Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda quruculuq işləri əsas prioritetdir

Bu gün cənab İlham Əliyevin xidmətləri sayəsində Azərbaycan ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə regionun lideri səviyyəsinə yüksəlmişdir. Qarabağda 30 illik erməni işğalına son qoyulmuş, möhtəşəm Zəfər tarixi yazılmışdır və hazirda işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpaquruculuq işlərinin görülməsi qəlbimizi tükənməz qürur hissi ilə döyündürür. 

Hazırda Zəngəzur dəhlizinin açılması istiqamətində atılan siyasiiqtisadi əhəmiyyətli mühüm addımlar və bu yöndə əməli razılıqlara nail olunması dövlətimizin artan qüdrətinin göstəricisidir. Həmin layihədən həm qonşu dövlətlər bəhrələnəcək, həm də bu, böyük türk dünyasının quru yolu ilə birləşməsini təmin edəcəkdir. İşğaldan azad edilmiş rayonlarda görlən işlərin də miqyası günbəgün artmaqdadır. 

Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı Şuşa sürətlə dirçəldilir. Bu il avqustun 29-30-da növbəti dəfə Şuşada olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə orada bir sıra tədbirlər keçirilib və Şuşa şəhərinin baş planı təqdim olunub. Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub, həmçinin şairin öz evinin yerindəki büstü də yenidən ucaldılıb. Digər dahilərin abidələri bərpa olunub. Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılır. Artıq Şuşada bir sıra böyük mədəni-kütləvi tədbirlər keçirilib. Zəfər Günündə Topxana meşəsinin bərpasına start verilib və ağacəkmə aksiyası keçirilib. 

Ötən il noyabrın 20-də 73 faizi 27 il düşmən tapdağında qalmış Ağdam rayonu üçtərəfli bayanata əsasən, döyüşsüz Azərbaycana qaytarılmışdır. Erməni vandalizminin qurbanı olmuş və Qafqazın Xirosiması adlandırılan Ağdam İndi tamamilə yenidən qurulur. Təsdiq edilmiş Baş Plana əsasən Ağdamda quruculuq dövrü başlayıb.

Başlanğıcını Bərdə şəhərindən götürən 44,5 kilometrlik Bərdə-Ağdam avtomobil yolu çəkilir, yaşayış məhəllələri və məktəblər tikilir, Sənaye Parkı və park-meşə salınır. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Tarixi-mədəni irsimiz bərpa olunacaq. Çox çəkməz ki, Ağdamda həyat yenidən qaynayar. 

Tarixi ədalətin bərpasından sonra Şərqi Zəngəzur iqtisadi rayonun tərkibindəki rayonlardan olan Zəngilanda da həyat öz axarına qayıdır. Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı var. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları, koral və s. faydalı qazıntı ehtiyatları ilə zəngindir. Rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Azad edilən ərazilərdə yenidənqurma və tikinti-quruculuq işləri yaxın gələcəkdə Şərqi Zəngəzurun, o cümlədən Zəngilanın abad bir əraziyə çevriləcəyinin müjdəçisidir. Bu rayonun Ağalı kəndindən başlayan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri bir neçə yerdə start götürüb. Prezident İlham Əliyevin dediyi kimi, üzümüzə gələn ilin əvvəllərindən ən ümdə hədəfimizə - işğaldan azad edilən ərazilərə böyük qayıdışa başlanılacaq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərə səfər edərək, orada Azərbaycan bayrağını qaldırıb və bərpa-quruculuq, tikinti işlərinə rəsmi start verib. Hazırda rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda tunelin tikintisi həyata keçirilir. Qısa müddətdə işə salınan 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə rayonun işıqlı gələcəyindən xəbər verir.

Azadlığına qovuşmuş digər rayonlarımızda da hərtərəfli bərpaquruculuq tədbirləri reallaşdırılır. 

Bu yaxınlarda dövlət başçımızın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi həm onun Vətən müharibəsində böyük qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə, həm də türk birliyi naminə göstərdiyi fədakar səylərinə verilən yüksək qiymətdir.

Fərəhli haldır ki, işğaldan azad olunmuş ərazilərin bərpası 2022-ci ildə də əsas prioritet olaraq qalacaq. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr zamanı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam edir. Prezident İlham Əliyevin tapşırığından irəli gələn bu ümdə vəzifələrin növbəti ildə də davam etdirilməsi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. 

Əlbəttə, bütün bu bərpa və yenidənqurma quruculuq işlərinin siyasi mənası böyükdür. Dünya bizim necə qurucu və inkişafa meyilli, sülhpərvər xalq olduğumuzu görür. Siyasi analitiklər bizim barrikada tərəfdarı deyil, məhz dinc qonşuluq prinsipləri tərəfdarı kimi çıxış etdiyimizi təsdiqləyirlər. Bütün bunlar isə aparıcı regionda mövqelərimizi daha da möhkəmləndirir.

Seyfəddin ƏLİYEV, politoloq 

25 Noyabr 2021 03:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə