Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərhədlərin müəyyən edilməsi: demarkasiya və delimitasiya

Vətən müharibəsi Azərbaycan tarixinin ən önəmli hadisələrindən biridir. Qazandığımız qələbə təkcə qədim dövlətçilik tariximizin deyil, eləcə də dünya hərb tarixinin ən parlaq səhifələrindən biridir. Belə ki, II Qarabağ müharibəsindən bəhs edən, 44 gün ərzində davam edən döyüş əməliyyatlarını araşdıran hərbi və siyasi ekspertlər bildirirlər ki, indiyə qədər dünya təcrübəsində belə bir müharibəyə rast gəlinməyib. Birincisi, Azərbaycan Ordusu ay yarım vaxt ərzində düşmənin 30 ildə “qurub-yaratdığı” istehkamları məhv edib. Ordumuz əks-hücum əməliyyatları ilə başlasa da sonradan hücum edən, irəliləyən tərəf olmasına baxmayaraq, daha az itki verib. Bundan əlavə, coğrafi şərait, ərazidəki təbii müdafiə sədləri, bir sözlə, bütün imkanlar düşmənin lehinə idi. Lakin Silahlı Qüvvələrimiz istər müasir texnikalardan, xüsusən də PUA-lardan istifadə edərək, istərsə də əlbəyaxa döyüşlərdə düşmən üzərində həlledici qələbə qazandı. Beləliklə, Vətən müharibəsi tək bizim deyil, dünya hərb tarixinə XXI əsrin müharibəsi olaraq həkk olundu. 

II Qarabağ müharibəsi ilə 30 il davam edən həsrətimiz sona yetdi, torpaqlarımız işğaldan azad edildi. Məlum məsələdir ki, işğaldan azad edilən torpaqlar müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin yenidən müəyyən edilməsi məsələsini gündəliyə çıxardı. Beləliklə, sərhəd xətlərinin çəkilməsi, ümumiyyətlə sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqəli iki terminlə daha çox qarşılaşmağa başladıq: demarkasiya və delimitasiya. 

Bəzən mediada bu iki sözün eyni mənada istifadə edildiyinin, hətta bir-birini əvəz etdiyinin şahidi oluruq. Bəs əslində, demarkasiya və delimitasiya terminləri hansı mənanı ifadə edir?

Fərqlənmə prinsipləri kifayət qədər aydın olan bu iki termin müxtəlif dövrlərdə siyasətçilər və ya dövlət adamları bu sözlərdən yanlış şəkildə istifadə etmişdir.

Bununla belə, müəyyən şəraitdə demarkasiya və delimitasiya arasındakı fərq əhəmiyyətli dərəcədə önəmlidir. Sərhədlərin müəyyən edilməsi prosesi ilk növbədə, sadə prosedurla başlayır. Qonşu ölkələrin hökumətləri öz ümumi sərhədlərini prinsipcə müəyyən edir və bununla bağlı razılığa gəlinir. Daha sonra həmin ərazilər, sərhəd xətləri təfərrüatlı şəkildə tədqiq edilir və prosesin şəffaf idarə olunması üçün demarkasiya yolu ilə daha dəqiq uyğunlaşma quracaq birgə komissiya yaradılır. Demarkasiyanın fransız dilindən tərcümədə hərfi mənası ayırma deməkdir. Demarkasiya sözü bir neçə fərqli mənanı ifadə edir. Bunlardan biri müharibə edən dövlətlərin qoşunlarını həmin dövlətlər arasında müvəqqəti sülh və ya hansısa sazişlə daimi sərhədlər müəyyən edilənə qədər ayıran xətdir. Başqa bir mənası ilə demarkasiya xətti məğlubiyyətə uğrayan dövlətin ərazisini işğal zonalarına ayıran xətt deməkdir. Üçüncü və bizim üçün vacib olanın mənası isə qonşu dövlətlər arasında əvvəllər mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən sərhəd xətti deməkdir.

Birgə komissiyanın işi daha sonra beynəlxalq müqavilədə əks olunur və ona ətraflı sərhəd təsviri əlavə edilir. Bu təsvir əsasən sərhəd sütunlarının və ya xəritə vərəqlərinin uzun cədvəli şəklində olur. Tədqiqat işindən və komissarların razılığından asılı olaraq, demarkasiya proseduru başa çatdırılır. 

Delimitasiya isə dövlət sərhədlərinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyən edilməsi prosesidir. Dövlət sərhədləri sülh müqaviləsinin və ya xüsusi razılaşmanın önəmli bir hissəsini təşkil edir. Bu proses zamanı razılığa gələn tərəflər əvvəlcə hər hansısa bir iş aparılmadan sərhəd xətlərinin keçidlərini hazırlayırlar. Qeyd edək ki, bu, müqaviləyə müstəqil bir maddə olaraq da əlavə edilə bilər. 

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi sonuncu dəfə ötən əsrin 70-ci illərində aparılıb. SSRİ dövründə hazırlanan bu xəritələrin əsli Moskvada, surətləri isə Bakıda və İrəvanda saxlanılır. 

Xarici İşlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN Başçıları Şurasının 43-cü iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan dəfələrlə Ermənistanla münasibətlərin normallaşdırılması əzmində olduğunu ifadə edib. Bu mənada ən önəmli məsələlərdən biri də dövlət sərhədlərinin müəyyən edilməsidir. Nazir qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə sərhəd nəzarəti infrastrukturu yaradır: “Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən antiAzərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə Üçtərəfli Bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”.

Delimitasiya prosesinin yekunlaşması və dövlət sərhədlərinin dəqiqləşdirilməsi hər iki tərəf üçün də önəmli məsələlərdən biridir. Bununla həm də bölgə üzrə davamlı sülhü təmin etmək mümkündür. Proses başa çatdıqdan sonra infrastrukturun, eləcə də nəqliyyat və tranzit yollarının açılması, müəyyən edilməsi prosesi də sürətlənəcək. Ümid edirik ki, Ermənistan tərəfi tezliklə bu işin əhəmiyyətini qavrayacaq, demarkasiya və delimitasiya işlərinin başlamasına razılıq verəcək.

İmran ƏLİYEV, “Xalq qəzeti”

25 Noyabr 2021 03:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə