Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın Cənubi Qafqazda münasibətləri tənzimləmək səyləri yüksək qiymətləndirilir

Regionda sülhün və sabitliyin bərpası bütün ölkələrin maraqlarına cavab verir

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin Soçidəki üçtərəfli görüşü həm regiondakı bütün ölkələrin, həm də bölgədə marağı olan siyasi dairələrin hamısının diqqət mərkəzində idi. Qafqazda sülhü, əmin-amanlığı, əməkdaşlığı və inkişafı dəstəkləyənlər Moskvadan Prezident İlham Əliyevin, revanşizmi, işğalşı Ermənistanın təxribatlarını ruhlandıranlar isə baş nazir Nikol Paşinyanın uğurlu nəticələrlə qayıtmasına ümid edirdilər. Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görüşlərin əvvəlindəcə “Bizim azərbaycanlı və ermənistanlı dostlarımız” ifadəsini işlətməklə hamıya mesaj göndərdi ki, artıq Cənubi Qafqazda münaqişədən, müharibədən deyil, problemlərin aradan qaldırılması üçün yolların axtarılmasından danışacağıq. Belə də oldu. 

Vladimir Putin üçtərəfli görüşdən əvvəl Azərbaycan və Ermənistanın dövlət başçıları ilə görüşdü. Dövlət başçımız həmin görüşdə xüsusilə vurğuladı ki, rəsmi Bakı Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir. Bu da təsadüfi deyil. Çünki ötən ilin noyabrında məhz cənab Vladimir Putinin təşəbbüsü ilə imzalanan Üçtərəfli Bəyanat həm tərəflərin daha çox itki verməsinin qarşısını aldı, həm Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi, həm də regiondakı mühüm nəqliyyat-kommunikasiya xətlərinin bərpasına zəmin yaratdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla, sonra Türkiyə ilə, daha sonra dünyanın bütün istiqamətləri ilə əlaqələrin yaradılmasını təmin edəcək Zəngəzur dəhlizi də məhz bölgə ölkələrinin hamısının siyasi və iqtisadi maraqlarının təmin olunmasına xidmət edəcək. 

Yeri gəlmişkən, dövlət başçımız xatırlatdı ki, Azərbaycan müharibədən ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. Ancaq hələ ki, yerinə yetirilməmiş vacib məsələlər qalmaqdadır. Doğrudur, 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatda əksini tapan bir sıra məsələlər artıq icra olunub. 

Ancaq dövlətlər arasındakı sərhədlərin delimitasiyası vacib məqam kimi hələ öz həllini gözləməkdədir. Azərbaycan Prezidenti xatırladır ki, biz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyiyini bəyan etmişik. Biz qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif etmişik. 

Azərbaycan–Rusiya əlaqələrinə gəlincə isə, dövlət başçımız xatırladır ki, bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Artıq həm Bakıda, həm də Moskvada birmənalı şəkildə qeyd edilir ki, ikitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Çünki tərəflərin hər ikisi qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. Qarşılıqlı əlaqələrin səviyyəsini isə iqtisadi, siyasi, mədəni sahələrdəki əməkdaşlığın inkişaf tempi və mövcud statistika aydın şəkildə göstərir. 

Hər iki tərəfin mütəxəssisləri etiraf edirlər ki, ölkələr arasında ticarət dövriyyəsi yüksəlir. Çünki iqtisasdi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var. Dövlət başçımız xatırladır ki, ölkələrimiz arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Təbii ki, bu münasibətlərin daha da yaxşılaşdırılması üçün ixtisaslı kadrların yetişdirilməsi də vacib məqamlardandır. Elə Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılması da həmin məqsədə xidmət edir. Bildirilir ki, bu gün Rusiyada 15 minə yaxın azərbaycanlı gənc təhsil alır. 

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olan region ölkələri və xüsusən, yaxın qonşularla əməkdaşlığın genişləndirilməsi prinsiplərinə uyğun olaraq, Moskva və Bakı arasında rəsmi şəxslərin qarşılıqlı səfərlərinin dinamikası yüksəkdir. Xüsusilə vurğulanır ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Azərbaycan–Ermənistan dövlət sərhədindəki vəziyyətə gəlincə isə xatırladaq ki, ötən ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatdan sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Azərbaycan tərəfinin mövqeyi belədir ki, baş verən kiçik insidentlərdə ciddi bir ardıcıllıq müşahidə edilmir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlət sərhədində baş vermiş toqquşmalar rusklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən, üçtərəfli formatda müzakirəsini zəruri edir.

Elə cənab Putinin təşəbbüsü ilə reallaşdırılan Soçi görüşünün də əsas məqsədi rusklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləmək üçün variantların tapılması idi. 

Tərəflər arasında üç saatdan çox çəkən müzakirələrdən sonra Rusiya Prezidenti Bakıda və İrəvanda həyəcanla gözlənilən nəticələr barədə məlumat verib: “Bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır. Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik”.

Xüsusilə qeyd edilməli məqam isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan ilin sonunadək sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər. Bu faktı da Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

Biz inanırıq ki, Azərbaycan və Rusiya dövlət başçılarının arasındakı şəxsi dostluq münasibətləri və rəsmi Moskvanın Cənubi Qafqazda sülhə, əminamanlığa nail olmaq cəhdləri öz müsbət nəticələrini verəcək. Dəfələrlə deyildiyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi təkcə bu iki ölkənin deyil, ümumiyyətlə, regionun bütün ölkələrinin maraqlarına cavab verəcək. Biz əminik ki, belə bir sazişin imzalanacağı tarix uzaqda deyil.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

27 Noyabr 2021 06:36 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə