Ən son xəbərlər
Ekspo sərgilərinin ən böyük əhəmiyyəti onun biznesin təşviqi, ölkələrarası dialoqun inkişafı, mədəniyyətin təbliği, innovasiyaların təqdimatı və digər mövzularda geniş platforma yaratmasıdır.
“Bu baxımdan “Dubay Ekspo 2020” kimi beynəlxalq platformada Azərbaycan 6 ay ərzində iştirakçı ölkə kimi yerli özəl və dövlət qurumlarının təqdimatı ilə yararlana bilər. Bu məqsədlə müxtəlif sahələrdə innovativ layihələrin, ixrac potensialı olan məhsulların təqdimatı, biznes forumlar, turizm tədbirləri, ekoloji, mədəniyyət tədbirləri və investisiya imkanlarının təqdimatını əks etdirən tədbirlər keçirilir.
“Dubay Ekspo 2020” sərgisinin Azərbaycan milli pavilyonunda növbəti təqdimatı “Azərişıq” ASC tərəfindən “Fasiləsiz enerji təchizatı: gələcəyə baxış” mövzusunda keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Azərbaycanın müasir elektrik şəbəkə sistemi haqqında videomateriallar əsasında geniş məlumat verib. Onun təqdim etdiyi videotəqdimatda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının, “Şuşa” yarımstansiyasının və digər bölgələrdə ən müasir elektrik stansiyalarının açılışında Prezident İlham Əliyevin iştirakı əks olunub.
İ.İsazadə Azərbaycanın enerji şəbəkəsi sistemi barədə geniş təqdimat edib. O qeyd edib ki, müasir SCADA sistemi monitorinq və ya idarəetmə obyekti haqqında məlumat toplama, emal, nümayiş və arxivləşmə sistemlərinin real vaxt rejimində fəaliyyətini təmin edir. SCADA sistemi əməliyyat-texnoloji və situasiya idarəetmə proseslərini optimallaşdırmağa, istehsal xərclərini azaltmağa və qərar vermə səmərəliliyini artırmağa imkan verir. Bundan başqa, rəqəmsal yarımstansiya məlumatların rəqəmsal formatda ötürülməsinə əsaslanan monitorinq, mühafizə və idarəetmə sistemi olan aktiv-adaptiv (intellektual) elektrik şəbəkəsinin elementidir. Rəqəmsal yarımstansiya texnologiyası, yarımstansiyaların inşaat xərclərini, ölçülərini azaltmağa, etibarlılığını artırmağa və nəticədə xərcləri artırmadan istehlakçıya enerji tədarükünün keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Eyni zamanda, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyası tam təmin edilir, “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Şəbəkələrin dron-monitorinq sisteminin isə, xüsusilə, çətin gedilən ərazilərdə və fövqəladə hallarda istifadəsi elektrik şəbəkəsi qurğularının vəziyyəti haqqında operativ məlumat əldə etmək üçün optimal vasitələrdən biridir. Azərbaycanın elektrik enerjisi sistemində ilk dəfə olaraq, yarımstansiyada günəş enerjisi ilə çalışan fotovoltaik panellər quraşdırılıb. Günəş panelləri ilə toplanan enerji litim batareyalar vasitəsilə depolanaraq yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsində istifadə olunmaqdadır. Bununla qəza hallarında yarımstansiyanın daxili tələbatının təmin olunması mümkün olacaq. Daha bir yenilik bərpa olunan enerji mənbələri sahəsində Yeni Yaşma Külək stansiyasıdır. Belə ki, 50 MVt-lıq Yeni Yaşma KEP Qafqazın ən böyük Külək Elektrik Parkı olmaqla ekoloji baxımdan ən təmiz enerji istehsal edən elektrik stansiyasıdır. Buna görə də, bu stansiya digər elektrik stansiyaları ilə müqayisədə ölkəmizin enerji sənayesi üçün daha çox əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu günədək “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər keçirilib.
Həmçinin 2021-ci ilin oktyabr ayında ümumdünya sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi təşkil edilib, ölkəmizin aqro və qastro turizm imkanları təqdim olunub.
Yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edən bu beynəlxalq platforma çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi müxtəlif görüşlər keçirib.
Energetika Nazirliyi tərəfindən isə bu ay “Dubay Ekspo 2020” ümumdünya sərgisində bərpa olunan enerji sahəsinə dair konfrans təşkil olunub. Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə sərgidə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji potensialı, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqında məlumat verilib.
Oqtay BAYRAMOV, AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
Köhnə versiyamızdan xəbərləri izlə