Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keçən il şəmkirlilər xarici bazarda satdıqları məhsuldan 165 milyon manata yaxın gəlir əldə ediblər

 

 

Şəmkirdə yerli ixracatçılarla işgüzar forum keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, 14 saylı Ərazi Vergilər İdarəsinin, İqtisadiyyat Nazirliyi yanın­da İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərləri, DAİM, AQTA, “Azəriqaz” və digər təşkilatların regional nümayəndələri, kənd təsərrüfatı ixracatçıları iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev forumda çıxış edərək ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişafdan, o cümlədən innovativ sahib­karlığın inkişafının daha da genişləndirilməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirilməsindən və beləliklə də əlverişli işgüzar mühitin yaradılmasından danışmışdır.

İcra hakimiyyətinin başçı­sı demişdir: “Bu gün ölkədə fəaliyyət göstərən istilikxa­naların böyük hissəsi Şəmkir rayonunda yerləşir. Hazırda rayonda 1028 hektar sahədə istixana fəaliyyət göstərir. Bu mövsüm vaxtı 15 min nəfər işçi çalışır ki, onların da əsas hissəsini Şəmkirlə yanaşı, Gəncə şəhəri, Samux, Tovuz, Ağstafa, Göygöl və digər rayonlardan olan sakinlər təşkil edir.

Şəmkirdə istixana təsərrüfatı ilə məşğul olan sa­hibkarların sayı hazırda 4876 nəfərdir. Bunların da böyük əksəriyyəti öz məhsullarının ixracatçılarıdır. Rayondakı istixanalarda pomidor, xiyar, çiyələk, göyərti, gül, hətta müxtəlif meyvələr də yetişdi­rilir. İstixanalar fərqli qiymətə, fərqli modellərdə tikildiyindən, təbii ki, məhsuldarlıq da fərqli olur”.

Rəşad Tağıyev bildirmiş­dir ki, rayon istilikxanalarında əsasən pomidor yetişdirilir: “Ötən il rayonda 166 min 919 ton pomidor, 20 min 251 ton xiyar istehsal olunmuşdur ki, bu məhsulun da 104 min 970 tonu xarici bazarlara ixrac edilib. 2020-ci ildə xarici bazarlar üçün istehsal olunan məhsuldan 164 milyon 469 min manat gəlir əldə olunub”.

Forumda çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev Şəmkir rayonundan olan isteh­salçıların və ixracatçıların rahatlığının təmin olunması üçün müxtəlif sahələrdəki çətinliklərin aradan qal­dırılmasından, həmçinin yerli istehsala əsaslanan məhsulların ixrac potensialı­nın gücləndirilməsindən da­nışmış, fermerlərlə qarşılıqlı müzakirələr aparmışdır.

Rayonda ilk dəfə təşkil olunan işgüzar forumda Rusiyadan əlavə digər alternativ xarici bazarlarla da biznes əlaqələri qurmaq üçün faydalı müzakirələr aparılmış, ixracatçıların əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Tədbirdə sahibkarları ma­raqlandıran suallar cavablan­dırılmış, onların problemləri və təklifləri nəzərə alınmışdır.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

4 Noyabr 2021 00:21 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə