Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müzəffər lider

Siyasi liderlərin heç də hamısına bu ad nəsib olmur

Müdrik lider Mahatma Qandinin belə bir kəlamı var: “Siyasətçi öz xalqını qarşıdurmaya, münaqişəyə, müharibəyə, qisasçılığa çağırırsa, o, heç zaman xalqın lideri ola bilməyəcək. Çünki liderlərlə siyasətçilər arasında çox böyük fərq vardır.” 

Böyük Şərq müdrikinin həmin arqumentinin təsdiqi kimi səslənən fikirləri bu il fevralın 26-da – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında növbəti dəfə eşitdik.

Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin əməkdaşı dövlət başçımıza xitabən dedi: “Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi”. Yəni İlham Əliyevin möhtəşəm liderlik keyfiyyətlərini dünyanın mütərəqqi insanlarının hamısı görür və təqdir edirlər.

Siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyası müəyyənləşdirilir. Bu, liderliyə hansı aspektdən və sosial-siyasi kontekstdə yanaşmadan da asılı olur. İnsanlar kütlənin önündə gedən şəxsə Böyük lider, Ənənəvi lider, Xarizmatik lider, Qəhrəman lider, Siyasi lider, Ümummilli lider və başqa epitetlərlə müraciət ediblər. İlham Əliyev isə milli tariximizə Zəfər çalmış Müzəffər lider kimi yazılmışdır. 

Ancaq o, ümumi tarixə təkcə məlum Zəfəri ilə – yəni 10 milyonluq əhalinin lideri kimi düşmədi. Əlli milyonluq azərbaycanlıların hamısı onu öz lideri kimi qəbul edir. Onu türk xalqlarının sabahını düşünən insanların hamısı müasir türk dünyasının əsas liderlərindən biri kimi qəbul edir. O, Qoşulmama Hərəkatının sədri kimi nümayiş etdirdiyi obyektivliyə, prinsipiallığa, qətiyyətə və istənilən milli ayrı-seçkiliyin qarşısını almaq üçün sərgilədiyi mübarizliyə görə 120 ölkənin ziyalıları, sadə insanları tərəfindən məhz lider kimi qəbul edilir.

Ancaq o, ilk növbədə Azərbaycan dövlətinin mənafeyini, xalqımızın maraqlarını müdafiə etdiyinə, qoruduğuna görə lider nüfuzu qazanmışdır. İlham Əliyev Heydər Əliyevin inkişaf relsi üzərinə çıxartdığı müstəqil Azərbaycanı regionun ən güclü dövlətinə çevirdiyinə, vətəndaşlarımızın həyat səviyyəsinin qat-qat yaxşılaşdırılmasına nail olduğuna, dünyanın əksər güc mərkəzlərini ölkəmizin dostuna, tərəfdaşına çevirdiyinə görə xalq onu lider kimi dəstəkləyir.

O, işğalçı ölkənin “siyasətçiləri”nin “məğlub ordu” deyərək ələ saldığı Azərbaycan Silahlı Qüvvələrini dünyanın 50 ən güclü ordusundan birinə çevirdiyinə, “XXI əsrin müharibəsini” aparmış Azərbaycan əsgərinin hərbi əməliyyatlarını planetin ən məşhur ali hərbi təhsil verən müəssisələrinin dərsliklərinə salınmasına nail olduğuna, 44 günlük müharibə ilə 30 il əsarət altında inləyən torpaqlarımızı yağı tapdağından azad etdiyinə, həmin ərazidə cəmi səkkiz aya ən müasir beynəlxalq hava limanı tikilməsinə nail olduğuna görə ölkənin ağlı başında olan bütün insanları tərəfindən məhz LİDER kimi qəbul edilir.

Lider məsuliyyətinin nələrdən ibarət olduğunu hamıdan yaxşı bilən İlham Əliyev Azərbaycanın qüdrətlənməsini özünəməxsus peşəkarlıqla sürətləndirməklə yanaşı, onun davamlılığını təmin edir. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı daha da güclənir, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması prosesi sürətlənir, elmi texnologiyaların son nailiyyətləri həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bütün bunlarla bərabər, aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi təkmilləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır və dövlətimiz hərtərəfli inkişaf edir.

Bu xalq İlham Əliyevi bir də ona görə lider kimi dəstəkləyir ki, o, yüz minlərlə soydaşımızın otuz ilə qədər müddətdə həsrətini çəkdiyi ata-baba yurduna qayıtması üçün zəmin yaratmışdır. Fikrimcə, bu məsələyə ən dəqiq qiyməti Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan vermişdir. Belə ki, cənab Ərdoğan işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində mətbuata verdiyi bəyanatda demişdir: “Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil… İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər”.

Azərbaycan Prezidentinin həm siyasi-diplomatik fəaliyyətinə, həm də şəxsi keyfiyyətlərinə beynəlxalq aləmdə də həmişə yüksək qiymət verilib. Yuxarıda adını çəkdiyimiz mətbuat konfransında dövlət başçımızın fərdi keyfiyyətlərinə Avropanın ən təcrübəli jurnalistlərindən birinin verdiyi qiymətin şahidi olduq. Böyük Britaniyadan olan müstəqil jurnalist İlham Əliyevə xitabən dedi: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.

Bu sətirləri əcnəbi jurnalistin həmin arqumentləri ilə yekunlaşdırmağımız təsadüfi deyil. Çünki həmin mətbuat konfransı sübut edirdi ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün lazım olan bütün addımları atır. O, hamının fikirlərini səmimi şəkildə qəbul etməklə mətbuatın dostu olduğunu sübut edir. O, tədbirdə iştirak edən istənilən jurnalistin sualina diqqətlə qulaq asaraq səbrlə cavab verir və bu məqam qonağa hörmətin, insan hüquqlarına ehtiramın və ən başlıcası, Azərbaycan Prezidenti adının uca tutulmasının göstəricisi idi. Bütün bunların isə bir adı var: Liderlik məharəti!

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

27 Noyabr 2021 00:54 - SİYASƏT
SİYASƏT
27 Yanvar 2022 | 04:18
Müasir Azərbaycan Ordusu

Köhnə versiyamızdan xəbərləri izlə