Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virus əleyhinə dərmanlar sınaqdan keçirilib

Bəzi ölkələr yenidən sərt məhdudiyyətlər tətbiq edirlər 

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxma hallarının sürətlə artdığı ölkələrə sərt məhdudiyyətlərin tətbiqində gecikməməyə dair xəbərdarlıq edib. Bu barədə beynəlxalq qurumun koronavirus üzrə aparıcı eksperti Maria Van Kerhove açıqlama verib. O bildirib ki, müvafiq tədbirlər nə qədər erkən həyata keçirilsə, sərt məhdudiyyətlərin tətbiqi bir o qədər az ola bilər. Ekspert, həmçinin qeyd edib ki, virusun hazırda sirkulyasiya edən variantları ilkin variantla müqayisədə daha yoluxucudur və bu məqam sərtləşdirilmələr barədə qərar verilən zaman nəzərə alınmalıdır.

Təşkilatın fövqəladə hallar şöbəsinin rəhbəri Mayk Rayan isə bildirib ki, bir sıra ölkələr hazırda infeksiyanın yayılmasına görə ağır vəziyyətlə üzləşiblər və indiki şəraitdə, ən azından, müvəqqəti olaraq yoluxma hallarının sayını azaltmaq üçün sərt məhdudiyyətlərə əl atmaq məcburiyyətindədirlər. O, konkret ölkə adları çəkməsə də, hazırda Avropa ölkələrində virusa yoluxmanın daha yüksək olduğu müşahidə edilir. Sərtləşdirilmələr sırasında maskadan istifadənin genişləndirilməsi, məsafə saxlanması, qapalı məkanlarda tədbirlərin məhdudlaşdırılması və mümkün hallarda evdən işləmə qaydalarının tətbiqi yer alır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus isə Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ötən həftə Avropada COVID–19-a yoluxma ilə bağlı 2 milyona yaxın fakt qeydə alınıb. Bu, pandemiya başlayandan bəri regionda bir həftəlik maksimum göstəricidir. Avropada bu virusdan bir həftədə təqribən 27 min nəfər həyatını itirib. Bu, dünyada COVID–19-dan ölüm hallarının yarısından çoxu deməkdir. ÜST rəhbərinin sözlərinə görə, koronavirus infeksiyası təkcə vaksinasiyanın səviyyəsi aşağı olan bir sıra Şərqi Avropa ölkələrində deyil, həm də vaksinasiya göstəricilərinin dünyada ən yüksək səviyyədə olduğu Qərbi Avropa ölkələrində də sürətlə yayılmaqdadır.

 Qebreyesusun fikrincə, bu faktlar onu göstərir ki, vaksinlər digər ehtiyat tədbirlərini əvəz etmir. O deyib: “Vaksinlər xəstəxanaya düşmək, xəstəliyin ağır keçməsi və ölüm riskini azaldır, lakin onlar virusun yoluxmasının qarşısını tam almır. Bəzi Avropa ölkələri yoluxmaların artmasının qarşısını almaq və səhiyyə sistemlərinin yükünü azaltmaq məqsədilə yenidən məhdudiyyətlər tətbiq edirlər”.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq edilib. Kiyev şəhərinin meri Vitaliy Kliçko brifinqdə bildirib ki, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunur. Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanların işə və ictimai yerlərə getməsinə icazə verilib. Eyni zamanda, yalnız peyvənd edilmiş və ya test nəticəsi neqativ olan valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər. Həmçinin ictimai nəqliyyatdan yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edirlər. Məhdudiyyətlərə nəzarət hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılır.

ÜST-ün baş direktoru T.Qebreyesus əmindir ki, ehtiyat tədbirləri düzgün əlaqələndirilsə, ölkələr virusun yayılmasının azaldılması və cəmiyyətlərin normal fəaliyyəti arasında tarazlıq tapa bilərlər. Ona görə də, qurum rəhbəri bir daha dünyada vaksinlərin ədalətli bölgüsünü təmin etməyə çağırıb. Qebreysusun sözlərinə görə, hazırda iki ölkə – Koreya Xalq Demokratik Respublikası və Şərqi Afrikada Eritreya müstəsna olmaqla, bütün ölkələrdə vaksinasiya aparılır. Bu ilin sonuna qədər dünya əhalisinin 40 faizini peyvəndləmək üçün təcili olaraq əlavə 550 milyon vaksin lazımdır. Bu miqdarda preparat isə dünyada on gün ərzində istehsal edilir.

Xarici mətbuatın yaydığına görə, dünyada artıq koronavirusdan qoruyan 2 effektiv preparat kəşf edilib. Məlumata görə, 2021-ci ildə “Merck” və “Pfizer”in yeni antivirus tabletləri buraxılıb. Onlar evdə qəbul etmək üçündür. Tabletlərdən biri “Molnupiravir”dir. Oktyabr ayında klinik tədqiqatları başa çatan dərmanın ilk günlər qəbul edilərsə xəstəni ağırlaşmaqdan qoruyacağı barədə rəsmi açıqlama verilib. Dərman, həmçinin vaksin olunmamış insanların da ölüm riskini azaldır.

Əvvəlcə, bu dərman qrip virusuna qarşı nəzərdə tutulubmuş. Lakin bu dərmanın qrip virusu ilə COVID geninin birləşərək, orqanizmdə çoxalmasını əngəllənməsi sübut olunub. Preparat həm qrip, həm koronavirusun bütün variantlarına, həmçinin “Delta”ya qarşı da təsirlidir.

Noyabrın 4-də satış adı “Laqevrio” olan preparatı ilk dəfə Böyük Britaniya tətbiq etməyə başlayıb. Britaniya hökuməti dərmanı test cavabı müsbət çıxan risk qrupundakı insanlara verməyi nəzərdə tutub. Dərmandan istifadə edən ikinci ölkə isə ABŞ olacaq, onlar 1,5 milyon doza dərman istəyir.

Noyabrın 5-dən isə “Pfizer” şirkətinin “Pakslovid” adlı dərmanının 3-cü faza sınaqlarının nəticələri barədə məlumat verilib. Tədqiqata 1219 nəfər vaksin olunmamış müxtəlif yaş qrupundan insanlar cəlb edilib. Onların hamısında xəstəliyin ağır keçməsi riski olub. İlk simptomlar başlayan 5 gündə onlar hər 12 saatdan bir preparatdan qəbul ediblər. Bu qrupdan cəmi 1 faiz xəstəxanaya aparılıb, amma heç kim ölməyib.

Müşahidələr və təhlillər göstərib ki, “Pakslovid”i ilk günlərdə qəbul etmək, ölümü və xəstəxanaya düşmə riskini 80 faiz azaldır, həmçinin virusun yayılmasına imkan vermir. Gözlənilir ki, ABŞ-ın FDA (Qida və Dərman İdarəsi) qurumu tezliklə dərmanı qeydə alacaq. “Pfizer” şirkəti artıq ölkələri bu dərmanı alıb, tez tətbiq etməyə çağırıb. Ümid edək ki, həm peyvəndləmə, həm tabletlərdən istifadə, həm də ciddi şəkildə qorunma tədbirlərinə əməl etmək pandemiyanın başa çatmasını tezləşdirəcək. Son günlərin məlumatlarına əsasən deyə bilərik ki, ölkədə noyabrın 25-dək vurulan vaksinlərin ümumi sayı 10 milyonu, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyonu, “buster” doza ilə peyvənd olunanların sayı isə 764 mini ötüb. İkinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 5 milyona yaxındır. İndiyədək ölkədə ümumilikdə 578 min nəfərdən çox insan koronavirus infeksiyasına yoluxub. Onlardan 543 mindən çoxu müalicə olunaraq sağalıb, 7700-dən çox insan vəfat edib. Aktiv xəstə sayı 27 mindən çoxdur.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

26 Noyabr 2021 10:24 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə