Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Conson Yer kürəsinin xilası üçün vacib addımlar atmağa çağırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası tərəfdarlarının 26-cı konfransında (COR-26) iştirak edənləri planetimizin gələcəyinin asılı olduğu məsələlərlə bağlı kompromis əldə etmək üçün bütün imkanlardan istifadəyə çağırıb. Bu barədə hökumət başçısı dəftərxanasının yaydığı məlumatda deyilir.

 

Boris Conson bildirib: “Danışıq iştirak­çılarından ibarət komanda bu həlledici günlərdə iqlim dəyişikliyi ilə bağlı vədləri yerinə yetirmək üçün mümkün olan hər şeyi edir. Amma hələ çox iş görülməlidir. Mən də nazirlərlə və danışıq komandası ilə nə kimi tərəqqiyə nail olunduğu, harada mövqeləri yaxınlaşdırmaq lazım gəldiyi barədə söhbətlər aparıram”.

Baş nazir 2015-ci ildə iqlim məsələləri üzrə Paris sazişində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün tərəflərin imkan tapmalı olduğunu həddən artıq vacib hesab edib. Sazişdə əsrin axırına qədər temperaturun yer səthində 2 dərəcə, ən ideal şəraitdə isə 1,5 dərəcə selsidən yuxarı qalx­masının qarşısını almağın başlıca məqsəd ol­duğu qeyd edilib. Bunun üçün tərəflər sazişin 6-cı maddəsi çərçivəsində atmosferə istixana qazlarının atılmasını azaltmaqla bağlı bazar və qeyri-bazar yanaşma çərçivələrini dəqiq müəyyənləşdirməli və razılaşdırmalıdırlar.

Bununla yanaşı, danışıq aparanlar inki­şaf etmiş ölkələr tərəfindən ehtiyac duyan dövlətlərə onların yaşıl gündəliyə keçməsi üçün edəcəkləri ödənişlərin həcmi ilə bağlı da razılığa gəlməlidirlər.

Conson deyib: “Artıq ölkələr aralarındakı fikir ayrılıqlarını bir kənara qoymalı, planeti­miz və insanlarımız naminə birləşməlidirlər. Əgər biz 1,5 dərəcə məqsədinə çatmaq istəyiriksə, bütün vasitələrdən istifadə etməliyik”.

Qeyd edək ki, iqlim konfransı oktyabrın 31-də Qlazqoda öz işinə başlayıb və noyab­rın 12-də başa çatacaq. Tədbirdə təxminən 200 ölkədən nümayəndə heyətləri iştirak edir. Konvensiya tərəfdarları ötən illərdəki bir neçə uğursuz cəhddən sonra Paris sazişinin reallaşdırılması qaydalarını razılaşdırmağa çalışırlar.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

11 Noyabr 2021 00:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 May 2022 | 08:00
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə