Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həssas kateqoriyadan olanlara sosial dəstək tədbirləri davam edir

Azərbaycanda reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və ya sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilərək istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, eləcə də, Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial – psixoloji dəstək xidmətləri göstərilib.

Qeyd edək ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ötən həftə Bakının daha üç rayonunda – Nizami, Sabunçu və Suraxanı rayonlarında sağlamlıq imkanları məhdud olan 6 yaşınadək uşaqların səyyar formada sosial reabilitasiyası tədbirlərinə də başlayıb. Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqların yaşadıqları evlərə gedərək, onları sistemli şəkildə sosial–psixoloji və sosial–pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır. Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur. Layihə çərçivəsində psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir. Cari ilin iyun ayında başlanan layihə artıq paytaxtın 7 rayonunu – Səbail, Yasamal, Nərimanov, Binəqədi, Nizami, Sabunçu, Suraxanını əhatə edir.

Əlilliyin qiymətləndirilməsi işində də yenilik – müraciət edənlərin müayinəsinin əyani şəkildə aparılması tətbiq olunur. Bu həftə nazirliyin tabeliyindəki Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki komissiya tərəfindən daha bir qrup şəxsin əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəsi keçirilib. Komissiya Agentliyin, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyalarının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarətdir. Müayinə zamanı 16 nəfərə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı aparılıb, 3 nəfərə isə ümumi səbəblərdən əlillik təyin edilib. Əyani müayinə zamanı hərbi səbəblərlə əlaqədar 3 nəfər əlilliyi olan şəxsin dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün tibbi göstərişinin olmasına, 5 nəfərin isə müalicəsinin davam etdirilməsinə dair qərar verilib. Bir neçə şəxsin isə diaqnozunun təsdiqini tapmadığı, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev iştirak edib. Məlumat üçün bildirək ki, bu il 48 minədək şəxsə əlillik təyinatı aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Dövlət tərəfindən həssas qrupların sağlamlığı diqqətdə saxlanıldığı kimi, digər sosial problemləri də unudulmur. Bu günlərdə ƏƏSMN tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib. Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev mənzillərin sənədlərini təqdim edərkən bildiriblər ki, Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işləri davamlı aparılır. İndiyədək 33 min şəxsin bu tədbirlərlə əhatə olunduğu bildirilib. Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam edir. Onlardan artıq 1900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq sərəncamı 2021 – 2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur. Vətən müharibəsi qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri də davam etdirilir. Qeyd olunub ki, zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə mənzillərin təqdim edildiyi bu tədbir bir daha onu göstərir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan vətəndaşların yanındadır və onlara öz dəstəyini göstərir.

Ötən müddətdə işsizlikdən sığorta ilə bağlı yaranan bir sıra suallara da aydınlıq gətirilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayı ərzində, ümumilikdə, 3 min 33 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. Ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 min 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib. İşsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə, ən azı, 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə, ən azı, 35 ay sığorta stajı olduqda həyata keçirilir. Ötən il “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklə sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında uşaqların dövlət uşaq müəssisələrinə verilməməsi üçün yaradılmış günərzi qayğı mərkəzlərinin fəaliyyətdə diqqət çəkir. Belə mərkəzlərə 700-dən çox uşaq cəlb olunub. Bu ilin sentyabr ayından icrasına başlanan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır. Layihə çərçivəsində 24 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron, Qəbələ, Neftçala, Göygöl, Saatlı, Samux, Hacıqabul, Qusar, Quba, Xaçmaz, Oğuz, Şəki, Göyçay, İsmayıllı, Daşkəsən, Biləsuvar, Cəlilabad, Bərdə, Ağstafa və Bakının Nizami rayonları) qurulan günərzi qayğı mərkəzlərində 3–12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası işləri aparılır. Onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi üçün sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilir.

Bu həftə Azərbaycan üçün Fəal Yaşlanma indeksinin tərtib edilməsi işinə cəlb olunmuş beynəlxalq ekspert, Böyük Britaniyanın Oksford Universitetinin tədqiqatçısı, professor Asghar Zaidi ilə görüş olub. Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun birgə icra etdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətindən bəhs edilib. Layihənin əsas uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) sonuncu Siyasi İcmal buraxılışında Azərbaycanın fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edildiyi vurğulanıb. Layihə çərçivəsində Azərbaycan üçün hazırlanaraq təqdim edilən Fəal Yaşlanma indeksinin önəmi qeyd edilib. Vurğulanıb ki, bu indeks mühüm demoqrafik alət kimi yaşlı insanların fəal və sağlam yaşlanma potensialını qiymətləndirmək və ölçmək üçün tətbiq ediləcək. Fəal Yaşlanma indeksi, həmçinin yaşlı nəslin cəmiyyət həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni, digər tərəfdən, hansı sahələrin təkmilləşdirilməsi zəruriliyini müəyyən etməyə imkan verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev nəticə etibarilə bu indeksin tətbiqinin ölkəmizdə yaşlı insanların sosial rifahının, sosial xidmətlərə əlçatanlığının artırılması sahəsində atılan addımlara, cəmiyyətdə iştirakının inkişaf etdirilməsi işlərinə töhfə verəcəyini deyib.

A.Zaidi Fəal Yaşlanma indeksinə malik ölkələrin beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə etmək, müvafiq sahələrdə qabaqcıl təcrübələri öyrənmək imkanlarının da olduğunu bildirib. O, yaşlı şəxslər arasında sorğuların nəticələri nəzərə alınmaqla indeksin hazırlanması prosesi barədə məlumat verib. Görüşdə fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədilə Fəal Yaşlanma İndeksinin tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Məlumdur ki, milli qanunvericilik gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmaları özündə əks etdirir. Əmək və məşğulluq sahəsində də qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir. Belə hala yol verən işəgötürən isə buna görə qanunla məsuliyyət daşıyır. Nazirlik tərəfindən bu aktual mövzuya həsr edilən yeni videoçarx təqdim edilib. Videoçarx gender əsaslı ayrı-seçkiliyin iş həyatında da peşəkar yanaşma və müəssisə üçün səmərəli olmadığı mesajını çatdırır.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

26 Noyabr 2021 09:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə