Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqton Türkiyə ilə fikir ayrılıqlarını dialoq yolu ilə nizamlayacaq

 

ABŞ Prezidenti Co Baydenin administrasiyası Türkiyə ilə ümumi prioritetlər əsasında əməkdaşlıq qurulması üzərində işləyir. Belə bir bəyanatla ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinq zamanı çıxış edib. Məlumatı “Anadolu” verib.

Onun sözlərinə görə, Vaşinqton özü­nün NATO üzrə müttəfiqi Türkiyə ilə fikir ayrılıqlarını dialoq yolu ilə nizamlamaq niyyətindədir: “Biz əminik ki, qabağa baxmaq və ümumi maraq kəsb edən sahələrdə əməkdaşlıq etmək ən yaxşı yoldur. Bilirik ki, bizim Türkiyə ilə çoxlu ümumi maraqlarımız var”.

ABŞ və digər ölkələrin Ankaradakı səfirliklərinin “Kavala işi” ilə bağ­lı məsələsinə toxunan Prays qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə ilə münasibətlərdə diplomatik əlaqələr haq­qında Vyana konvensiyasına sadiqdir.

Diplomat deyib ki, ölkəsinin Türkiyədəki səfiri Devid Satterfild öz postunda işləməkdə davam edir. ABŞ bundan sonra da bütün dünyada qanun­ların aliliyinə və insan haqlarına əməl edəcək.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin Osman Kavala ilə bağlı çağırış­dan sonra geri addım atdığını bildirib. Dövlət başçısı səfirlərin bir daha belə yanlışa yol verməyəcəklərinə inandı­ğını deyib: “Keçmişdə uzun müddət bu düşüncə ilə ölkəmizi yönləndirənlər Türkiyə artıq öz mövqeyini sərgiləyincə təşvişə düşdülər. Türkiyənin nəzakətini zəif cəhət olaraq görənlər, keçmişdəki vərdişlərinə dönənlər etdikləri yanlışlığı qəbul etmədikləri müddətdə cavablarını alacaqlar. Son zamanlar bəzi ölkələrin səfirliklərindən edilən açıqlamaları da eyni şəkildə qəbul edirik. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, hakimlərimizə, vəkillərimizə qarşı təhqirdir. Türk məhkəməsi heç kimdən təlimat almır, kimsənin əmri ilə oturub-durmur. Türkiyənin məqsədi böhran yaratmaq deyil, ölkənin şərəfini, qüruru­nu, heysiyyətini qorumaqdır. Dünyada ədalətsizliklər baş verərkən Türkiyəni dilinə dolayanların məqsədinin haqq-hüquq olduğuna bizi kimsə inandıra bilməz. Bu gün səfirliklərdən verilən açıqlama ilə səhvlərdən geri addım atıldı. Ölkəmizin müstəqilliyinə hörmət etməyən hər kəs titulundan asılı olma­yaraq bu ölkədə qala bilməz”.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya iş ada­mı Osman Kavalanın azad edilməsi ilə bağlı birgə bəyanat yaymışdılar. Dünən əvvəlcə ABŞ səfirliyi, daha sonra isə digər ölkələrin diplomatik nümayəndəlikləri geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmayacaq­larını bəyan ediblər.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 Oktyabr 2021 03:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə