçün çox çətin olub. Pandemiya dönəmindən sonra ilk toplantı çox önəmlidir. Əfsuslar olsun ki, pandemiya dönəmində bir çox məsləkdaşımızı itirdik. O cümlədən Vətən müharibəsində də məsləkdaşlarımız arasında şəhid olanlar oldu. Onların hər birini dərin hörmət və ehtiramla yad edirəm.

Azərbaycanda ilk invaziv diaqnostik müdaxilə 1979-cu ildə həyata keçirilib. Müasir invaziv kardiologiya ümummilli lider Heydər Əliyevin Mərkəzi Klinikanı açması, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir səviyyədə laboratoriyalarla təchiz edilmiş xəstəxanaların fəaliyyətə başlaması ilə inkişaf etdi. İlk anju laboratoriyaları Bakıda idi. Hazırda paytaxtda 25-dən çox mərkəzdə bu iş icra olunur. Daha sonra anju laboratoriyaları Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində fəaliyyətə başladı. Hazırda dörd böyük şəhərdə anju laboratoriyaları var və ürək əməliyyatları icra edilir. Ölkəmizdə 30-dan çox kateter laboratoriyası qurulub. Demək olar ki, Azərbaycanda icra edilməyən prosedur yoxdur”.

Ü.Rəhimov qeyd edib ki, bugünkü konqresdə 9 ölkədən 73 məruzəçi və panelist iştirak edir. 400-dən çox iştirakçı qeydiyyatdan keçib. Konqresdə 4 ölkədən, 5 mərkəzdən, 8 canlı yayım ediləcək. Konqres yutub kanalı üzərindən rus dilində Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Gürcüstana yayımlanacaq.

Konqresdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri İsax Mustafayev Azərbaycanın invaziv kardioloqlarının çox yüksək səviyyədə fəaliyyət göstərdiyini, istər cərrahi, istər invaziv, istərsə də konservativ cərrahiyyə sahəsində digər ölkələrə müraciət etməyə heç bir ehtiyacın olmadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan vətəndaşları kardioloji xidmətdən yararlana biləcək peşəkar həkim və qurumlara malikdirlər.

Türkiyə Kardiologiya Cəmiyyətinin Prezidenti Vedat Aytəkin çıxış edərək Azərbaycanda kardiologiyanın inkişaf etdiyini bildirib: “Azərbaycan Kardiologiya Cəmiyyəti inkişafını davam etdirir. Beynəlxalq arenada özünü daha çox göstərdiyinə qürurla şahidlik edirik”.

Daha sonra İnvaziv Kardiologiya İşçi Qrupunun sədri Ülvi Mirzəyev “İnvaziv kardiologiyanın gələcəyi” mövzusunda təqdimatla çıxış edib.

Konqres panel sessiyalarla davam edir.

Qeyd edək ki, konqres iki gün davam edəcək.

27 Noyabr 2021 12:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə