Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ustad memar, gözəl insan

Rasim Əliyev ilə ilk tanışlığım 1970-ci ildə olmuşdu. Mən Azərbaycan Politexnik İnstitutunun 4-cü kurs tələbəsiydim. Atam vəfat etmişdi. Anam problemlərimin öhdəsindən gəlsə də, dostlarımla gəzməyə çıxanda, özümə siqaret almaq üçün ondan pul istəməkdən utanırdım. Ona görə atamın dostu, o vaxt Bakı şəhərinin baş memarı vəzifəsində çalışan Hənifə müəllim Ələsgərovun yanına gedib işləmək arzumu bildirdim. Hənifə müəllim məni dəstəklədi, hətta səbəbini ona açıq deyərkən bir qədər kövrəldi də... 

O vaxt Rasim Əliyev onun müavini idi. Cavan idi və cavanlara qarşı da çox diqqətli idi. Yaş fərqimizə baxmayaraq mənimlə çox qayğıkeş, səmimi münasibət qurdu. Sonra mən bir müddət o idarədən uzaqlaşaraq Leninqradda (indiki Sankt-Peterburq) “Lenqiproqor” Layihə İnstitutunda şəhərsalma emalatxanasında çalışdım. Bakıya qayıtdıqdan sonra yenə də Hənifə müəllimin, Rasim müəllimin yanına qayıtdım. Məni çox yaxşı qarşıladılar və az bir zamanda şöbə müdüri vəzifəsinə təyin etdilər.

Rasim müəllimin novatorluğu, çevik düşüncəsi mənim bir mütəxəsis kimi formalaşmağında mühüm rol oynadı. Axşam vaxtlarında Rasim müəllim biz cavanları başına yığıb Bakının inkişafından söhbət açır, dünya şöhrətli memarlar haqqında danışır, xarici təcrübədən bizi məlumatlandırırdı.

Hənifə müəllim pensiyaya çıxandan sonra hamımız arxayın idik ki, baş memar vəzifəsinə Rasim müəllim təyin olunacaq. Bu vəzifəni icra etdiyinə baxmayaraq, nədənsə təsdiqi uzanırdı. Aylar keçirdi, biz həyacan keçirirdik. Özündən soruşanda çox təmkinlə cavab verirdi:

– Görünür, belə gərəkdir.

Amma biz görürdük ki, çox fikirli və qəmgindir. Axı, o bu idarəyə müavin vəzifəsinə hələ 1965-ci ildə Bakının baş memarı vəzifəsində Vadim Mikayloviç İvanov işləyərkən dəvət olunmuşdu.

Rasim müəllim onun haqqında hörmətlə danışardı. V.İvanov 1937 ildən 1967-ci ilə qədər Bakının baş memarı işləmiş və müasir Bakının şəhərsalma əsasları məhz o dövrdə qurulmuşdu.

Bir axşam Rasim müəllim Bakı Şəhər Partiya Komitəsindən qayıdıb ən yaxın əməkdaşlarını (biz 4 nəfər idik) yanına çağırdı. Üzü gülürdü.

– Məni təsdiqlədilər,- dedi.

Sevincimizin həddi-hüdudu yox idi.

– Nə edək? – soruşdu.

– Bu bizim birgə uğurumuzdur və bunu sizsiz qeyd etmək istəmirəm.

Axşam saat onun yarısıydı. Bu təntənəni “İnturist” mehmanxanasının məşhur restoranında qeyd etdik. Oradan çıxadan sonra şəhərin küçələri ilə gəzə-gəzə, Bakı haqqında düşüncələrimizi bölüşərək hərə öz evinə istiqamətləndi.

Rasim Əliyevin təşkilatçılığı, peşəsinə sadiqliyi, Bakıya olan tükənməz məhəbbəti bizim fəaliyyətimizin, uğurlarımızın əsasını təşkil edirdi.

Tez-tez Moskvada keçirilən konfranslara, plenumlara gedərdi. Bir neçə dəfə belə səfərlərdə mən də iştirak etmişdim.

Bir dəfə iş vaxtı Rasim müəllim daxili telefonla zəng vurdu:

– Kabinetimə gəl.

Qış idi.

Kabinetinə getdim.

– Təcili uçuruq Moskvaya, vacib tapşırıq var,- dedi.

– Gərək evə gedib yır-yığış edim.

– Vaxt yoxdur. Bu gecə qayıdacağıq. Heç nə gərək deyil.

Binə hava limanına 17 dəqiqəyə çatdıq. O illərin yolları kimin yadındadırsa, başa düşəcək ki, bu nə deməkdir. Əlbəttə, təyyarəyə son saniyələrdə çatdıq. Moskvada tapşırığı uğurla yerinə yetirib və Bakıya qayıtdıq.

Mən Rasim Əliyevdən çox şeylər öyrəndim. Düzgün sənəd hazırlamaq, nitqi düzgün qurmaq, insanlarla davranış, dövlət mövqeyi və əlbəttə, vəzifə borcuna diqqətlə, məsuliyyətlə yanaşmaq. Rasim müəllim bizi müdafiə etməyi də özünə borc bilirdi.

Azərbaycan dəmir yollarının rəhbəri respublikada nüfuzlu şəxslərdən idi. Bakı Sovetinin İcraiyyə Komitəsinə müraciət edib Keşlə dəmir yolunun qoruq zolağında işçiləri üçün kiçik tikililər aparmağa icazə istəmişdi.

Məktub mənim şöbəmə daxil oldu. Dərhal cavab hazırladıq ki, bu təhlükəsizlik baxımından düzgün deyil. Bakı Şəhər Soveti İcraiyyə Komitəsi (BŞSİK) sədrinin müavini adından rədd cavabı hazırladıq. O isə qorxub imza atmadı.

 

– Hələlik qoy qalıb. Sonra baxarıq, – dedi.

Məktub Nazirlər Sovetindən gəldiyinə görə nəzarətə alınmışdı və icra müddəti bir ay idi. Bir xeyli vaxt keçəndən sonra, gördüm vaxtı ötür, məktubu şöbəmin blankında çap edib, özüm imza atdım və göndərdim.

Bu, subordinasiya pozuntusu idi. Amma mən vəzifə borcumu yerinə yetirdim. Bir müddət keçədən sonra həmin o nüfuzlu məmur şikayət etdi ki, mənim məktubuma cavab verilməyib. Nazirlər Sovetindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsindən izahat tələb etdilər.

Gəlib çıxdılar mənim rəhbərlik etdiyim şöbəyə. Gördülər ki, əslində, cavab vaxtında verilib və düzgün verilib. Amma mən buna hüququm olmadan özüm qol çəkmişəm. Rasim müəllim məni çağırıb bir az acıqlandı ki, mən bunu gərək ona deyəydim.

İzah etdim ki, BŞSİK sədrinin müavini qol çəkmədi, Rasim müəllim o anda məzuniyyətdə idi, ona görə də özüm, öz blankımızda məktubu göndərdim.

O vaxt Rasim müəllim məni müdafiyə etdi və sübut etdi ki, mən bunu işin xətrinə və Bakının xeyrinə etmişəm. Məsələyə səhlənkar yanaşdığına görə BŞSİK sədrinin müavininə töhmət verdilər.

Keşlə dəmir yolunun qoruq zolağında isə icazə olmadan tikdilər və indi də bu problemi Bakı yaşamaqdadır.

1975-ci ildə mən layihə işləri ilə məşğul olmaq üçün layihə institutuna işə keçdim. Rasim müəllim buraxmırdı. Mənə öz müavini vəzifəsini belə söz verirdi. Lakin o vəzifədə artıq bir adam işləyirdi deyə, kiminsə işdən azad olunması yolu ilə vəzifə tutmağı özümə rəva görmədim.

Amma, əlaqəmiz kəsilmədi. Zəngləşirdik. Bir gün bizə qonaq gəldi. Anamla həyat yoldaşım bizə yaxşı Bakı düşbərəsi və qutabı hazırladılar. Gecə yarıdan keçmiş Rasim müəllim vidalaşanda etiraf etdi ki, bu yaşına qədər belə dadlı yemək yeməyib. Və sonralar da hər görüşümüzdə o axşamı yadına salırdı.

Üstündən illər keçdi. Bir gün eşitdim ki, Rasim Əliyev vəzifəsini tərk edib. 1988-ci il idi. Artıq ölkə siyasi sarsıntılar yaşayırdı. Qorbaçovun səriştəsiz siyasəti gülünc formalar alırdı.

Elan olundu ki, Bakının baş memarı vəzifəsinə Ümumittifaq müsabiqəsi elan olunub. Artıq nankor qonşularla münasibətlər kəskinləşirdi.

Mən zarafatla dedim:

– Birdən bu müsabiqəyə bir erməni namizədliyini verdi? Necə olacaq?

Müsabiqədə iştirak etməkdən imtina etdim. Baxmayaraq ki, mənə ciddi təkliflər olmuşdur. Hamı məni Rasim Əliyevin hazırladığı mütəxəssis kimi tanıyırdı.

Uzun- uzadı proseslərdən sonra, akademik Mikayıl Üseynovun təklifi ilə, məni bu vəzifəyə dəvət etdilər.

Təqdimat tədbirində, kollektivə müraciət edib dedim:

– Mən bu idarədən 14 il öncə ayrılmışam. Amma gördüm ki, kollektivin əsasını köhnə əməkdaşlar təşkil edir. Söz verirəm ki, heç kimi vəzifəsindən uzaqlaşdırmayacağam. Hamınızla işləyəcəyəm. Amma bir şərtim var. Biriniz gəlib Rasim müəllimin dalınca bir söz desəniz, vəzifənizi tərk edəcəksiniz.

Bu söhbət 1989-cu ilin dekabr ayının 4-də baş verib. Həmin axşam qapı açıldı və otağıma Rasim müəllim əlində bir dəstə gül və bir şüşə fransız konyakı daxil oldu.

Məni qucaqladı:

– Gülü Elmira xanıma apararsan, bunu isə,– konyakı göstərdi,– sənin və mənim qələbəmizi qeyd etmək üçün gətirmişəm.

O, mənim bu yüksək vəzifəyə layiq olduğumu söylədi. Müsabiqədə iştirak edən adamlar haqqında fikirlərini söylədi. Mənim müsabiqədə iştirak etmədiyimi düzgün addım kimi qiymətləndirdi. Bir neçə saat söhbətdən sonra onu evinə apardım.

1992-ci ildə Rasim müəllim valideyinlərinin hər ikisini itirdi. O vaxtlar ulu öndər Heydər Əliyev Naxçıvanda idi və hakimiyyət ona qarşı nəinki qısqanclıq edir, düşmənçilik mövqeyində idi. Buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Rauf Gülməmmədov və onun ətrafına toplaşanlar, bizim idarənin rəhbərliyi ulu öndərin yaxın qohumlarının dəfni ilə bağlı bütün işləri öz üzərimizə götürdük. Çünki, R. Gülməmmədov da, mən də, müavinim E. Əsədov da ilk növbədə akademik Həsən Əliyevin böyük alim olmasını, dahi Heydər Əliyevin böyük qardaşı olmasını və dostumuz ağsaqqalımız Rasim Əliyevi düşünürdük. Biz bilirdik ki, bundan ötrü başımız ağrıya bilər. Bilirdik, amma borcumuzu da unutmurduq.

Baş memar vəzifəsində işlədiyim dövrdə Rasim müəllim ilə mütəmadi görüşürdük. Hərdən axşam çağı özü gələrdi. Bilirdi ki, mən işdən axşam 11-dən tez getmirəm. Bəzən zəng vurub deyirdi:

– Sabah səhər yeməyinə bizə gəl. Dilşad xanım yaxşı süfrə açacaq.

2001-ci ildə vəzifəmi tərk edəndə, Rasim müəllim məni yanına çağırdı və dedi: İsdəyirəm Heydər Əliyevə müraciət edim ki, səni buraxmasınlar.

– Çox sağ olun, dedim, Bakının indiki rəhbərliyi ilə işləyə bilməyəcəyəm. Başqa bir yerə layiq görərsə, mən hazıram.

Lakin tale elə gətirdi ki, mən 2012-ci ildə gərək oldum. Buna baxmayaraq, biz daima əlaqədə idik. Hərdən zəng vurub danlayırdı:

– Gəlib getmirsən.

Narahat etmək istəmədiyimlə özümə bəraət qazandırırdım.

Memarlar İttifaqına seçiləndən sonra görüşlərimiz tez- tez olurdu. Böyük həvəslə tədbirlərimizə gəlirdi. Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universitenin professoru idi. Universitenin rektoru, professor Gülçöhrə xanım Məmmədova ona böyük hörmət bəsləyirdi. Rəhbərlik etdiyi kafedrada tələbələrə öz təcrübəsini və biliyini çatdırırdı.

Heç yadımdan çıxmaz. 85 illik yubileyində onun haqqında xoş, səmimi sözlər söyləyənlərin sırasında mən də var idim. Tədbirdən sonra mənə zəng vurub dedi:

– Bilirdim ki, mənə böyük hörmətin var. Amma o sözlərlə ki, sən bunu səsləndirdin, o sözləri bildiyini təsəvvür etmirdim. Düşünmürdüm ki, Azərbaycan dilini belə gözəl bilirsən. Allah atana, Ənvər müəllimə rəhmət eləsin. Onun böyüklüyünə layiqsən.

Son illər ağır xəstəlik keçirirdi. Arada zəng vururdum, evdəkilər deyirdilər halı yoxdur, danışa bilmir. Son ad günündə zəng vurdum. Yenə də danışa bilmədi. Dedilər kövrəlir. Amma sonradan özü zəng vurdu, təşəkkürünü bildirdi.

Zarafatyana dedi:

– Eşitmişəm Memarlar İttifaqı “Memarlıq və Şəhərsalma. Ensiklopedik lüğət” hazırlayıb. Mən orda varam?

– Yəni, ola bilərmi ki, olmayasınız, Rasim müəllim? Lüğəti tanınmış alim, elmlər doktoru Şəhla xanım Qəhramanova hazırlayıb, mən elmi redaktoruyam. İnşallah, çapdan çıxan kimi sizə hədiyyə edəcəyik. Orada haqqınızda geniş məlumat var. Şəkliniz də var. Ən çox xoşunuza gələn fotonuzdur.

“Memarlıq və Şəhərsalma. Ensiklopedik lüğət” çapdan çıxdı. Rasim müəllim haqqında məlumat və ən çox xoşuna gələn foto ilə.

Amma dəfnindən 3 gün sonra, həmin foto məzarı başında yerləşdirildi.

Azərbaycanın milli memarlığının təkrarolunmaz bir səhifəsi bağlandı.

Elbay QASIMZADƏ,

Azərbaycan Memarlar İttifaqının sədri

25 Noyabr 2021 09:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə