Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın turizm potensialı heyranedicidir

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə – Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya, Hadruta, Kəlbəcərə, Laçına səfərləri zamanı dəfələrlə vurğulamışdır ki, erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır, öz rəhbərinin qətiyyətli, qurucu və yaradıcı lider olduğunu yaxşı bilir. Turizm həvəskarları əmindirlər ki, bu yerlərə yaxın gələcəkdə dünyanın hər tərəfindən böyük insan axını olacaq. Sözsüz ki, Azərbaycanın qələbəsi xalqımızın qurub – yaratmaq əzmini də ortaya qoyub. Belə ki, Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu torpağın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və məşhur turizm mərkəzi olacağını deməyə əsas verir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində düşmənin diz çökdürüldüyü Vətən müharibəsində Qarabağın və ətraf rayonların işğaldan azad olunması ölkənin turizm potensialını daha da artırıb. Qarabağın əlverişli iqtisadi – coğrafi mövqeyə, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açır. İşğaldan azad olunmuş Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini daha da artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən biri hesab edilir. Bu ərazini yayda və qışda, həm tarixi, dini, həm də müalicəvi cəhətdən turizm istiqamətində inkişaf etdirmək mümkündür. Eləcə də, digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksəkdir. Ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır.

 İyirmi birinci əsrdə “Ev turizmi” anlayışı Azərbaycanın bölgələrində yeni-yeni təşəkkül tapsa da, Şuşada “Ev turizmi” hələ ötən əsrin ortalarından mövcud olub. Şuşa şəhəri, eləcə də rayonun Xəlfəli və Turşsu kəndlərində təxminən iki min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verirmiş. Şuşanın infrastrukturu elə qurulmuşdu ki, gələn turist orada hərtərəfli istirahətini təmin edə bilirdi. Şəhərdə geniş yay kinoteatrı fəaliyyət göstərirdi. Təbii ki, Şuşaya həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsiz idi. O cümlədən, şəhərin mərkəzinə yaxın Turşsu müalicəvi suyu Şuşaya gələnlərin sevimli yeri idi. Şuşanın əsas gəlir mənbəyi də turizm biznesi hesab olunurdu. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə bütün SRRİnin əsas turizm mərkəzlərindən biri hesab olunurdu.Turist marağı baxımından dünyada çox populyar olan Xarıbülbülü Şuşada canlı olaraq seyr etmək Qarabağın turizm cazibədarlığını xüsusi olaraq artırırdı. Vaxtilə Şuşa və Ağdam rayonlarında yerləşən məşhur “Şuşa”, “Gülablı” sanatoriyaları, Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr görülən yenidənqurma işlərindən sonra öz füsunkar görkəmlərini tamamilə dəyişəcəkdir. Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. 

Bu tədbirlər planının bir hissəsi olaraq mayın 12-də Şuşada “Xarıbülbül”, avqustun 29-da isə “Qarabağ” otellərinin yenidənqurmadan sonra açılışı olmuşdur. Otellər qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının gələcəkdə möhkəmləndirilməsində çox mühüm rol oynayacaq. Həmçinin “Qarabağ” xalçaları, “Qarabağ” Muğam məktəbi, “Qarabağ atları” mədəni turizmə maraq göstərən turistləri həmişə özünə cəlb edib. Qarabağ regionunun əsas turizm mərkəzi olan Şuşa şəhəri işğaldan azad ediləndən sonra Prezident İlham Əliyev tərəfindən respublikanın mədəniyyət paytaxtı elan edilib. Bildiyimiz kimi, Şuşada Turşsu yaylaqları, İsa bulağı, Topxana meşəsi, Cıdır düzü və s. yerlər turizm üçün geniş perspektivlər vəd edir. Belə ki, turizm və müalicə potensiallı təkrarsız təbiətə malik Şuşa və işğaldan azad edilmiş digər ərazilərimiz tezliklə dünyanın ən məşhur turizm mərkəzlərindən birinə çevriləcək. 

Məlumdur ki, Qarabağ regionu tarix boyu turistləri özünə cəlb edən əsas turizm məkanlarından biri olub. Burada turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zəngin mədəni turizmin mövcudluğunun göstəricisi hesab edilir. İşğaldan azad edilmiş ərazilərin geniş turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən “Yolumuz Qarabağa” konseptual turizm marşrutlarının layihələri hazırlanıb. Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında “Yolumuz Ağdama” turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən “Şahbulaq Qalası”na dair ilkin memarlıq və turizm inkişaf konsepsiyası hazırlanıb. Qeyd olunanlarla yanaşı, Dubayda “ATM 2021” (Arabian Travel Market 2021) və Moskvada “OTDYKH Leisure” turizm sərgilərində Qarabağın turizm potensialı yüksək səviyyədə təqdim edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın turizm potensialı gündən-günə daha da güclənəcək. Göründüyü kimi, qədim Şuşada, eləcə də işğaldan azad edilən bütün ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Bununla da şəhərin tarixi siması saxlanılmaqla ən müasir formada bərpa edilir, dünya standartlarına uyğun turizm infrastrukturu yaradılması şübhəsiz. Sözsüz ki, bütün bunlar Qarabağa turist axınını daha da sürətləndirəcək.

 Çoxsaylı maddi–mədəniyyət abidələrimiz erməni silahlı birləşmələri tərəfindən dağıdılsa da, meşələr yandırılaraq ekoloji terror törədilsə də, həmin ərazilərdə Azərbaycan Prezidentinin fərman və sərəncamları çərçivəsində sürətli bərpa işlərinə başlanılıb. Xatırladaq ki, dövlət başçımız Vətən müharibəsindən sonra işğaldan azad edilmiş rayonlara səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əvvəlkindən də gözəl quracağıq, oranı əsl cənnətə çevirəcəyik.

 Onu da qeyd edək ki, Xocavəndin Hadrut qəsəbəsinin turizm imkanları da geniş və çoxşaxəlidir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi – mədəni abidələr, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlardan faydalanma qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir. Böyük turizm potensialının mövcudluğu Hadruta qısa zamanda iqtisadi aktivliyi bərpa etmək imkanı verəcəkdir. Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı demişdir: “... Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. ... Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır”. 

 Sonda onu da qeyd edək ki, bölgədə son 30 ildə iki müharibənin baş verməsi, ermənilərin işğal boyunca yaşayış sahələrini, abidələri vəhşicəsinə dağıtması, xalqımızın başına gətirilən müsibətlər Qarabağda eyni zamanda dark turizmini inkişaf etdirməyə imkan verir. Belə ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin fikrincə, Ağdamda dağıdılmış binaların bəzilərini olduğu kimi saxlamaq lazımdır. Şəhərin müəyyən hissəsində belə dağıntıların olduğu bir kvartal saxlansa, bu, həm xarici turistlərin marağını cəlb edər, həm də gələcək nəsillər üçün bir xatırlatma olar. Dark turizm adından da göründüyü kimi qaranlıq, hüzn turizmidir. Bu turizmə maraq göstərənlər isə dark (qara) turist adlandırılır. Son illər turizm sektorunda baş verən dəyişikliklər alternativ turizm növlərinə olan marağı artırır. Dark turizm də gün keçdikcə, populyarlığı artan alternativ növlərdəndir. Tarixdə yaşanmış faciələr, baş vermiş müharibələrin yaratdığı çətinliklər, fəlakətlər dark turizmin konseptini təşkil edir. Agentliyin sədri, həmçinin bildirib ki, Qarabağın turizm potensialı və orada bu istiqamətdə aparılan işlər heyranlıq doğurur. Hazırda bu istiqamətdə aparılan işlər əminliklə deməyə imkan verir ki, çoxşaxəli turizm potensialı Qarabağın şöhrətini daha da artıracaq, tezliklə bu bölgə bütün dünyanın ən məşhur turizm mərkəzlərindən birinə çevriləcək.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

25 Noyabr 2021 04:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə