Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim Qlobal Enerji Mükafatına layiq görülüb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, professor Süleyman Allahverdiyev alternativ enerjinin inkişafındakı müstəsna xidmətlərinə, xüsusilə də süni fotosintez sistemi üçün dizayn, bioenerji və hidrogen enerjisi üzrə elmi əsərlərinə görə “Qeyri-ənənəvi enerji” üzrə Qlobal Enerji Mükafatının 2021-ci il laureatlarından biri kimi təltif edilib.

Science.gov.az sytının verdiyi məlumata görə, sözügedən mükafat bütün bəşəriyyətin mənafeyinə uyğun olaraq, Yer kürəsində enerji mənbələrinin daha çox səmərəliliyini və ekoloji təhlükəsizliyini təşviq edən enerji sahəsində görkəmli elmi tədqiqatlara və elmi-texniki layihələrə görə verilir. Mükafat elmi baxımdan enerji layihələrini stimullaşdırır və planetin enerji təchizatı, enerjiyə qənaət və enerji təhlükəsizliyi sektorlarında beynəlxalq əməkdaşlığın, dövlət və özəl investisiyaların əhəmiyyətini vurğulayır.

IREG Akademik Sıralama və Mükəmməllik Rəsədxanasının məlumatına əsasən, Qlobal Enerji Mükafatı ən nüfuzlu və əhəmiyyətli beynəlxalq mükafatlar arasında “Top 99”da yer alır. 2003-cü ildən indiyə kimi 15 ölkəni (Avstraliya, Avstriya, Kanada, Danimarka, Fransa, Yunanıstan, İslandiya, İtaliya, Yaponiya, Rusiya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və ABŞ) təmsil edən 45 tədqiqatçı Qlobal Enerji Mükafatı laureatı olub.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

27 Oktyabr 2021 12:38 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə