Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin vədləri Qubadlı sakinlərinə böyük sevinc bəxş etdi

“Həqiqətən, bütün xalq müharibənin gedişində hər gün Ali Baş Komandanın verəcəyi xəbərlərə köklənmişdi. Oktyabrın 25-də Qubadlının azadlığa qovuşması hamıda yeni bir ovqat yaratdı. Çünki cənab Prezidentin Qubadlıya son səfəri zama­nı rayon nümayəndələri ilə görüşündə bildirdiyi kimi, həmin günün müharibənin gedişatında önəmli yeri oldu. Qubadlı azad olunandan sonra Laçın istiqamətində ordumuza yol açıldı və bir neçə gündən sonra ərənlərimiz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdilər”. Bu sözləri “Regional Hü­quqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Prezident İlham Əliyevin Qubadlıya səfəri ilə bağı fikir bildirərkən dedi. Sonra o, əlavə olaraq bunları bildirdi:

– Dövlət başçımız Qubadlı sakinləri ilə görüşdə müharibənin əvvəlki həmin günlərindən danışaraq dedi: “Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin tale­yi həll edilmişdi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.

Hər bir yaşayış məntəqəsinin azad edilməsi bizim üçün sevinc idi, qürur idi, həmçinin hər azadlığın özü tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Hamının nəzərləri hər axşam ekranlara dikilirdi. Prezidentin yeni sevindirici xəbəri ilə qanadlanıb uçurduq. Ancaq düşmənin nə vaxt təslim olacağı məlum deyildi. Cənab Prezident dəfələrlə çıxışla­rında, xalqa müraciətlərində və xarici jurnalistlərə müsahibələrdə bidirirdi ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik: “Bildiyiniz kimi, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər Gününü məhz 8 noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu”.

Arzu Bağırova dövlət başçısının Qubad­lı sakinləriylə görüşdəki söhbətinin necə səmimi olduğunu, bu azadlığın əldə olun­masında canlarını qurban verən şəhidləri də unutmadığını vurğuladı və dedi:

– Prezident görüşdə tarixi qələbədən danışarkən, “ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” – dedi. Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovun adını çəkdi. Onun ən istedadlı və cəsarətli hərbçilərimizdən biri olduğunu, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərdiyini xatırlatdı. Şükürün həlak olmasının xalqımız üçün böyük itki olduğu­nu vurğuladı: “Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm. O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir”.

Biz inanırıq ki, dövlət başçımız verdiyi bütün vədləri yerinə yetirir. Ona görə də əminik ki, işğaldan azad edilən bütün ərazilər kimi, Qubadlı şəhəri və kəndləri də yenidən qurulacaq. Çünki həmin görüşdə Qubadlı şəhərinin Baş planının hazırlandığı və yaxın aylarda təqdim ediləcəyi, həmçinin Qubadlı ictimaiyyətinə məlumat veriləcəyi səsləndirildi. Həmin gün Qubadlıda yeni yarımstansiya, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı qeyd edildi. Eyni zamanda, Xanlıq – Qubadlı yolunun təməli qoyuldu.

...Qubadlı da bərpa olunacaq, orada əvvəlkindən də gözəl evlər tikiləcək, oranın sakinləri doğma yurdlarına dönəcək. Çünki xalqı­mızın bu öhdəlikləri üzərinə götürən, vəd verən, mərd Prezidenti var. Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyi sözlər hər kəsin ürəyində bir işıq yandırdı, qəlbini nura boyadı: “Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürək ağrısı ilə işğal günündə yı­ğışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik”.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

27 Oktyabr 2021 09:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə