Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəfər yolçuları” Şamaxıda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi ordumuzun şanlı Qələbəsi ilə başa çatandan sonrakı bütün tədbirlərdə ilk növbədə şəhidlərimizi yada salır, onların xatirəsinə ehtiramı dilə gətirir. Bu isə təkcə qədirbilənlik nümunəsi deyil, həm də şəhid adının uca tutulması barədə ölkədəki bütün vəzifə sahiblərinə tövsiyə və tapşırıqlar verilməsidir. Fəxr edilməli faktdır ki, ölkənin bütün şəhər və kəndlərində, təşkilat və müəssisələrdə şəhidlərimiz böyük hörmət və ehtiramla anılırlar. Həmin ehtiram tədbirlərinin biri də Şamaxıda reallaşıb. Şamaxı

Mədəniyyət Mərkəzində, RİH-in və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə hazırlanmış “Zəfər yolçuları” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açılan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şamaxıdan olan şəhidlərimizin xatirəsinə həsr olunmuş kitabın təqdimat videoçarxı nümayiş olunub.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Natiq şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən geniş söhbət açıb, “Zəfər yolçuları” kitabının da bu istiqamətdə görülmüş işlərin bir hissəsi olduğunu vurğulayıb.

Sonra Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək istər Birinci, istərsə də, İkinci Qarabağ müharibələrində qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin hər bir azərbaycanlının ürəyində əbədi yaşayacağını bildirib onların cəsarət, qəhrəmanlıq simvolu olduqlarını, Vətən, millət qarşısında böyük işlər gördüklərini qeyd edib. Millət vəkili “Zəfər yolçuları” kitabının yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Tədbirdə Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhməd Mustafayev, kitabı nəşr edən şirkətin rəhbəri Vasif Qurbanzadə, şəhid valideynləri Güllü Babaşova, Rza Nəbiyev çıxış edərək, bu layihənin əhəmiyyətindən danışıb, qəhrəmanlarımızın gənclərə, gələcək nəsillərə tanıdılması üçün çox böyük qəhrəmanlıq toplusu olduğunu qeyd ediblər.

Çıxışlarda “Zəfər yolçuları” kitabında ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda bugünədək Şamaxı rayonundan olan 130 şəhid haqqında geniş məlumatların yer aldığı qeyd edilib, kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq bildirilib.

Sonda “Zəfər yolçuları” kitabı şəhid ailələrinə təqdim olunub.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

25 Noyabr 2021 03:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə