Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada qlobal təşəbbüslər ölkəsi kimi tanınır

Bu gün bütün dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafı etiraf edilir, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən bəhs olunur, aparılan islahatların iqtisadiyyatın daha da güclənməsinə təkan verdiyi vurğulanır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya və Xəzəryanı dövlətlər arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən bir respublika olduğu, investisiyanın təşviqi mexanizminin reallaşdırıldığı və əlverişli investisiya mühitinin yaradıldığı, təbii sərvətlərlə, xüsusilə neft və qaz ilə zəngin diyar kimi tanındığı diqqətə çatdırılır.

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında, müsahibələrində Azərbaycanın hər zaman xarici ölkələrlə səmərəli əməkdaşlığa üstünlük verdiyini və bunun müsbət nəticələrlə müşahidə edildiyini diqqətə çatdırıb, həmçinin respublikamızın müxtəlif vaxtlarda yaxın-uzaq ölkələrə imkan daxilində kömək göstərdiyini də vurğulayıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu əsasda qazanılıb. 

Azərbaycan xarici siyasətdə qarşılıqlı dəstəyi sözdə yox, əməldə, həmrəylikdə nümayiş etdirib”.

Azərbaycanda son 18 ildə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın tranzit potensialını daha da gücləndirib.

Bütün bunlar deməyə əsas verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi təmin edilib, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və ölkəmizin fəal iştirakı ilə Şərq–Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir və Şərq–Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol–biri Çin-Qazaxıstan–AzərbaycanGürcüstan–Türkiyə–Avropa, digəri isə Pakistan–TürkmənistanAzərbaycan–Gürcüstan–TürkiyəAvropa mövcuddur. Hər iki dəhliz Azərbaycan üzərindən keçir və təbii ki, Azərbaycanın imkanlarını daha da genişləndirir. Şimal– Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa–Rusiya–Azərbaycan–İran– Hindistan ölkələrini əhatə edir. Bu, sözügedən istiqamətdə də nəqliyyat təhlükəsizliyimizin təmin olunmasından xəbər verir.

Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad edib ki, bu da yuxarıda göstərdiyimiz qlobal iqtisadi proseslərdə yeni reallığın yaranmasına gətirib çıxarıb. Belə bir şərait isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsini gerçəkləşdirəcək. Bu yollar, eyni zamanda, Çinə Orta AsiyaAzərbaycan–Türkiyə–Avropa tranzitnəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu da region üçün strateji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması və Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantını təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla BTQ dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasının reallaşdırılması məqsədi daşıyır.

Qlobal layihələr sırasında Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Bu dəhliz inşa olunmadan investor bura və heç bir digər layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki istər “Abşeron”, “Qarabağ”, istərsə də digər yataqlardan çıxarılacaq qazın ixracı üçün yol olmalıdır. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə gerçəkləşdirilmədən Azərbaycanın enerji siyasəti yarımçıq qala bilərdi. Amma bu gün respublikanın enerji siyasəti ölkəmizin maraqlarını tam təmin edir. Məsələn, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək.

Onu da qeyd edək ki, indiyədək həyata keçirilən layihələr çərçivəsində Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi– Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi nəinki Azərbaycanın və Türkiyənin, hətta digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə Azərbaycanda qeyrineft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub

Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzitnəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Azərbaycanın dünyada qlobal təşəbbüslər ölkəsi kimi tanınmasından bəhs edərkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin hazırda COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Cari il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən dövlətimizin başçısı bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən, eləcə də Qoşulmama Hərəkatı adından peyvəndlərə universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. 

Bu il noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib.

Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir.

Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.

Bu, onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderliyini davam etdirir. Bu, eyni zamanda, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olmasının təsdiqidir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra qlobal təşəbbüslərin müəllifi kimi, diqqət çəkir. Belə ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə gerçəkləşən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması bunun bariz ifadəsidir. 

Sonda onu da vurğulayaq ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən böyük və nüfuzlu təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu qurumun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

27 Noyabr 2021 06:45 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə