Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misilsiz humanitar fəaliyyət nümunəsi

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi, qüdrətlənməsi və dünya birliyində layiqli mövqe tutması ilə bağlı ideya və əməllərini yaşadan, bu məramı əhatəli və çoxsaylı layihələrlə gerçəkləşdirən Heydər Əliyev Fondu yaranıb fəaliyyət göstərdiyi son 17 ildə sübut edib ki, təkcə ölkəmizdə deyil, eləcə də beynəlxalq aləmdə tanınan nüfuzlu humanitar qurumdur.

Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi bu fond ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin çoxcəhətli liderlik fəaliyyətinə ölkədə və xaricdə geniş ictimai dəstək qazandırmaqda da təşəbbüskarlığı və fədakarlığı ilə seçilir.

Nizamnaməsində göstərildiyi kimi, Heydər Əliyev Fondu qeyri-hökumət, qeyri-kommersiya təşkilatı olub, ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini toplayıb yaymaq, azərbaycançılıq fəlsəfəsinin müstəqil dövlətimiz üçün önəmini təbliğ etmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmışdır. Fondun ali məram və uca məqsədləri sırasında Heydər Əliyevin memarı və banisi olduğu müstəqil Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, ulu öndərin Azərbaycan xalqının rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsinə dəstək verilməsi aparıcı yer tutur.

Artıq 17 ildir ki, Heydər Əliyev Fondu birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında çoxcəhətli, genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanın tərəqqisinə və xalqın rifahının yaxşılaşmasına xidmət edən bir sıra proqram və layihələri inamla gerçəkləşdirir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək sahəsində fondun fəaliyyəti Azərbaycanda humanitar sahənin problemlərinin həllinə, sosialmədəni həyatın yenilənməsinə geniş meydan açmışdır.

Ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müəssisələrinin infrastrukturlarını yeniləşdirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılıb inkişaf etdirməsinə yardım etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə nail olmaq, xüsusi qayğıya ehtiyacı olan insanları himayə etməklə bağlı bu qurumun layihələri uğurla davam etdirilir. Səhiyyə təsisatlarını inkişaf etdirmək, Azərbaycan mədəniyyətini xaricdə geniş təbliğ etmək, sağlam mənəvi dəyərləri qorumaq sahəsində Heydər Əliyev Fondunun apardığı iş bütün dünyada ictimai təşəbbüskarlığın və onun davamlı olaraq gerçəkləşdirilməsinin parlaq örnəyi kimi qəbul edilir.

Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu ötən illərdə “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramını, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələrini uğurla həyata keçirir. Bu proqram və layihələr əsasında qurumun fəaliyyətinin təkcə ilk 10 ilində 30-dan artıq uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 400-dən çox məktəb binası inşa olunmuş və yenidən qurulmuş, 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında bir sıra məktəblər bu fond tərəfindən yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

Heydər Əliyev Fondu əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak etməyə çalışır. Bu qurum 2004-cü ildən Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şprisqələmlərlə təmin edilirlər. Talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinə start verilmişdir. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilmişdir.

Azərbaycanda fondun dəstəyi ilə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpası, Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, Gəncə qapılarının ilkin şəkildə qurulması, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin, Bakıda Beynəlxalq Muğam Mərkəzinin, Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası əhalidə böyük məmnunluq doğurmuşdur.

Fond bu sıradan Bakı Müasir İncəsənət Muzeyinin yaradılması, Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzlərinin tikilməsi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində EtnoEkoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin yaradılması, Gəncədə Nizami Gəncəvi Muzeyinin və Məhsəti Gəncəvi Mərkəzinin tikilməsi, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası kimi digər önəmli layihələr də həyata keçirilmişdir.

Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafı və təbliği, milli musiqi irsimizin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Fond bir sıra incəsənət festivalları və sərgilərinin də təşəbbüskarı və təşkilatçısıdır. Bu tədbirlər həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda təşkil olunur.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondunun fəaliyyətində seçilən istiqamətlərdən birini də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Birinci xanım davamlı olaraq şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, əlilləri, şəhid döyüşçülərin ailələri ilə, yurd-yuvalarından qovulmuş qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun müəllifi olduğu proqram və layihələrin, keçirdiyi sosial-mədəni tədbirlərin təkcə siyahısı çoxsəhifəli minlərlə ad göstəricisi təşkil edər. Bütün bunlara görə fondun rəhbəri Mehriban xanım Əliyeva dünyanın bir sıra xarici dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının seçilən humanitar fəaliyyətlər üçün nəzərdə tutulan ali mükafat və təltiflərinə layiq görülmüşdür.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Heydər Əliyev Fondunun bu titanik fəaliyyəti barədə məmnunluqla söz açaraq bildirdi:

– Çoxyönlü fəaliyyətinin əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan bu qurumun təşəbbüskarı və yaradıcısı ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım 2017-ci ilin fevral ayından həm də yüksək dövlət vəzifəsi daşıyır, Heydər Əliyev Fonduna rəhbərliyi ilə yanaşı, ölkənin ilk birinci vitse-prezidenti vəzifəsini də uğurla icra edir.

Hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Muğam Müsabiqəsi, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir.

Mehriban xanımın gərgin və işgüzar fəaliyyəti nəticəsində Heydər Əliyev Fondu Azərbaycan hüdudlarından kənara çıxaraq, beynəlxalq səviyyəli bir quruma çevrilib. Fondun ABŞ, Rumıniya, Rusiya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı, UNESCO, ISESCO, FAO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən fond 2007-ci ildən başlayaraq, hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümü ilə bağlı aksiyalar keçirir. Fondun birinci vitseprezidenti Leyla xanım Əliyevanın artıq neçə ildən bəri apardığı “Xocalıya ədalət!” kampaniyası Azərbaycan hüdudlarından çox-çox kənarlara çıxaraq, Avropa, Asiya, hətta, uzaq Latın Amerikası ölkələrini belə əhatə edib.

Akademikin dediklərinə əlavə olaraq bildirək ki, Heydər Əliyev Fondu dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və gecələri keçirməklə yurdumuzun keçmişini, tarixini, mədəniyyətini, bu gününü, müstəqil dövlətimizin nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya göstərmək, bütün dünyaya tanıtmaq məqsədini uğurla gerçəkləşdirib.

Mehriban xanım Əliyeva ulu öndərin adı, ideyaları və əməlləri ilə bağlı fonda rəhbərliyinin ilk dövründə bildirmişdi: “Qarşıda bizi yeni çağırışlar, yeni hədəflər, yeni qələbələr gözləyir və mən əminəm ki, biz bütün çətinliklərin öhdəsindən birgə gələrək yeni nailiyyətlərə imza atacağıq”. Ötən 17 ildə görülən işlər, atılan addımlar da deyilənlərin sadəcə, söz, vəd olduğunu deyil, konkret əməl, fəaliyyət olduğunu bütün aydınlığı və genişliyi ilə təsdiq etmişdir.

Heydər Əliyev Fondunun 15 illiyi ilə bağlı keçirilən təntənəli yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev Mehriban Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, qeyd etmişdir ki, fond ötən illər ərzində bir çox sahələrdə – mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb.

Doğrudan da, birinci xanım Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycan, eləcə də dünya miqyasında insanların sağlam, mənalı və xoşbəxt həyatı naminə misilsiz humanitar fəaliyyət nümunəsidir.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

27 Noyabr 2021 01:11 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə