Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı əməliyyatı – 44 günlük Vətən müharibəsinin şanlı səhifəsi

Silahlı qüvvələrimiz uğurlu hərbi əməliyyatlarını davam və inkişaf etdirərək, 2020-ci ilin sentyabrın 27-də başlanan tarixi əks-hücumun 27-ci günü – oktyabrın 23-də Qubadlıya daxil olaraq, rayon ərazisini Ermənistan silahlı qüvvələrindən təmizləməyə başladı. Həmin gün Qubadlının Zilanlı, Kürdmahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğalçı tapdağından azad edildi.

Vətən müharibəsinin 29-cu günü – oktyabrın 25-də isə müzəffər silahlı qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev özünün “twitter” hesabından və televiziya çıxışında elan etdi. O həyəcanlı günləri yaxşı xatırlayırıq. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, televiziya ilə xalqa müraciətləri ən yeni dövr tariximizin unudulmaz qızıl səhifələridir! Qubadlı rayonunun tam azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad edildikdən sonra sıranın Qubadlıda olduğu aydın idi. Lakin o da aydın idi ki, Ermənistan Silahlı Qüvvələri Qubadlı şəhərində güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Belə bir gerçəklik qarşısında Qubadlı əməliyyatı, hərbçilərimizdən, ilk sırada fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi. Azərbaycan Silahlı Qüvvələrinin bütün mənsubları bu fədakarlığı, peşəkarlığı yüksək səviyyədə nümayiş etdirdi. Və nəhayət, oktyabrın 25-də şanlı silahlı qüvvələrimiz Qubadlı şəhərini düşməndən təmizləyib, bu barədə Ali Baş Komandana raport verdi!

Qırx dörd günlük müharibə başa çatdıqdan sonra cənab Prezident bir sıra mühüm dövlət təltifləri barədə sərəncam imzaladı. Prezidentin təşəbbüsü ilə noyabrın 26-da təsis olunmuş yeni dövlət təltiflərindən biri də “Qubadlının azad olunmasına görə” medalıdır. Bu medal Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza Azərbaycan Prezidentinin sərəncamı ilə verilir. Bu medalla Silahlı Qüvvələrimizin 15189 hərbi qulluqçusu təltif olunub.

Haşiyə: Qubadlı ərazisində bir çox qala, türbə, körpü və digər maddi mədəniyyət nümunələri, abidələr olub. Onların bir çoxu işğal illərində dağıdılıb, zərər görüb, yaxud, erməniləşdirilməsinə, özgələşdirilməsinə cəhd olunub. Erməni vandalizmi Qubadlıdan da yan keçməyib. Qubadlı ərazisində tarixə yoldaşlıq etmiş, qoruq, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcud olub. Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində “Qalalı” qalası, Xocamisaxlı kəndində Qala və digərləri rayon işğal olunana qədər qalırdı. Xocamisaxlı kəndinin qədim adı Qalacıq olub. Qubadlı ərazisində tarixin müxtəlif dövrlərində tikilmiş türbələr öz gözəlliyi ilə seçilib. Balahəsənli kəndindəki “Cicimli” ocağı, Dəmirçilər kəndindəki türbə, Gürcülü kəndindəki “İmamzadə”, Yazıdüzündəki Cavanşir türbəsi və başqaları buna misaldır.

Ərazisindən iki bolsulu çay axan Qubadlıda çaylar üzərindən körpülərin salınması zamanın tələbi, təbiətin “sifariş”i olub. Rayon ərazisində üç qədim körpü olub. Körpülərdən ən qədiminin Qarakişilər kəndindəki “Sınıq körpü” olduğu bilinir. Digər iki körpü – Azərbaycan Mədəniyyət Nazirliyi tərəfındən qeydə alınmış Laləzar və Hacı Bədəl körpüsü bir qədər sonrakı dönəmə aiddir. Maraqlı arxitekturası olan Laləzar (1867) və Hacı Bədəl körpüləri XIX əsrə aiddir. Hər iki körpü rayon işğal olunana qədər öz funksiyasını gərəyincə yerinə yetirirdi. “İşğal olunanadək” deyirik, çünki erməni işğalçılarının ayağı hara dəyibsə, orada mədəniyyət, insanlıq qeybə çəkilib... Körpü mədəniyyət deməkdir, körpü xeyirxahlıq deməkdir – ermənilər üçün isə bunlar yad anlayışlar olub...

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsinin zəfərimizi daha da yaxınlaşdırdığı öz təsdiqini tapmış hadisədir. Bəli, Qubadlı azad olunub, bu mübarək gündən bir il ötür. Ancaq Qubadlının işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərəri bərpa etmək çox vaxt alacaq. Bir sıra itkilərin yerini doldurmaqsa, sadəcə, mümkünsüzdür... Ermənistanın işğalı zaman Qubadlının 94 yaşayış məntəqəsi, 7 min 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4 min 830 kilometr elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Ermənistan Qubadlı rayonunun Xanlıq qəsəbəsində qanunsuz məskunlaşma aparmışdı. Livandan və digər xarici ölkələrdən gətirilən haylar burada qanunsuz yollarla yerləşdirilmişdi. Bu özü bir müharibə cinayətdir. Hər kəs bilir ki, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma aparmaq cinayətdir – işğalın nəticələrindən sui-istifadə halıdır.

Maddi ziyanlar aradan qaldırılacaq, əlbəttə. Bəs 27 illik işğalın mənəvi ziyanlarını tezliklə aradan qaldırmaq necə, mümkün olacaqmı? İşğalçı ölkə bunun üçün nə öhdəliklər götürür, necə etiraflarda bulunur? Hələki etiraf və öhdəlik yerinə revanşist çağırışlar daha çox eşidilir ki, bunun da, ilk növbədə, (adı üstündə “uğursuz dövlət” olan) Ermənistana ziyanı olacaq. Azərbaycan “dəmir yumruğu” yerindədir! Gərək Ermənistanda bunu unutmasınlar.

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

27 Oktyabr 2021 09:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə