Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları”

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşları xalqımızın görkəmli ədəbiyyat xadimlərinin həyat və yaradıcılığı barədə tədqiqatları uğurla davam etdirirlər. Sevindirici haldır ki, aparılan tədqiqat işlərinin nəticələri ayrıca kitab şəklində oxuculara təqdim edilir. Milli ədəbiyyatımızın yorulmaz tədqiqtçılarından biri, filologiya elmləri doktoru, qabaqcıl maarif xadimi, “Qızıl qələm” mükafatı laueratı Baba Babayevin bu günlərdə işıq üzü görmüş “Əbdürrəhim bəy Haqverdiyevin məqalə, məktub və felyetonları” monoqrafiyası da həmin silsilənin növbəti nümunəsidir. 

Bu kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il yanvarın 31-də imzaladığı “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının preambulasından seçilmiş iqtibasla açılır: “Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır”

Böyük ədibin anadan olmasının 150 illiyi münasibəti ilə hazırlanan kitabın elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahiddir. Əsərdə XX əsrin görkəmli yazıçı-dramaturqu, tərcüməçisi, teatrşünası Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığının məziyyətləri araşdırılmışdır. Burada ədibin 1906-1910-cu illərdə “Molla Nəsrəddin” jurnalında nəşr edilmiş felyetonları, atmacaları, və sancmaları təhlil edilir və dövrün ictimai-siyasi prosesləri prizmasından qiyməyləndirilir.

“Avropa” nəşriyyatında işıq üzü görmüş bu kitabda, eyni zamanda, ədibin “Zənbur”, “Həyat”, “Tazə həyat”, “İrşad”, “Yeni irşad”, “Tərəqqi”, “Açıq söz” və digər mətbu orqanlarında işıq üzü görmüş məqalə və məktubları da sistemli şəkildə tədqiq edilmişdir.

Xatırladaq ki, bu il Baba Babayevin “Mirzə Fətəli Axundzadənin nəsr yaradıcılığı” (“Optimist” MMC çap mərkəzi) və 44 günlük müharibədə şəhid olmuş igid Vətən övladlarının xatirəsinə həsr olunmuş “Ədəbiyyatımızın yaradıcılıq problemləri” kitabları da nəşr edilərək geniş oxucu auditoriyasına təqdim olunmuşdur.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

26 Noyabr 2021 10:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə