Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn ilin dövlət büdcəsi davamlı inkişafa təminat yaradacaq

Son 18 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Bu gün ölkəmizdə mütərəqqi sosial siyasət həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilməsi də təsadüfi deyil. Çünki insanlara maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatları bundan sonra da sürətləndirəcək. Milli Məclisdə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi də aydın göstərir ki, gələn ilin əsas maliyyə sənədi əvvəlki illərdə olduğu kimi, sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq

Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün gələn il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, həmçinin digər sosial ödənişlərin artırılmasının qarşıya mühüm vəzifələr kimi qoyulması bunun bariz ifadəsidir. Bu, eyni zamanda, 2022-ci ilin dövlət büdcəsinin də ənənəvi olaraq sosialyönümlü xarakter daşıdığını göstərir. Belə ki, büdcədə sosial xərclər 46,4 faizə çatdırılır və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılır. 

Xərclərin maliyyə tutumunu 13 milyard 851 milyon manata çatdırmaq nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Yeri gəlmişkən, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Milli Məclisdə keçirilən müzakirələrin yekununda birinci oxunuşda qəbul edilən “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə diqqət yetirsək, büdcənin sosialyönümlülüyü ilə bağlı digər məqamları da aydın görmək olur. Belə ki, sənəddə Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur. Layihədə fondun gələn il xərclərinin 96,7 faizinin və ya 5 milyard 133 milyon manatının əhaliyə ödənişlər təşkil edəcəyi vurğulanır. Büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün, təxminən, 210 milyon manat vəsait nəzərdə tutulur.

Əmək pensiyalarının orta aylıq məbləğinin isə 2022-ci ildə 345 manata yüksəldilməsi proqnozlaşdırılıb. Əmək pensiyasının minimum məbləğinin isə 200 manatdan 240 manata qaldırılması nəzərdə tutulub. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artırılaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artırılaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 35 manat artırılaraq 298 manata çatdırılması proqnozlaşdırılıb.

Bütün bunlarla bərabər, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti Avropa Sosial Xartiyasının tələblərinə cavab verməklə, 43 faiz olacağı gözlənilir.

Emin BAĞIROV,

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,

mexanika üzrə fəlsəfə doktoru  

 

25 Noyabr 2021 04:19 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə